Azərbaycan daha bir qara siyahıda

“Bütün dünyada həbsdə olan jurnalistlərin sayı 2012-ci ildə rekord səviyyəyə qalxıb”.
Bu barədə “Committee to Protect Journalists” təşkilatının bu gün yaydığı bəyanatda deyilir. Bəyanatda dekabrın birinə olan göstəricilərə əsasən, həbsxanada olan jurnalistlərin sayının 232 olduğu göstərilir. Bu isə ötən ilki göstəricilərdən 53 nəfər çoxdur.
Dünya ölkələri arasında ən pis nəticə isə Türkiyədə (49) qeydə alınıb. Rekord göstəricilərin qeydə alındığı ölkələrə İran (45), Çin (32). Eritreya (28) və Suriya (15) da daxildir..
Komitənin bəyanatında qeyd olunur ki, bütün dünya üzrə 63 jurnalist dövlət ittihamı olmadan həbsdə saxlanılırlar.
Jurnalistlərin həbsinə görə ən pis nəticənin qeydə alındığı ölkələrin ilk onluğunu Vyetnam, Azərbaycan, Efiopiya, Özbəkistan və Səudiyyə Ərəbistanı tamamlayır.
Bu ölkələrdən ikisində – Azərbaycan və Özbəkistanda hakimiyyətin tənqidçi jurnalist və redaktorların həbsi üçün narkotik saxlanması və dələduzluq ittihamlarından istifadə etdiyi qeyd olunur: “Hakimiyyət ən azı doqquz jurnalisti xuliqanlıq, narkotik saxlanılması, şantaj daxil olmaqla müxtəlif cəza ittihamları ilə həbsxanaya atıb. CPJ belə bir qənaətə gəlir ki, göstərilən ittihamlar jurnalistlərin peşəkar fəaliyyətləri üçün onlardan qisas almaq məqsədilə uydurulub”.
Bəyanatda göstərilir ki, Azərbaycan mətbuata “həbs cəzası” kəsən ölkələrin ilk yeddiliyindədi. Belə ki, Bakıda qeyd olunan iki genişmiqyaslı beynəlxalq tədbir – “Eurovision-2012” və İnternetin İdarə Olunması üzrə Beynəlxalq Forum zamanı ölkə daxilindəki dissidentlərə qarşı sərt davranıldığı bildirilir (qafqazinfo).