Hər bir ölkənin xüsusi xidmət orqanlarının peşəkarlığı, ayıqlığı dövlətin əsas diqqət yetirməli olduğu sahələrdən biridir. Müstəqilliyimizin qazanılmasından sonra uzun illər ölkəmizin milli təhlükəsizlik orqanlarına rəhbərlik etmiş Namiq Abbasov bu işin öhdəsindən yüksək peşəkarlıqla gəlib. Ötən illər ərzində Azərbaycanda planlaşdırılan bir çox təxribatların qarşısı alınıb.
Ancaq Namiq Abbasovun Eldar Mahmudovla əvəzlənməsindən sonra Milli Təhlükəsizlik Nazirliyi öz hədəflərindən çıxmağa başlayıb.
Eldar Mahmudovun dövründə “Qara Kəmər” əməliyyat çıxmaq şərtiylə MTN demək olar ki, polis funksiyasını yerinə yetirməklə məşğul olub.
Namiq Abbasovun yola salınmasından sonra milli təhlükəsizlik orqanlarında çalışan peşəkar şəxslər bu qurumdan sürətlə uzaqlaşdırıldı. Onların yerinə vaxtilə Eldar Mahmudovla polis orqanlarında birlikdə çalışmış, keçmişi ləkəli olan zabitlər gətirildi. Bununla da Azərbaycanın milli təhlükəsizliyinin qorunması ciddi suallara səbəb oldu. Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətindən danışarkən, daha çox Anti-Terror Mərkəzinin fəaliyyəti göz qabağına gəlir. Adından da göründüyü kimi Anti-Terror Mərkəzi terrorçuluqla mübarizə ilə məşğul olmalıdır. Amma Azərbaycan cəmiyyətində bu mərkəzin adı müxalifətçiləri izləmək, onlara qarşı qurama ittihamlar yaratmaq, biznesmenləri oğurlamaqdan ibarətdir.
Vaxtilə, Azadlıq qəzetinin tanınmış yazarı Aqil Xəlil də Anti Terror Mərkəzinin hədəfində olub. Jurnalistin sonradan apardığı araşdırmalar nəticəsində bu mərkəzin fəaliyyəti haqqında çox faktların üstü açıldı. Məlum oldu ki, Anti Terror Mərkəzi əslində bir terror mərkəzidir.
Çünki,jurnalistlərə, siyasi fəallara qarşı törədilən bütün cinayətlərin izi bu mərkəzə gedib çıxır. Təəssüflər olsun ki, ölkənin prokurorluq orqanları da hüdudsuz səlahiyyətlərə malik olan bu qurumun qanunsuzluqlarına göz yumur. Əsas fəaliyyətini siyasi fəalların sıradan çıxarılmasına və iş adamlarının əmlaklarını ələ keçirməyə yönəldən bu nazirliyin fəaliyyətində ciddi dönüş olmasa, Azərbaycana düşmən olan ölkələr məkrli planlarını asanlıqla həyata keçirəcək.
(Moderator.az) Pərviz Həşimli