Müsavat başqanı görüşə vahid namizəd məsələ ilə bağlı müzakirələrə görə qatılmayıbmış
Müsavat Partiyasının başqanı İsa Qəmbərin müxalifət liderlərinin “Asiman” restoranında keçirilən görüşündə iştirak etməməsinə partiyadan aydınlıq gətirib. Partiyanın başqan müavini Gülağa Aslanlı Modern.az-a açıqlamasında bildirib ki, İ.Qəmbər bu görüşə vahid namizəd məsələ ilə bağlı müzakirələrə görə qatılmayıb.
“İsa Qəmbər bu haqda öz fikrini bildirib. Başqanın sözlərinə görə, onu dəvət edəndə deyiblər ki, müxalifətin vahid namizəd məsələsi müzakirə olunacaq. İsa bəy isə vahid namizədin müəyyən olunması istiqamətində danışıqların vaxtının yetişmədiyini bildirib”,- deyə partiya funksioneri qeyd edib.
Qeyd edək ki, paytaxtdakı “Asiman” restoranında keçirilən görüşdə ADP sədri Sərdar Cəlaloğlu AXCP sədri Əli Kərimli, Ümid partiyasının rəhbəri İqbal Ağazadə, ALP sədri Əvəz Temirxan, VİP sədri Əli Əliyev, AMİP sədri Yusif Bağırzadə, KXCP sədri Mirmahud Mirəlioğlu və Ziyalılar Forumunun üzvü Rafiq Əliyev iştirak ediblər.
Onu da xatırladaq ki, bu görüş barədə məlumat verən “Yeni Müsavat” qəzeti İsa Qəmbərin ora dəvət olunmadığını yazmışdı və bunu Müsavata münasibətdə separatçılıq kimi qələmə vermişdi.


