İbrahim Musayev: «Mənə Turac Zeynalovun ailə üzvünü öldürməyi tapşırmışdılar»
Ibrahim Musayev adlı şəxs “Turan”a telefonla sensasiya doğuran etiraflar edib. Musayev ona 2011-ci ildə Naxçıvan MTN-də işgəncədən ölən Naxçıvan sakini Turac Zeynalovun ailəsinin etibarını qazanmaq tapşırıldığını iddia edir.
Musayev ailə üzvlərini narkotiklə bağlı qanunsuz əməliyyatlara cəlb etməli və onları nüfuzdan salmalı idi.
Bu şantajın məqsədi MTN-in ailəni hüquq müdafiə təşkilatlarına Turac Zeynalovun qətli ilə bağlı şikayətlərini geri almağa məcbur etmək cəhdi idi.
Musayevə tapşırığın yerinə yetirildiyi müddət üçün MTN əməkdaşının saxta vəsiqəsi verilib. Birinci tapşırıq yerinə yetirildikdən sonra ona Zeynalovun ailə üzvünü öldürmək tapşırılıb. “Mən bunu edə bilməzdim və həyat yoldaşımla birlikdə Naxçıvandan qaçmağı qərara aldım. Bu qərara ona görə gəldim ki, mənə MTN əməkdaşının saxta sənədlərinin verildiyini bilirdim. Bu o demək idi ki, mənim özümü aradan qaldıra və işi narkotik alverçilərinin kriminal hesablaşması kimi təqdim edə bilərdilər”, deyə Musayev bildirib.
O qeyd edib ki, Rusiya şəhərlərindən birində gizlənir və həbs ediləcəyindən və Azərbaycan hakimiyyətinə təhvil veriləcəyindən ehtiyatlanır.
“Buna görə beynəlxalq hüquq müdafiə təşkilatlarına müraciət etdim və onlardan təhlükəsizliyimi təmin etməyi xahiş edirəm”, deyə Musayev bildirib.
Qeyd edək ki, Musayevin sözlərini sentyabrın sonlarında Turac Zeynalovun həyat yoldaşından Turan agentliyinə daxil olmuş məktub da dolayısıyla təsdiq edir. Zeynalovun həyat yoldaşı internetdən ona istinad edilən bütün məlumatları yığışdırmağı tələb edirdi, “heç bir şikayəti olmadığını və artıq siyasətlə məşğul olmaq istəmədiyini” bildirirdi.