Ankarada təhsil alan gənclərimizi H.Əliyevin anım tədbirinə zorla yığmaq istəyirlər
Dekabrın 13-də Ankarada Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı konfrans keçiriləcək. Azərbaycanın Türkiyədəki səfirliyi hazırda Ankarada təhsil alan (ən azı) azərbaycanlı tələbələri bu konfransda iştiraka məcburi gətirmək üçün səfərbər olunub.
Səfirliyin təhsil üzrə müşaviri Nəcibə Nəsibova Ankarada oxuyan tələbələrimizə bu konfrans barədə, orada iştirakın vacibliyi haqda xüsusi qeydlə, bir məlumat göndərib. N.Nəsibovanın “dəvətini” alan tələbələrdən biri onu Ankarada təhsil alan azərbaycanlı tələbələrin facebook-dakı qrupunda paylaşıb. Facebook-un Azərbaycanda da yaxşı tanınan fəallarında Həbib Müntəzir isə onu “Seçkiniz saxta, sevginiz saxta, matəminiz də saxtadır!” qeydi ilə tirajlayıb.
Təhsil müşavirinin göndərdiyi “dəvət”də yazılıb:
“Salam. 13 dekabr 2012-ci il tarixində saat 09:30-da Bilkənd Otel ve Konfrans Mərkəzinin Sakarya salonunda 3 nazirimizin və Prezident Aparatının nümayəndələrinin iştirakı ilə keçiriləcək Heydər Əliyevin vəfatının 9-cu ildönümünə həsr olunmuş konfransda iştirakınız ÇOX VACİBDİR. Tədbirə qatəılacaq tələbələrin adlarını mənə yazdırmaları xahiş olunur. Tədbirdə iştirak etməyən tələbələrin adları Nazirliyə bildiriləcək.
Hörmətlə, Azərbaycan Respublikasının Türkiyədəki Təhsil Müşavirliyi”.

Göründüyü kimi Ankarada oxuyan azərbaycanlı tələbələr H.Əliyevin vəfatının ildönümü konfransında zorla iştiraka çağırılır və gəlməyəcəkləri təqdirdə, adlarının Təhsil Nazirliyinə göndəriləcəyi, dolyaısı ilə sonra onlara problem yaradılacağı ilə hədələnirlər.
Türkiyədəki səfirliyin konfransı daha da izdihamlı etmək üçün Ankaradan başqa şəhərlərdə təhsil alan tələbələrə də “dəvət” göndərib-gəndərmədiyi bəlli deyil. Amma güman etmək olar ki, istər Türkiyənin başqa şəhərlərində, istərsə də Türkiyədən ayrı müxtəlif ölkələrdə H.Əliyevin vəfatının ildönümü ilə bağlı belə inzibati səfərbərliklə təşkil olunan tədbirlər də keçiriləcək.
İnformasiya şöbəsi


