PA rəhbəri yaxın ətrafının onu tək qoyacağından ehtiyatlanaraq hərəkətə keçib
Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev komandasının parçalanmasından ehtiyat edərək gözlənilən təhlükənin qarşısını almaq üçün ciddi fəaliyyətə başlayıb. Bu barədə qəzetimizə məlumat hakimiyyətiçi mənbələrdən daxil olub. Bildirilir ki, Gülər Əhmədova ilə bağlı qalmaqallı videonun yayılması, Elşad Abdullayevin açıqlamaları, administrasiya rəhbərinə müavinlərin təyin edilməsi, onun komandasında ciddi narahatçılığa səbəb olub.
Ramiz Mehdiyevin ətrafı bu olayların təsadüfi olmadığını, PA rəhbərinin “vurulması”na hazırlıq görülməsi kimi dəyərləndirir. Administrasiya rəhbərinin Elşad Abdullayev məsələsində həssaslıq nümayiş etdirməsi yaxın ətrafında şübhələri bir qədər də artırıb. Məsələ burasındadır ki, indiyə qədər Ramiz Mehdiyevin ünvanına yüzlərlə ittiham səsləndirilib. Lakin o, bu ittihamlara cavab verməyib. PA rəhbərinin komandası düşünür ki, o, hakimiyyətdəki gücünə arxayın olaraq barəsində səsləndirilən ittihamları cavablandırmağı əhəmiyyətsiz hesab edib. Indisə tam əksi baş verir. Elşad Abdullayev Ramiz Mehdiyevi artıq ikinci dəfədir ki, açıqlama verməyə məcbur edir. Komandası düşünür ki, Ramiz Mehdiyevin izahatları onun hakimiyyətdəki mövqelərinin zəifləməsindən irəli gəlir. Əks təqdirdə o, bu məsələyə reaksiya verməzdi. Məlumatlarda deyilir ki, Ramiz Mehdiyev də komandasının təşviş içində olmasından xəbərdardır. Administrasiya rəhbəri yaxşı anlayır ki, komandasının üzvləri onun hakimiyyətdəki nüfuzuna görə başına toplaşıblar və bu möhkəm təməli olan birlik deyil. Azacıq büdrəmə bəs edir ki, komanda parçalansın. Bu baxımdan Ramiz Mehdiyev qabaqlayıcı tədbir kimi son olayların onun üçün əhəmiyyətsiz olduğunu, mövqelərinin nəinki zəiflədiyini, əksinə bir qədər də güclənməsi barədə həm komandasında, həm də ictimaiyyətdə təəssürat yaratmağa çalışır. Bu məqsədlə dövriyyəyə müxtəlif məlumatlar buraxılır. Xüsusilə PA-dakı son təyinatlar onun və rəhbərlik etdiyi Naxçıvan qruplaşmasının güclənməsi kimi dəyərləndirilir. Bu iddia müavinlərin əsasən naxçıvanlı olması ilə arqumentləşdirilir. Halbuki müavinlərin naxçıvanlı olması onların Ramiz Mehdiyevin rəhbərlik etdiyi Naxçıvan qruplaşmasına daxil olması anlamına gəlməməlidir. Bu şəxslərin hakimiyyətdəki qruplara daxil olması barədə mətbuatda kifayət qədər yazılıb, özü də tutarlı faktlarla.
Azad