Heydər Əliyev öz oğlunu bu proseslərdən minlərlə kilometr kənarda saxlayırdı…
İsa Sadıqov
Bir müddət sonra 1993-94-cü illərdə təşkil edilmiş məşhur “qış əməliyyatı”nın ildönümüdür. “Azadlıq” qəzetində həmin illərin olayları ilə bağlı yazdıqlarıma əlavə olaraq, bu məşhur, eyni zamanda, ağır məğlubiyyətlə yadda qalan hərbi əməliyyatları təsvir etmək zəruridir. Üstündən 20 il keçəndən sonra da olsa, adamlar orada nə baş verdiyini təfsilatı ilə bilməli və həmin məğlubiyyətin səbəblərini, səbəbkarlarını tanımalıdırlar.
***
Bu yazıda dəfələrlə vurğulamışam ki, müharibə aparan millətin, toplumun və ordunun mənəvi-psixoloji göstəriciləri olduqca mühüm faktordur. Döyüşdə iştirak edən əsgər biləndə ki, onun silahdaşı, səngər yoldaşı Ali Baş Komandanın, hansısa nazirin oğludur, qohumudur, bu əsgəri ruhlandırmaq üçün əlavə arqumentə ehtiyac yoxdur. Amma o zaman orduya, hərbi əməliyyatların hazırlanmasına və aparılmasına münasibət bir qədər fərqli idi. Az qala, hər bir məmur özünün yaxın adamlarını müharibədən yayındırmağı düşmən üzərində təsəvvür etdiyi qələbə qədər əhəmiyyətli sayırdı.
Əlbəttə, kimlərsə bunun əhəmiyyətsiz və ya fərdi məsələ olduğunu güman edə bilər. Amma qətiyyən belə deyil. Oğlu, əziz adamı hərbi əməliyyatlarda iştirak edəcək komandir, hərbi və ya siyasi məmur, eyni zamanda, nəzərdə tutulan, əməliyyat planlarına daha məsuliyyətlə yanaşar, başqalarının övladlarını bu qədər arxayınlıqla ölümə göndərməz. Axı, məhz məsuliyyətsiz düşünülmüş əməliyyatlar planları üzündən minlərlə Azərbaycan gənci nahaqdan məhv oldu. Amma mənim vurğuladığım halda, itkilərimiz bu qədər çox olmazdı, nəticələr isə daha ürəkaçan olardı.
Hətta bu günün özündə də ordu quruculuğuna məsuliyyətsiz münasibətin əsaslarından biri budur. Yayılan məlumatlara görə, atəşkəs dövründə bizim itkilərimizin sayı hərbi əməliyyatların gedişində olduğundan o qədər də fərqlənmir. Bu itkilərin arasında isə hətta aşağı səviyyəli hansısa məmurun da övladı yoxdur. Onları bizim övladlarımızın taleyi maraqlandırmır: onlardan ötrü bu gənclər başqalarınındır, yaddır. Onların övladları günlərini kart oynamaqla, ayıdan- qabandan əllərinə keçəni yeməklə, bahalı maşınlarda fırlanmaqla,.. keçirməlidirlər. Bu, onların adiləşmiş həyat tərzidir. Və qəribədir ki, biz hamımız bu normalarla olduqca rahat şəkildə razılaşırıq…
Axı tarixdən də bəllidir ki, ta qədim zamanlardan çarlar, şahlar, knyazlar müharibə zamanı öz övladlarını əsgərlərin və ya zabitlərin sırasına qoyaraq, onları güllə qabağına çıxarmaqdan çəkinməyiblər. Tarixin dərinliklərinə baş vurmadan, elə həmin diktatorlar sırasından Stalini nümunə olaraq götürə bilərik. Onun hər iki oğlu (onlardan birini Stalin övladlığa qəbul etmişdi) cəbhəyə getmiş, doğma oğlu Yakov isə almanlara əsir düşmüşdü.
Çeçen müharibəsi zamanı Cövhər Dudayevin oğlu atası ilə birgə müharibədə iştirak etmiş və döyüşlərin birində yaralanmışdı. Aslan Masxadov bütün savaş boyu oğlu ilə bir yerdə oldu. Əhməd Kadırov da döyüş əməliyyatlarına oğlu ilə birlikdə gedirdi.
Ümid edirəm ki, hərbi əməliyyatlarda iştirak edənlər mənim nəyi nəzərdə tutduğumu çox yaxşı bilirlər. Əgər Heydər Əliyev də həmin sərkərdələrdən nümunə götürsəydi, onun qalib gəlmək şansı daha yuxarı ola bilərdi. Amma bütün ölkəyə, ölkədəki bütün valideynlərə səfərbərlik çağırışı ilə müraciət edən Heydər Əliyev öz oğlunu bu proseslərdən minlərlə kilometr kənarda saxlayırdı. Müharibənin onun qohumlarına da heç bir dəxli yox idi. Yəqin, daha doğru davranış bu olardı ki, öz qohumlarına, oğluna da hərbi forma geyindirib döyüş əməliyyatlarına yollayaydı, onları çeşidli vəzifələrə təyin edib gəlir yerlərinə nəzarətçi qoymaz, millətin halal haqqını onların arasında bölüşdürmək fikrinə düşməzdi. Tamamilə mümkün idi ki, öz oğlu Ilham Əliyevin, Vasif Talıbovun, Ilqar Əliyevin,.. bölmə və ya bölük komandirləri qismində həmin Kəlbəcər əməliyyatlarına göndərilməsini təmin edəydi. Amma o, belə etmədi. Öz doğmalarından başqa hamını ora yolladı. Onun yaxın qohumları və doğmaları nəinki hərbi əməliyyatlarda yaralanmaq, həlak olmaq, hətta döyüşən əsgər və zabitlərin sırasında dayanmaq belə istəmədilər. Onun və ətrafındakıların hamısının övladları bu müharibədən kənarda qaldılar; bu, onların Vətən uğrunda savaşı olmadı. Onlar vətənin gəlirləri uğrunda savaşa səfərbər edildilər.
Elə buradaca, Milli hökumət zamanı dövlət vəzifələri tutan insanlarla müqayisə aparmaq yerinə düşər. Prezident Elçibəyin və onun yaxın ətrafına daxil olan insanların səfərbərlik yaşına çatmış övladları yox idi. Amma onların hamısının yaxın qohumları bu döyüşlərdə iştirak edirdilər. Baş nazirin müavini Izzət Rüstəmovu xatırlamaq yetər: onun oğlu Başkənd uğrunda döyüşlərdə qəhrəmancasına həlak oldu…
Qısaca desəm, Milli hökumət zamanı təşkil edilən 1992-ci ilin yay kampaniyası və Heydər Əliyevin təşkil etdiyi 1993-94-cü illərin qış kampaniyasının timsalında müharibəyə tamam fərqli münasibət bəslənildiyi ortalıqda idi. Elə buna görə də nəticələr tamam fərqli olmuşdu – 1992-ci il kampaniyası böyük uğurla, 1993-cü il qış kampaniyası isə cinayətkarcasına məğlubiyyətlə başa çatmışdı.
Həmin bu qış kampaniyası idi ki, ərazilərimizin 20 faizinin işğalını dəqiqləşdirdi, minlərlə gənc həlak oldu, yüz minlərlə insan öz ev-eşiyindən didərgin düşdü. Bu, Heydər Əliyevin hakimiyyətə gəlişinin dəyəri idi.
Dekabrın ortalarında Əliyevin çağırışı əsasında 33 batalyon təsis edildi ki, bunların da təlimi ilə bir qədər əvvəl dediyim kimi, hərbi komissarlar və icra başçıları məşğul olurdular. Bu, müharibəyə Əliyevsayağı hazırlıq demək idi. Həmin günlərdə bizi – Müdafiə nazirinin müavinlərini nazirliyə, hərbi kollegiyaya çağırdılar. Əmr edilmişdi ki, müşavirəyə hazır qərarlarla və döyüş xəritələri ilə gələk. Hərbçilər bunun nə demək olduğunu anlayırlar, başqalarına da aydın olsun deyə, izah edirəm: bu, bütün hissələrin və birləşmələrin müharibəyə tam hazırlığının elan edilməsi demək idi.
Orada general Arif Salahov, mən və müdafiə nazirinin bir neçə başqa müavinləri iştirak edirdik. Məqsəd nazir müavinlərinin hesabatını dinləyərək Qış kampaniyasının planını təsdiq etmək idi…
Ardı var