ABŞ-Rusiya qarşıdurması

İki supergüc arasında qalan Azərbaycan kiminlə hesablaşmalı olacaq?

Arif Yunus: «Rusiyanın Əliyevə təzyiqlərini gücləndirəcəyini gözləmək olar»

Rusiya prezidenti Vladimir Putinin MDB-nin Aşqabad sammitində səsləndirdiyi Avrasiya üçün inteqrasiya layihəsi haqqında bəyanatına dərhal ABŞ-dan cavab gəlib. Xatırladaq ki, Putin Rusiya, Belarus və Qazaxıstanın yaratdığı Gömrük Birliyi və vahid iqtisadi zonanın gələcəkdə Avrasiya Birliyinin yaranması üçün təkan olacağını bildirib.
Öz növbəsində ABŞ dövlət katibi Hillari Klinton ölkəsinin post-sovet məkanında Sovet Ittifaqını bərpa etmək cəhdi kimi qiymətləndirdiyi inteqrasiya proseslərinə qarşı olduğunu bəyan edib.
Onun sözlərinə görə, regionun yenidən sovetləşdirilməsi istiqamətində fəaliyyətlər müşahidə edilir. Lakin bunun adı əvvəlki kimi olmayacaq. Bu, Gömrük Birliyi, Avrasiya Birliyi və ya başqa adda adlandırılacaq. Əsas məqsədin nədən ibarət olduğunu bildiklərini deyən Klinton bu prosesi ləngitmək və ya qarşısını almaq istiqamətində fəaliyyət quracaqlarını bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Putin Gömrük Ittifaqına qoşulmağa tərəddüd edən MDB dövlət başçılarına ilin sonuna qədər vaxt vermişdi. Azərbaycan prezidenti Ilham Əliyevin Aşqabad sammitinə qatılmaması isə bu cavabdan yayınmaq kimi qiymətləndirildi.
Azərbaycan Gömrük Birliyinə üzvlükdə maraqlı olmasa da, Rusiyanın bu istiqamətdə təzyiqlərini gözləmək olar. Belə olan halda Rusiya və ABŞ arasında qalan Azərbaycan hansı tərəfə çevriləcək?

Konfliktoloq Arif Yunus ölkə başçısının Aşqabad sammitinə qatılmamaqla öz mövqeyini ortaya qoyduğunu deyir. Bu o deməkdir ki, hələlik Putinin bu istiqamətdə təzyiqi nəticə vermədi. Bu mənada Klintonun məlum bəyanatı da Azərbaycanın xeyrinədir. Amma digər tərəfdən, Azərbaycanın bununla birmənalı olaraq Qərbə üz çevirdiyini və Rusiyadan imtina etdiyini demək olmaz.
Rusiya ilə Azərbaycan arasında faktiki soyuq müharibənin getdiyini deyən ekspert gərginliyin bundan sonra bir qədər də artacağını bildirdi. O cümlədən Rusiyanın Əliyevə təzyiqlərini gücləndirəcəyini də gözləmək lazımdır. Rusiya orda çalışan azərbaycanlı immiqrantlarla bağlı müəyyən addımlar atar, iqtisadi sanksiyalar ola bilər. Azərbaycan buna hazır olmalıdır.

Fizzə