Gözünüz aydın, biri də gəlir…

Xalqın başına açılan oyunlar bəs deyil, Avropa yay olimpiya oyunları da bizdə olacaq
AzərTAc sevinclə xəbər verir ki, 2015-ci ildə keçiriləcək birinci Avropa yay olimpiya oyunlarına ev sahibliyini şanlı ölkəmiz edəcək. Bu haqda qərar dünən Avropa Olimpiya Komitəsi Baş Assambleyasının iclasında qəbul olunub. Böyük zırıltı görəcəyik. Olimpiya oyunlarında 15 idman növü üzrə qaliblər müəyyənləşəcək. Bunun 12-si olimpiya idman növüdür.
Başımızı musiqi festivalları, idman yarışları ilə qatan hakimiyyətimizin üzü güləcək. Sabahdan bunu Ilham Əliyevin uğurlu daxili və xarici siyasətinin növbəti qələbəsi kimi təbliğ etməyə başlayacaqlar. Xaricdən gətirilmiş idmançılara böyük məbləğlər ödəyib milli komandalar formalaşdıracaqlar. Iş bununla bitsə nə vardı ki?! Başlayacaqlar böyük pulları xərcləyib idman kompleksləri tikməyə.
Yəqin dünyanın ən böyük arenasını tikəcəyik. Bəlkə Bayraq meydanını təzələyib bayrağın dirəyini bir az da qaldıracağıq. Onsuz da bizim hakimiyyət hər zaman ən bahalı işləri ən ucuz işlərə çevirə bilir – çanaq ölkənin başında çatlasa da. Heç bir yarışma olmadan da bunlar durub 20 milyon ödəyir ki, Ispaniyada futbol komandası bir matçına yaxasına “Azərbaycan” sözü yazılmış köynəklərlə çıxsın…
Ümid edirik ki, 2015-ci ilə qədər bu hakimiyyətdən ölkədə nişanə qalmayacaq. Yoxsa o boyda tədbirdən Azərbaycana bir xeyir dəyəcək. Xarici mətbuatın ölkəmizə diqqəti artacaq və buradakı vəziyyət dünyaya daha aydın çatacaq. Dünya görəcək ki, olimpiya oyunları Azərbaycanda xalqın başına açılan oyunun yanında heç nədir. Həm də nəinki neçə ildən bir qışda və yayda baş tutur bu oyun, ilin bütün fəsillərində hər il davam edir…
Türkiyədən bir oyun
Facebookda tələbələrin yazdıqlarından öyrəndik ki, Təhsil Nazirliyinin Türkiyədə təhsil üzrə müşaviri Nəcibə Nəsibova bu günlərdə belə bir məktub paylayıb: “Salam. 13 dekabr 2012-ci il tarixində saat 9:30-da Bilkənd Otel ve Konfrans Mərkəzinin Sakarya salonunda 3 nazirimizin və prezident aparatının nümayəndələrinin iştirakı ilə keçiriləcək Heydər Əliyevinin vəfatının 9-cu ildönümünə həsr olunmuş konfransda iştirakınız ÇOX VACIBDIR. Tədbirə qatılacaq olan tələbələrin adlarını mənə yazdırmaları xahiş olunur. Tədbirdə iştirak etməyən tələbələrin adları nazirliyə bildiriləcəkdir. Hörmətlə, Azərbaycan Respublikasının Türkiyədəki Təhsil Müşavirliyi”.
Bu xanım bilmir ki, ulu öndərin oğlunun idarəsinin adı dəyişib, daha Prezident Aparatı yox, Prezident Administrasiyası adlanır, amma tələbələrə hədə gəlir ki, tədbirə gəlməyənlərin başına oyun açılacaq. 1937-ci ildə belə bir səhvlə yazılmış məktuba görə də adamın başı ağrıyardı…
Kobianın Avropa kürü oyunu
Avropa yay olimpiya oyunları şanlı vətənə gələnədək, hələ bizdə avropalı səfirlərin oyunu davam edir. Avropa Ittifaqının bizdəki nümayəndəsi Roland Kobia o gün söyləmişdi ki, 2013 seçkilərində Ilham Əliyev hamıdan şanslıdır. Indi isə fikrinin təhrif olunduğunu deyir, amma yenə də sağa-sola yayınır, fikrinə haqq qazandırmaq istəyir. Bu cənab deyir ki, o öz fikrini sosioloji sorğulara əsasən deyib. Onda kim sizin fikri təhrif edib? Yenə də o fikri söyləyirsiniz axı!
Amma yalanla uzağa getmək olmur, hətta qədim Mayya dövlətinin səfiri olsan belə. Kobia deyir ki, onun əsaslandığı sorğulardan birini “Azadlıq” radiosu keçirib. Radio da dərhal açıqlama verdi ki, onlar heç vaxt belə sorğu keçirməyiblər. Yalan tam sübut olundu.
Bundan sonra təklif edirik ki, Avropa yay olimpiya oyunlarına yeni yarışma növü – kürü oyunu salınsın. Yerli xalqın Avropaya hədiyyəsi kimi.