Cəbhəçilərin Sabirabad səfəri

Sabirabadda cəhalət hökm sürür; ən pisi isə cəhalətin dövlət orqanlarında hökmranlığıdır

AXCP bazar gününə Sabirabad və Saatlı rayonlarına müşavirə təyin etmişdi. Artıq ənənə halını alan müşavirəyə Bakıdan da nümayəndələrin qatılacağından duyuq düşən yerli hakimiyyət bir gün öncədən təşfişdə idi. AXCP Sabirabad şöbəsinə icra hakimiyyətindən bildirilmişdi ki, “onlardan icazə alınmadığı üçün tədbirə imkan verilməyəcək”. Daha sonra Sabirabaddakı qərargahın sənədlərinin qanunsuz olduğunu əsas gətirərək, cəbhəçiləri təhdid etdilər.

Aşurada toy edən rəhbərin “fərasəti”

Şənbə günü gecə saat 10-da vəziyyət gərginləşdi. AXCP-nin Sabirabad rayon şöbəsinin sədri Səttar Şahlarov polis idarəsinə çağırıldı. Şahlarovun məhz icra başçısının müavini Ilham Əsgərovun təşəbbüsü ilə çağırıldığı bəlli idi.
Əhalisinin əksəriyyəti inanclı olan rayonda Əsgərova xüsusi antipatiya var; o, vaxtilə kommunist olduğunu sübut etmək üçün Aşura Günü özünə toy etdirib. Ilham müəllim cəmiyyətlə olduğu kimi, siyasi partiyalarla da daim konfliktdədir…

Polisdə çay içmək istəyirsənsə, iclas təyin et

Gecə saat 2-də Şahlarovun hələ də polisdən buraxılmadığını eşidib ora zəng etdik. Bildirdilər ki, heç bir problem yoxdur, onlar Səttar Şahlarovu çay içməyə dəvət ediblər. Zəngdən sonra “çay dəstgahı” bitdi, Şahlarovu azad buraxdılar…
Bazar günü səhər üç nəfər – AXCP Ali Məclisinin sədri Həsən Kərimov, partiyanın Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və mətbuat xidmətinin rəhbəri Natiq Ədilov Sabirabada yola düşəndə artıq xəbər gəldi ki, Şahlarovu və şöbənin funksioneri Sahib Rüstəmlini yenidən polisə aparıblar. Qərargahın önünü polislərin kəsdiyi də gələn xəbərlər arasında idi. Cəbhəçilər isə tədbiri keçirməkdə israrlı idi…

“5 dəqiqəlik” həbs

Artıq aydın olur ki, polis saxladığı iki yerli cəbhəçini buraxmaq fikrində deyil, buna baxmayaraq, müşavirə başladı.
Həsən Kərimov ölkədəki ictimai-siyasi durum, partiyanın hədəfləri, prezident seçkiləri, Ictimai Palatanın missiyası barədə ətraflı çıxış etdi. Dəyişiklik üçün cəbhəçilərin daha səfərbər olmasının vacibliyini qeyd etdi.
Qapı döyülür, mülki geyimli polislər Həsən Kərimovdan “5 dəqiqə” danışıq üçün bayıra çıxmağı xahiş edirlər. “5 dəqiqə” bitmir…

Soyuq otaqda isti müzakirələr

Həsən bəyin gedişindən sonra Əbülfəz Qurbanlı təşkilati məsələlər, partiyanın gənclər siyasəti haqda danışdı. Əyalət cəhbəçiləri də təşkilati məsələlər, həmçinin çatışmazlıqlar barədə fikirlərini bölüşürlər.
Müzakirələrin gedişinə tez-tez polis müdaxilə edir, iclası bitirmək tələb olunur. Konflikt yaratmamaqdan ötrü cəbhəçilər “bu günlük bəsdir” deyib, iclası bitirdi.

Polis təpik atır

Dramatik hadisələr isə bundan sonra başlayır. Qərargah önündə cəbhəçilər xatirə fotosu çəkdirərkən mülki geyimli polislərdən biri kobud və təhqiramiz formada çəkilişə mane olur: “Ictimai bina qarşısıdna foto çəkmək olmaz”.
“Olar-olmaz” müzakirəsi polislərin zorakılığı ilə nəticələndi. Polislər Bakıdan gələnlərə – Natiq Ədilov və Əbülfəz Qurbanlıya qarşı xüsusi qəddarlıq etdilər. Təpik, yumruq, dəyənək… Polislərdən biri hətta “saqqallı uşaq” kimi yerdən palçıq götürüb cəbhəçilərin üstünə sürtüb. “Kamera əlimizdən alındı, o, bizə qaytarılanda isə içi artıq ”təmizlənmişdi”. Bir saatadək bizi idarədə saxladılar. Idarədə bizi günahkar çıxardılar ki, icazə verilməyən tədbirdə iştirak etmişik, polisin fotosunu çəkmişik… Polis idarəsində bizi inandırmaq istədilər ki, kobudluq edən polis əməkdaşları cəzalandırılacaq. Guya, onların belə hərəkət etməsinə səbəb ağır həyat tərzi sürmələri, bir qədər də savadsızlıqlarıdır. Buna isə inanmaq mümkün deyil”, – deyə Natiq Ədilov bildirib.
Həmin ərəfədə AXCP Saatlı rayon şöbəsinin sədri Şamil Hacıbəyli məlumat əldə edib ki, Saatlıdakı müşavirədə Həsən Kərimova qarşı xüsusi təxribat barədə hakimiyyətin planı var. Buna görə Saatlı müşavirəsi təxirə salınıb.

Hikmət