Həbsdən göndərilən ifşa məktubu və 2005 olaylarını birləşdirən məqamlar
Azərbaycan hakimiyyəti AXCP sədri Əli Kərimlini sıradan çıxarmaq zaman-zaman ən ağlagəlməz üsullara əl atıb. Hətta Əli Kərimlinin fiziki cəhətdən məhvinə belə hazır olan hakimiyyət bir neçə dəfə ona qarşı sui-qəsd təşkil edib. Əli Kərimlinin yaşadığı binada partlayış törətməyə, özü və ailəsini zəhərləməyə, onu hansısa dini qruplarla əlaqədə ittiham edərək həbsinə nail olmağa cəhdlər edilib. Lakin vaxtında ifşa olunduqlarına görə planları baş tutmayıb.
Bu günlərdə isə ictimaiyyət Əli Kərimliyə qarşı daha bir sui-qəsd planından xəbər tutub. Bu plan 2006-cı ildə hazırlanıb. Sui-qəsd planını icra etməli olan şəxs özü bu barədə ictimaiyyətə məlumat verib. Həmin şəxs hazırda 7 saylı ciddi rejimil cəzaçəkmə müəssisəsində cəza çəkən Bəhlul Muradovdur. O, “Millətim” qəzetinə ünvanladığı məktubda bildirir ki, 2006-cı ildə ona AXCP-nın qərargahını ələ keçirmək, bu baş tutmayandandan sonra isə Əli Kərimlini qətlə yetirmək tapşırılıb. Onun sözlərinə görə, plan Milli Təzlükəsizlik Nazirliyi (MTN) tərəfindən hazırlanıb. Ona bu tapşırığı verən isə Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov olub. Bəhlul Muradovun sözlərinə görə, Təhmasib Novruzov MTN-nin Antiterror Mərkəzinin rəis müavini “Bacıoğlu” ləqəbli Ilqar Əliyevin tapşırığı ilə onu bu işlərə təhrik edib. Təhmasib Novruzov Bəhlul Muradova deyib ki, həmin sifarişi yerinə yetirəcəyi təqdirdə ona 50 min dollar, maşın və nə istəsə veriləcək. Eyni zamanda onu “Bacıoğlu”nun yaratdığı yeni xüsusi bölüyə komandir təyin etdirəcək: “Mən ona sual etdikdə ki, bunu nədən edirsən? O, cavab verdi ki, sən bunu etsən, etdirə bilsən, dövlət xaosa düşəcək, mən öz tapşırığımı yerinə yetirmiş olacağam. Deputat olacağam. Indiyə qədər məsləhət görmürdülər, maddi imkanım düzələcək, bu da bir biznes kimidir.
Mənə edilən təklif Əli Kərimovu fiziki məhv etmək tapşırığı olmuşdu, Təhmasib tərəfindən. Mən Vətən, dövlət üçün canımı vermiş bir döyüşçüyəm. Belə şeyləri etmək əqidəmdə yoxdur, ona görə də bundan boyun qaçırdım. Təhmasibin zənglərinə çıxmır, görüşə gəlmirdim. Oğlu Etibar ilə də dostluq edirdim. Indi ondan da qaçırdım. O vaxtlar oğlunu universitetə əlavə testdən keçirmək üçün, mənə 5000 dollar vermişdi. Iş düzəlmədi və mən həmin pulları 2 dəfəyə qaytardım, lakin o, məndən əl çəkməyərək, korrupsiya idarəsinə şikayət etdi. Mənə 8 illik məhbus həyatı yaşatmağa nail oldu”.
Sui-qəsd planını ifşa edəni cəzalandırıblar
Bəhlul Muradovun bu məktubu ictimailəşəndən sonra “Millətim” qəzeti onun karserə salındığı barədə məlumat yaydı. Dünən isə məhbus yazdıqlarını təkzib edib. Bəhlul Muradovun təkzib məktubunu “Azadlıq” qəzetinə Penitensiar Xidmətinin əməkdaşı təqdim edib. Məktubun titul vərəqini 7 saylı cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Tahir Yusifov imzalayıb. Qoşma vərəqdə isə Bəhlul Muradovun xətti ilə yazılmış məktub əlavə olunub. B.Muradov yazır: “Bildirirəm ki, ”Millətim” qəzetində mənim adımdan istifadə edərək həqiqətə uyğun olmayan məqalə dərc olunub. Bu, mənə və dövlət orqanına qarşı qərəzli surətdə istifadə olunan iftiradır”.
Məktubda daha sonra bildirilir: “AXCP-nin sədri Əli Kərimliyə qarşı sui-qəsd törədilməsi üçün müraciət edilməsi barədə dərc olunmuş xəbər ”Millətim” qəzetinin təsisçisi Ramız Tağıyevin və onun qızı Lalə Ramizqızının fantaziyasıdır.
Məqalədə qeyd olunan şəxslər arasında şəxsən tanıdığım Təhmasib Novruzovla şəxsi münasibətlərim olub, bu münasibətlərin göstərilən yalanlara heç bir aidiyytı yoxdur. Bir daha bildirmək istəyirəm ki, mənim Əli Kərimliyə və digər Azərbaycan vətəndaşlarına qarşı cinayət törətməyim üçün indiyədək heç kəs mənə müracət etməyib. “Millətim” qəzetində yazılan bu yalanlara görə cəmiyyətdən üzr istəyirəm”.
Məktubun istintaq zamanı yazılan ifadə təsiri bağışlaması, sonunda “əlavəm yoxdur imzamla təsdiq edirəm” qeydi Bəhlul Muradovun karserə salınandan sonra yazdıqlarını təkzib etməyə məcbur edildiyini göstərir.
Digər tərəfdən “Millətim” qəzetinin baş redaktoru Lalə Ramizqızı Bəhlul Muradovun təkzibi ilə bağlı yaydığı açıqlamada bildirir ki, məhbus sensasion açıqlamaları öz dəsti-xəttilə yazaraq redaksiyaya göndərib və həmin məktubun əsli saxlanılır: “Bu yazının bizim fantaziyamız olmasına gəlincə Bəhlul Muradovun öz dəsti-xətti və imzası ilə bizə göndərilmiş məktubdur. Məktubda da dəfələrlə xahiş edərək bunu ictimaiyyətə çatdırmağımızı xahiş edib. Bəhlul Muradovun ikinci bəyanatının isə ona edilən təzyiqlərin sonucunda yazıldığı gün kimi aydındır. Necə oldu ki, Bəhlul Muradov dünəndən ”karsa” salındı və bu gün bu bəyanat verildi. Bunun necə yazdırılması heç kimdə şübhə doğurmaz. Bu atama və mənə qarşı MTN-nin Antiterror Mərkəzi tərəfindən hazırlanmış növbəti təxribatdır. Bu məktubda adi keçən şəxslər cinayət məsuliyyətindən yayınmaq üçün Bəhlul Muradovdan bizə qarşı istifadə edir”.
MTN 2005-ci ildə necə ifşa olundu?
Hələ 2005-ci ildə hazırda həbsdə olan “Millətim” qəzetinin baş məsləhətçisi Ramiz Tağıyev MTN-nin AXCP və onun sədrinə qarşı təxribatlarla məşğul olduğunu bəyan etmişdi. Ramiz Tağıyev bu barədə “Azadlıq” qəzetinə və Əli Kərimliyə ünvanladığı məktublarla geniş bəhs etməklə yanaşı, ayrıca mətbuat konfransı da keçirmişdi. Ramiz Tağıyev o zaman yazırdı ki, o, MTN-nin Antiterror Mərkəzinin rəisi Elçin Quliyev və müavini Ilqar Əliyevlə görüşüb. Onun bu şəxslərlə görüşdürən isə “Ümid” Partiyasının sədri Iqbal Ağazadə olub. Iqbal Ağazadə bildirib ki, bu şəxslər deputat Səməd Seyidovun adamlarıdır. Lakin Ramiz Tağıyev onlardan birini tanıyıb. Ramiz Tağıyevin sözlərinə görə, o, Elçin Quliyev və Ilqar Əliyevlə oyuna gedərək onların planlarını öyrənmək istəyib. Ramiz Tağıyev yazırdı: “Görüşdə özünü Ilqar kimi təqdim edən başqa bir şəxs də iştirak edirdi. Mən onu tanıdım. Bu həmin Ilqar idi ki, Nabranda həbs olunmağıma 3-4 gün qalmış iş adamı adı ilə üzbəüz otaqda yerləşərək qeyri-qanuni həbsimizə rəvac vermişdi. Onu hələ o zaman görən kimi hiss etmişdim ki, o, MTN əməkdaşıdır. Həyatımda aldığım ən ağır zərbəni mənə məhz bu Ilqar vurmuşdu. Özümü tanımamazlığa vurdum, ancaq tədricən etiraf etdilər ki, Elçin MTN-nin idarə rəisi, Ilqar isə onun müavinidir. Əvvəlcədən qeyd edim ki, Ilqar əslən Göyçaylıdır və Əli Kərimliliyə qarşı mübarizədə öz həmyerlilərindən lazımi qədər istifadə edir. Aqil Mahmudlu adlı naqis birisi də onun tapıntısıdır. Avqustun 16-da nəzərdə tutulmuş AXCP-dəki çevrilişdə də iştirak etmək üçün Ilqar Göyçaydan 400-ə yaxın muzdlu nökərin gəlişini təşkil etmişdi. Vacib məqam olduğu üçün əvvəlcədən qeyd edim ki, avqustun 16-na hazırlanmış təxribatın AXCP üçün çox ciddi fəsadları ola bilərdi.
“Məşhur MTN-çi Ilqarla “tarixi” görüşümüzdə yəqin etdim ki…“
MTN-nin planı belə idi: 2-3 min öyrədilmiş adam AXCP-nin qarşısına yığışır və mitinq edir, saat 12:00-da 200-300 nəfər əvvəlcədən hazırlanmış idmançı qrupu guya hiddətlənərək AXCP-yə hücum edir. Ordan bütün cəbhəçiləri çıxartdıqdan sonra, bir neçə tanınmış cəbhəçi ora dəvət olunur. Elan olunur ki, cəbhə əsl cəbhəçilərin əlinə keçdi. Beynəlxalq aləm məsələyə etiraz etdikdə isə cavab verilir ki, bu partiyadaxili məsələdir. Gələcəkdə konfranslarını və yaxud qurultaylarını çağırıb öz problemlərini həll edəcəklər. Bu isə seçki öncəsi AXCP-nin fəaliyyətini iflic etmək üçün nəzərdə tutulmuş bir əməliyyat tədbiri idi. Təbii ki, axırıncı danışıqdan sonra, yəni məşhur MTN-çi Ilqarla avqustun 15-də “Abşeron” otelinin 10-cu mərtəbə, 1-ci otağındakı “tarixi” görüşümüzdə yəqin etdim ki, artıq bu komediya bitməlidir. Təcili partiya məsulu ilə əlaqə saxlayaraq gözləntilər barədə məlumat verib aradan çıxmağı lazım bildim. Çünki gecə saat 12-də Ilqarın dediyinə görə, Elçin və idman qruplarının rəhbərlərinin mənimlə görüşləri nəzərdə tutulmuşdu.
Çünki söhbət Azərbaycanda keçiriləcək parlament seçkilərindən gedirdi. Söhbət ABŞ-ın və Avropa Şurasının Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan demokratik islahatların qarşısının alınmasından gedirdi. Elçin və Ilqar bu məsələlərin həyata keçirilməsini hakimiyyətin ən yuxarı rəhbərliyi tərəfindən verilmiş tapşırıq olduğunu bildirirdi. MTN-də isə bu işə birbaşa Hilal müəllimin rəhbərlik etdiyini və nazirin isə daim diqqətdə saxladığnı qeyd edirdilər. Maliyyə məsələsində isə heç bir problemin olmadığını xüsusi vurğulayırdılar. Maliyyə məsələsi xüsusilə qoçu və təxribatçı dəstələrin saxlanılması üçün daha çox nəzərdə tutulub. Müxalifətin içində və xüsusilə “Azadlıq” blokuna qarşı yönəlmiş təxribatçılıq planına görə istənilən qədər vəsait ödəməyə hazırdılar.
MTN-nin planları
Təxmini nəzərdə tutulmuş planları isə belə idi.
1. AXCP-ni və xüsusilə onun lideri Əli Kərimlini cəmiyyətin gözündən salaraq fəaliyyətinin iflic edilməsi.
Bunun üçün isə MTN tərəfindən hazırlanmış Ruslan Bəşirli komediyası bəhanə olmalı idi. Qazandığım “xüsusi” inama görə son nöqtənin mənim tərəfdən vurulması nəzərdə tutulmuşdu. Yəni AXCP-nin müvəqqəti də olsa sədrlik funksiyasını mən həyata keçirməli idim.
2. Bu bəhanələrlə “Azadlıq” blokunun mitinqlərinə etiraz edəcək qüvvələr ortalığa çıxarılır və ciddi qarşıdurmalar yaradılır. Guya ictimaiyyət Ruslan Bəşirli tərəfdarlarının mitinq etməsinə etiraz edir.
3. “Azadlıq” blokunun vahid seçki siyahısının alınmaması üçün bir çox insanlar maliyyələşdirilir və onlara millət vəkili seçiləcəkləri söz verilir. Nəticədə “Azadlıq” blokunda parçalanma olduğunu, gələcəkdə hakimiyyətə gələcəkləri zaman daha ciddi qarşıdurmalarının olacaqlarını cəmiyyətə nümayiş etdirmək istəyirlər.
4. “Azadlıq” blokundan kənarda olan partiyalara və bloklara ciddi maliyyə yardımları ayıraraq onları iqtidara deyil, Azadlıq blokuna qarşı ciddi rəqibə çevirmək istəyirlər.
5. KIV-dən maksimum “Azadlıq” blokunun əleyhinə istifadə etmək məqsədilə müxtəlif qəzetlərin redaktorları və əməkdaşları ilə sövdələşmələr aparmaq. Bu məqsədlə hətta mənə təklif edilirdi ki, Qənimət Zahidlə danışıq aparıb onu qane edəcək qədər pul təklif edim.
6. Isa Qəmbərin yaxın ətrafında özlərinə inanılmış şəxslərin axtarışına çıxılıb
7. Rəsul Quliyevin Azərbaycana qayıdışını əngəlləmək isə ən önəmli vəzifələrdən biri sayılır. Onun gəlişinə qədər Azadlıq blokunda ciddi narazılıqlar yaradılır, R.Quliyevin gəlişini əngəlləmək üçün Azərbaycanda ciddi qarşıdurmalar yaradılır və sabitlik pozulur. Sabitliyin pozulmasında “Azadlıq” blokunu günahlandıraraq onlara qarşı çox ciddi hücuma keçilir. Əfv və yaxud sentyabr ayı üçün nəzərdə tutulmuş amnistiyanın verilməsi nəticəsində müsbət imic qazanacaq iqtidar bundan istifadə edərək yenidən repressiya maşınını işə salır.
“Bunların hazırladığı cinayətkar plan bütün Azərbaycan cəmiyyətinə qarşı yönəldilib”
Avqustun 16-da AXCP-yə və şəxsən onun lideri Əli Kərimliyə qarşı hazırlanmış təxribat planı olmasaydı mənim kəşfiyyatçılıq fəaliyyətim bir müddət davam edəcəkdi.
MTN “Qara kəmər” əməliyyatı keçirib Hacı Məmmədovun bandasını ifşa etdi. Bu böyük uğurdur. Ancaq özləri isə bu uğurların arxasında pərdələnərək daha dəhşətli cinayətlər hazırlayırlar. Hacı Məmmədovun bandasının əməlləri fərdlərə qarşı yönəlmişdisə, bunların hazırladığı cinayətkar plan bütün Azərbaycan cəmiyyətinə qarşı yönəldilib. Bir ucu isə təbii ki, Azərbaycanda demokratiyaya dəstək verən ölkələrə zərbə vurmaq üçün nəzərdə tutulub.
Sonda onu demək istəyirəm ki, mənim MTN-ə də, onun “məşhur” çekistləri Elçinə, Ilqara da ürəyim ağrıyır. Sağ olsunlar, məni bir neçə dəfə dəbdəbəli restoranlarda qonaq etdilər. “Qurd qapısı”, “Qəbələ”, “Şır-Şır”, “Görüş” çox ləzzətli yerlər idi.
Ancaq Ilqar bəy, yalandan şərləyib həbs etdirdiyin, özünə və ailənə 2 il ərzində zülmlər çəkdirdiyin Ramiz Tağıyevi bununla aldatmaq olardımı?
Səni qaldığım yataqxanadakı darısqal 1 otağa bilirsən nə üçün apardım? Istəyirdim ki, görəm mənim nəvəmin, oğlumun bu bütövlükdə 6 nəfərlik ailənin 60 dərəcə istiliyi olan şəraitdə yaşamasından təsirlənəcəksənmi?
Mən səni birinci görüşdə tanıdım. Sən saxta “Nabran” əməliyyatı ilə neçə-neçə ailəni, uşaqları ağlar qoydun.
Sonda Ruslan Bəşirliyə qarşı qurduğunuz oyun isə heç bağışlanan deyil. Bəzən deyirlər ki, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Ruslan sizlərdən fərqli olaraq çox dəyərli bir gəncdir. Əvvəlcədən hazırladığınız planı, sonda Osman Əlimuradov vasitəsilə psixotrop maddəni ona içirtməklə, bədbəxt cavanın ağlını başından çıxartmaqla çətin vəziyyətə saldınız. Hədəf Ruslan deyildi, hədəf Əli Kərimli idi, “Azadlıq” bloku idi”.