Ramiz Mehdiyev Elşad Abdullayevlə görüşündən danşdı

ramiz mehdiyevPA rəhbəri keçmiş rektoru aşağıladı; qarşı tərəfdən cavab gəldi

Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev fəaliyyəti dayandırılmış ABU-nun rektoru Elşad Abdullayevin sonuncu açıqlamasına münasibət bildirib. R.Mehdiyev APA-ya açıqlamasında deyib: “Dekabrın 7-də müxalifət mətbuatında ölkədən qaçıb gizlənən Elşad Abdullayevin növbəti cəfəngiyyatı ilə tanış oldum.
Görünür, bu adamın xəstəliyi o qədər dərin kök salıb ki, ya bilmir nə danışır, ya da böhtan, yalan və uydurmaları ilə özünün əməllərini ört-basdır etmək istəyir.
Mənim Elşad Abdullayevi qəbul etmək niyyətim heç bir zaman olmayıb. Yaxşı olardı desin ki, hansı nüfuzlu şəxsdən dəfələrlə yalvar-yaxar edəndən sonra bir-iki dəqiqəlik qəbuluma düşüb. Özü də otaq qapısının həndəvərindən oturmağa da imkan vermədən. Xahişi isə universitetin taleyi ilə bağlı olub.
Deputatlığı ilə bağlı isə onun mənimlə heç bir zaman heç bir söhbəti olmayıb. Bu da onun növbəti uydurmasıdır. O ki qaldı guya ABŞ səfirliyi bizdən tələb edib ki, Isa Qəmbər və Arzu Səmədbəyli deputat seçilməlidir, bu da onun xəstə beyninin məsuludur. Elşad Abdullayev öz-özlüyündə kimdir ki, mən onunla belə bir məsələni müzakirə edim. Özü də bir-iki dəqiqə ərzində, ayaq üstə dura-dura. Bu yalanı və uydurması ilə o, həm də müxaliflər arasında intriqa salmaq istəyir. Guya biz sırf Müsavat Partiyasını dəstəkləyirik…
Onun cəfəng, böhtan, uydurma bəyanatları görünür, kiməsə lazımdır və onun özünü də bir alət kimi istifadə edirlər. Şəxsiyyəti və əməlləri isə yüzlərlə saxta diplom vermiş gənclərə və onların valideynlərinə, dələduzluq yolu ilə aldatdığı insanlara bəllidir. O ki qaldı onun fırıldaqçılığına və qurduğu primitiv oyunlara, deyə bilərəm ki, bütün bunların Prezident Administrasiyasının işçiləri ilə heç vəchlə bağlılığı və əlaqəsi olmayıb”.

Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin itkin düşməsi faktı ilə müstəqil araşdırma aparan blogger Elnur Məcidli isə “Azadlıq”a açıqlamasında bildirib ki, Ramiz Mehdiyev bu açıqlaması ilə özünü ifşa edib və özü də bilmədən hakimiyyətin mahiyyətini ortaya qoyub: “Ramiz Mehdiyev çox gözəl başa düşür ki, bu məsələ onun çox illik dövlət karyerasını puç edə bilər. Onun dedikləri qeyri-professional, akademik adına yaraşmayan və qorxudan qaynaqlanan tələskənliklə verilmiş açıqlamadı.
Bu da onu göstərir ki, hakimiyyət daxilində belə ona münasibət artıq birmənalı deyil və öz ağsaqqal statusunu itirərək hazırda ancaq əlindəki imkanları qorumağa çalışır.
Diqqət edirsinizsə, onunla bağlı xəbərlərdə iqtidar mediası adının önünə israrla akademik yazmaqla bu şəxsin ictimai nəzərdə çəkisini qaldırmağa çalışır, hətta deyərdim ki, araşdırsanız görəcəksiniz ki, adının qabağına akademik yazılması göstərişini də elə özü verib. Amma Ramiz Mehdiyev başa düşməlidir ki, köhnə sovet oyunları artıq keçmir və o məğlubiyyətə düçar olacaqdır”.