Köçkünlərə “köçün” xəbərdarlığı

BDU-nun yataqxanasında dükan sahibləri köçəcəkləri ünvanda onlara obyekt tikmək üçün yer verilməsini tələb edirlər

Gələn ilin ilk ayında Bakı Dövlət Universitetinin (BDU) yataqxanalarında məskunlaşan məcburi köçkünlər köçürüləcək. BDU-nun rektoru Abel Məhərrəmov köçürülmə prosesi başa çatdıqdan sonra köhnə yataqxanaların söküləcəyini bildirib: “Universitetin 100 illik yubileyi çərçivəsində həmin binaların yerində yeni layihə əsasında 5000 tələbənin yerləşəcəyi yataqxana tikilərək istifadəyə veriləcək”.
7 binadan ibarət olan bu yataqxananın əksər sakinləri məcburi köçkünlərdir. 5 mərtəbəli  olan binaların hər mərtəbəsində 3-4 tələbəyə otaq verilib. Onlar da tələbəliyin ilkin illərində buradan  istifadə edirlər, sonra şəhərin ayrı-ayrı ünvanlarında ya kirayədə qalırlar, ya da qohumlarının evlərinə pənah aparırlar. Çünki sözügedən yataqxanalarda yaşamaq mümkün deyil. Istər səs-küy, istər antisanitariya qaydaları, istərsə də təhlükəsizlik qaydalarına riayət olunmur. Məsələn, hər binanın altında zibilxana var. Otaq sahibləri evlərindən çıxan zir-zibili aşağı düşmədən həyətə atır. Nəticədə ətrafı üfunət iyi bürüyür. Bundan başqa elektrik xətləri, naqillər elə bərbad haldadır ki, kiçik səhlənkarlıq böyük fəlakətlərə yol aça bilər. Nə isə, bizim əsas məqsədimiz məcburi köçkünlərin hansı vəziyyətdə yaşadığını təsvir etmək deyil. Üz tutduğumuz ünvana getməyin nədəni yataqxanaların sakinlərinin hara köçürülməsini öyrənmək və orada yerləşən obyektlərin gələcək taleyinə aydınlıq gətirmək idi…

Hərə özünə balaca bir dükan tikib…

Öncədən bildirək ki, bu yataqxanaların sakinlərinə sözügedən ünvanın həyətində yer verilib ki, özlərinə dükan tikib işlətsinlər. Beş-on manat pulu olanlardan kimisi özünə dükan, kimisi bərbərxana, kimisi isə ayaqqabı təmiri üçün balaca bir iaşə obyekti tikdirib. Bəziləri isə piştaxta üstündə mer-meyvə satır. Burada təxminən 500-dən artıq obyekt fəaliyyət göstərir. Indi oranı kiçik bir yarmarka da adlandırmaq olar. Yarmarkada işləyənlərdən nə yer pulu, nə də kommunal haqqı alınır. Çünki dövlər büdcəsindən “Qaçqınkom”a ayrılan vəsaitdən aidiyyəti qurumların haqqı ödənilir.
2013-cü ildən məcburi köçkünlər yataqxanalardan köçürüləndən sonra onların obyektləri də buldozerin qabağına veriləcək. Əvəzində isə iaşə obyektlərinin sahiblərinə heç nə ödənilməyəcək. Işin başlanıb-bitməsinə iki aydan da az müddət qalıb, ancaq onlara heç bir məlumat verilməyib.
Obyekt sahibləri deyirlər ki, televiziyadan və mətbuatdan yataqxanaların söküntüsüylə bağlı məlumat alıblar: “Bizə nə vaxt köçürüləcəyimizlə bağlı heç nə deməyiblər. “Qaçqınkom”dan gəlib bizi siyahıya alıblar. Otaqlara bir-bir daxil olub şəxsiyyət vəsiqəmizi istədilər, qeyd götürüb getdilər. Hara köçürüləcəyik, nə zaman bu olacaq? Bu suala aydınlıq gətirmədilər”.

“Eyni şey olacaqsa, onda niyə buradan köçürük?”

Ancaq yataqxananın bəzi sakinləri köçürüləcəkləri ünvanın adını bilirlər. Onların sözlərinə görə, məcburi köçkünlər Müşfiqabad qəsəbəsində tikilən yeni binalarda yerləşəcəklər: “Ətraflı bilmirik. Deməyiblər ki, hansı ailəyə neçə otaqlı ev veriləcək. Biz bunu öncədən bilmək istəyirik”.
Söhbət etdiyimiz şəxslər dedilər ki, indi yaşadıqları mənzil kimi onları evlə təmin etsələr, razı olmayacaqlar. Çünki indiki mənzilləri bir otaqdan ibarətdir və 5-6 baş ailəylə bu cür otaqlarda yaşayırlar. Sahəsi 3-4 kvadratmetr olan bu otaqların sahibləri əşyalarını bayırda qapının ağzına yığırlar. Ailələrin həddi-buluğa çatmış övladları isə evlənə bilmir. Onlarla ailə var ki, yer darısqallığından evinə gəlin gətirə bilmir. Müşfiqabad qəsəbəsinə köçürülən zaman onlara ya otaqların sayı 3-dən çox olan mənzillərin, ya da bir otaqlı bir neçə evin verilməsini istəyirlər. Əks halda, “köhnə hamam, köhnə tas” olacağını deyirlər: “Eyni şey olacaqsa onda niyə buradan köçürük? Şəhərin mərkəzidir və hər yerə əlimiz çatır. Mərkəzdən uzağa ona görə getmək istəyirik ki, heç olmasa otaqlarımızın sayı çox olsun, övladlarımız ailə qura bilsin. Burada elə ailə var ki, övladını beş ildir evləndirə bilmir. Yaşı 30-dan çoxdur, ancaq imkansızlıqdan evinə gəlin gətirmir. Qarabağ işğal olunanda evində 10 yaşlı uşağı olan ailədə həmin adamın indi 30 yaşı var. O vaxt düşünürdük ki, ya tezliklə yurdumuza qayıdacağıq, ya da bir neçə ilə bizə başqa yerdə ev verəcəklər. Ancaq heç biri olmadı”.

Çörək pulu qazanmaq üçün torpaq istəyirlər

Obyekt sahibləri ilə də söhbət edirik. Onlar da köçürülmə ilə bağlı rəsmi xəbərdarlıq almayıblar: “Yalnız mənzillərə gəlib qeydiyyata götürüblər. Buradakı dükanların aqibətinin necə olacağını bilmirik”.
Dükan işlədənlər onlar gedəcəkləri Müşfiqabadda əlavə torpaq sahəsi ayırıb obyekt açacaqlarına imkan veriləcəyinə ümid bəsləmirlər.
“Inanmırıq ki, bizə dükan tikmək üçün yer versinlər. Belə getsə vəziyyətimiz çox pis olacaq. Burada işləyənlər imkansız ailələrdir. Pulu olan gedib başqa yerdə özünə obyekt açdırar. Heç olmasa köçəcəyimiz yerdə bizə yer versinlər, özümüz bir dükan tikib pul qazanaq. Deyirlər, köçün. Köçsək necə yaşayacağıq? Heç olmasa burada bir-iki manat qazanırıq”,- deyə dükan sahibləri bildirirlər.
Füzuli köçkünü Iradə Abbasova 1993-cü ildən ailəsiylə yataqxanada məskunlaşıb. Övladlarını evləndirəndən sonra yataqxananın həyətində bir otaqlı ev tikmək məcburiyyətində qalıb: “Övladlarım evlənməzdən öncə bir otaqlı evdə birtəhər yaşayırdıq. Böyük oğlum ailə qurandan sonra xahişlə ona başqa yataqxanada mənzil verdilər. Kiçik oğlum ailə quranda ona mənzil verilmədiyi üçün məcbur olub yoldaşımla oradan çıxdıq. Yataqxananın həyətində kiçik bir otaq düzəltmişik. Qışda burada yaşamaq mümkün deyil, otaq soyuducu kimi bumbuz olur”.
Iradə xanımın yoldaşı Amil Cəfərov otağının yanında balaca bir kafe tikib. 2007-ci ildən bu kafeni işlədən Cəfərov Müşfiqabada köçürüləcəkləri təqdirdə çörək pulu qazanmaq üçün onlara yer verilməsini dövlətdən xahiş edir.
Dükanlar və piştaxtaların sahibləri yerlərini günortadan sonra bağlayırlar. Çünki heç bir alıcı günün ikinci yarısında oralara gəlmir. Yataqxananın həyətində axşam saatlarına qədər yalnız bərbərxana və ayaqqabı təmiri ilə məşğul olan dükanlar fəaliyyət göstərir.

***

Satıcılar buranın köçürüləcəyinə inanmadıqlarını deyirlər: “20 ildir buradayıq. Deyirlər söküləcək. Ancaq ortalıqda heç nə yoxdur”.
Yataqxananın bazarını tərk edib, redaksiyaya dönürük. Qarşıdan isə soyuq qış ayları gəlir…

Ramin DEKO