Həm də Nobel Akademiyasının ayıbı

(«Bazar oxuları» – 8)

Ədəbiyyat üzrə builki Nobel mükafatçısı çinli Mo Yan üç gün əvvəl Stokholmdakı bir çıxışında senzuranı müdafiə edib. Çindəki hakim rejimlə yaxın münasibətlərinə görə tez-tez tənqid olunan yazıçı senzuranı “hava limanlarındakı təhlükəsizlik yoxlamaları”na bənzədib, onun həqiqətin qarşısında maneə olacağına inanmadığını deyib.
Dediklərinin Mo Yanın səmimi düşüncələri olduğuna inanmaq çətindir. Bu, arxasında merkantilliyin, şəxsi mənfəətpərəstliyin dayandığı utanc dolu bir çıxışdır.
Bunu anlamaq üçün Mo Yanın elə məlum bəyanatının ardınca hazırda Çində həbs həyatı yaşayan məsləkdaşı, 2010-cu ilin Nobel sülh mükafatçısı Lui Şiaobo haqqındakı sualı cavabsız qoyması kifayətdir. Necə ki, Şiaobonun həbsinə münasibət bildirməməklə Mo Yan Çindəki hakim rejimin qəzəbini üzərinə çəkməmək, kommunist hakimiyyəti ilə münasibətlərini korlamamaq istəyir, onun senzuranı dəstəkləməsi də söz, fikir, düşüncə azadlıqlarına çoxlu yasaqlar gətirən Çin hakimiyyətinin xoşuna gəlmək məqsədi daşıyır.
Səhv etmirəmsə, bu bir ilkdir ki, Nobel ödüllü bir yazıçı senzuranın müdafiəçisi kimi çıxış edir. Kimliyindən asılı olmayaraq senzuraya haqq qazandıran hər kəs kənardan çox iyrənc görünür. Əgər o bir yazıçı, söz, qələm adamıdırsa, bu ikiqat iyrənc, ikiqat rəzalətdir.
Senzuranın heç vaxt bəraəti ola bilməz. Senzura heç vaxt yaxşı ola bilməz, senzura heç vaxt fayda gətirə bilməz. Söyüşə qarşı senzura belə, söyüşün özündən daha əxlaqsız bir hərəkətdir. Senzura ancaq lənətə layiqdir.
Bu mənada Mo Yanın senzuranı dəstəkləyən çıxışı onun yazıçı kimi böyük utancıdır, eyni zamanda Nobel Akademiyasının ayıbıdır. Bir zamanlar ədəbiyyat mükafatlarını həm də yazıçı və şairlərin mütərəqqi görüşlərinə, ümumbəşəri dəyərlərin qorunmasındakı xidmətlərinə görə verən Nobel Akademiyası indi senzuraya haqq qazandıran mürtəce bir təfəkkürü ödülləndirməklə öz tarixinin ən qara səhifəsini yazmışdır.
Kimsə iddia etsə ki, Mo Yan senzuranı müdafiə nitqini Nobel mükafatını aldıqdan sonra edib və buna görə Nobel Akademiyasını günahlandırmaq məntiqsizdir, yanılır. Mo Yanın azadlıqlara hədsiz yasaqlar gətirən bir rejimin dostu olduğu çoxdan məlum idi, buna görə də Nobel Akademiyası onun mürtəce çıxışlarını asanlıqla proqnozlaşdıra bilərdi.
Bu çıxışlara görə qınağın, tənənin bir hədəfinin özü olacağını da!

Bir Nazim Hikmət müəmması

Ən çox sevdiyim şairlərin başında gəlir Nazim Hikmət. Təkcə şeirlərinə görə də yox.
Həm də həyatının rəngbərəngliyinə, hadisələrlə, xarakterlərlə, təlatümlərlə zənginliyinə görə. Iztirablarına, məşəqqətlərinə və sevinclərinə görə.
Harasından baxsaq, bir şair ömrüdür Nazimin ömrü.
Ümumləşdirə biləcəyimiz şair obrazlarından biridir – Lermontov, Yesenin kimi.
“Bizdə məhz belə şair obrazı varmı” deyə soruşsanız, ağlıma Mikayıl Müşfiqdən qeyrisi gəlməz.
Nə isə. Indi yazmaq istədiklərim bunlar deyil.
Təzəlikcə Nazimin həyatından keçən qadınlar haqqında oxuyurdum. Diqqətimi bir məqam çəkdi:
Həyatının böyük hissəsi Türkiyədən qıraqda keçən Nazim Hikmətin cəmi iki qeyri-türk sevgilisi olub:
Lena və Qalina. Onlardan birincini – Lenanı sevərkən hələ Türkiyədən dərbədər salınmamışdı, Moskvaya isə elə-belə getmişdi. Lenanı Türkiyəyə gətirmək üçün çox uğraşır böyük şair. Amma viza ala bilmədiyi üçün bu arzusu baş tutmur.
Nazim ikinci rus sevgilisi Qalina ilə SSRI-də evlənmişdi. O zaman ki, artıq Türkiyədən qaçmaq məcburiyyətində qalmışdı. Qalina Nazimin yalnız həyatının qadını deyildi, həm də şəxsi həkimi idi.
Bax, sözümün canı da elə bu məqamda gizlidir: Qalina Nazimin bir dənə də olsun şeir yazmadığı, bircə misra belə lütf eləmədiyi yeganə sevgilisi idi. Həyatının qadını olması bir yana, lap elə şəxsi həkimi kimi Nazimin ilhamının Qalinadan yan keçməsi məni çox düşündürdü.
Görəsən, bunun günahı (əgər bu, doğrudan da günah sayıla bilərsə!) kimdə idi: Nazimdə, yoxsa Qalinada?
Cavabını çox axtarsam da, tapa bilmədim.
Amma əminəm ki, mütləq bir səbəbi olub – çünki Nazim Hikmətin həyatında heç nə səbəbsiz, təsadüfi baş vermirdi.

Vilayət Quliyevin iki uğurlu tərcüməsinin sirri

20-ci yüzil dünya ədəbiyyatının klassikləşmiş əsərlərindən ikisinin “1984″ və ”Heyvanıstan” romanlarının dilimizə tərcüməçisi Vilayət Quliyevdir.
Filoloqluqdan qəfil xarici işlər nazirliyinə yüksəlmişdi.
Indi yenidən ədəbiyyatla, xüsusən tərcümələrlə məşğuldur.
Həm “Heyvanıstan”ı, həm “1984″ü dilimizə uğurla çevirib, hər ikisi son illərin bəlkə də (hər halda mən rastlaşdıqlarım arasından) ən yaxşı tərcümələridir.
“Heyvanıstan” repressiv rejimlərin ifşasına həsr olunub, burada amansız idarəçilik üsulu SSRI-nin timsalında təsvir edilir.
“1984″ romanı da bütün dövrlərdə qorxu rejimlərinin iç üzünü ifşa edən ən yaxşı əsərlərdən biridir.
Bu səbəbdən mən Vilayət müəllimin hər iki əsəri uğurla tərcümə etməsini yalnız onun bir ədəbiyyatçı kimi istedad və bacarıqları ilə izah etmirəm.
Əminəm ki, tərcümələrin uğurlu alınmasında onun hər iki romanda təsvir olunan, gücünü fiziki və mənəvi işgəncələrdən, yalandan, azadlıqlara nifrətdən alan rejimlərin əksər pis keyfiyyətlərini özündə ehtiva edən bir siyasi sistemdə nazir işləməsinin, sistemin içərisində olmasının və daxildəki bütün iyrənclikləri gözləri ilə görməsinin də önəmli rolu vardır.
Hələ onu demirəm ki, Vilayət müəllimin mövcud siyasi sistemdən uzaqlaşdıqdan sonra ədəbi-mədəni proseslərə məhz “Heyvanıstan” və “1984″ romanları ilə dönüşünün özünün də səbəbsiz olduğuna inanmıram. Mütləq bunun da bir mənası var!