Ramiz Mehdiyevi “vurmaq” kimlərə lazımdır?

PA rəhbərinin açıqlaması ilə bağlı müxtəlif mülahizələr yayılıb

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev sabiq deputat Gülər Əhmədova ilə bağlı video yayandan Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev bu məsələdə adının hallandırılmasını özünə qarşı düşünülmüş təxribat kimi qiymətləndirmişdi.
Ramiz Mehdiyev adının hallandığı Elşad Abdullayevin son müraciətinə cavabında isə bu fikrini bir qədər də genişləndirib: “Onun cəfəng, böhtan, uydurma bəyanatları görünür, kiməsə lazımdır və onun özünü də bir alət kimi istifadə edirlər”.
Ramiz Mehdiyevin söylədikləri doğrudursa, o zaman sual yaranır: Indiki məqamda kimlərə PA rəhbərini “vurmaq” lazımdır? Ramiz Mehdiyev kimləri, hansı qüvvələri nəzərdə tuta bilər? PA rəhbərinin bu məsələdə böyük güclərin maraqlı olduğuna işarə vurması inandırıcı deyil. Qərbə Ramiz Mehdiyevi “vurmaq” yox, Azərbaycanda demokratik dəyişikliklərə nail olmaq lazımdır. Demokratikləşmənin yolu isə yalnız PA rəhbərini sıradan çıxarmaqdan keçmir. Bütövlükdə mövcud rejim dəyişməlidir. Rusiyanın da Ramiz Mehdiyevlə hər hansı probleminin olması ağlabatan görünmür. Çünki Azərbaycan hakimiyyətində Kremlin əsas dayaqlarından biri elə PA rəhbəridir. Azərbaycanda dəyişiklik istəyən siyasi müxalifət də yalnız Ramiz Mehdiyevin üzərində fokuslaşmayıb. Deməli, PA rəhbərinə qarşı hücumun kökünü  hakimiyyətin özündə axtarmaq lazımdır. Hakimiyyət daxilində Ramiz Mehdiyevə qarşı qüvvələrin olması barədə məlumatlar çoxdandır ki, mətbuat səhifələrini bəzəyib. Təkzib olunmayan bu xəbərlərə görə, PA rəhbərinin əsas rəqibləri Paşayevlər qruplaşması, Naxçıvan klanın Kəmaləddin Heydərov qanadı və Qərbi Azərbaycanlı qruplaşmasıdır. Ona görə də ehtimal etmək olar ki, Ramiz Mehdiyev məhz bu qrupları nəzərdə tutaraq  fikirləri dilə gətirib.

Namiq