aslan ismay;lov

“Hakimiyyətdəki gizli savaş açıq müstəviyə keçəcək”

aslan ismay;lov«Belə komanda ilə ölkəni gələcəyə aparmaq olmaz, bu hakimiyyətin çökəcəyinə şübhə etmirəm»

«Kim desəydi ki, Fikrət Məmmədov, Ramiz Rzayev, Zakir Qaralov bu vəzifələri tutacaq, o adama təəccüblə baxardılar»

Naxçıvanda işgəngə nəticəsində öldürülən Turac Zeynalovun ailəsinin başına gətirilənlər ölkə gündəminin əsas mövzularından birinə çevrilib. Eyni zamanda siyasi hakimiyyətin bu kimi faktlara reaksiya verməməsi cəmiyyətdə narazılıqla qarşılanır. Bu və gündəmin digər aktual mövzuları ilə bağlı tanınmış vəkil Aslan Ismayılovun fikirlərini öyrəndik.   

– Naxçıvanda Turac Zeynalovun ailəsinin başına gətirilənlər son günlərin ən çox müzakirə olunan mövzusudur. Bizdə olan məlumata görə, bu ailə üzləşdiyi problemlə bağlı birinci Sizə müraciət edib. Hadisə necə olub?
– Rəhmətə gedənin atası ilə həyat yoldaşı mənə zəng etdilər ki, biz belə bir məsələ ilə bağlı müraciət etmək istəyirik.  Gəldilər, dinlədim və onların səmimi olduğu, dürüst danışdığı məndə heç bir şübhə doğurmadı. Başa düşdüm ki, o işi ictimailəşdirmədən orda nəsə etmək mümkün olmayacaq, “Azadlıq” radiosuna bunu bildirdim. Ondan sonra onlar getdi və birdə yanıma qayıtmadılar. Sonra o gəlinin təkzibini eşidəndə ona inanmadım, hər hansı təzyiqin olduğunu anladım. Amma belə bir alçaqlığın olması heç ağlıma da gəlmədi. Hələ “Lider” Tv-də “Kuklalar” verilişi gedəndə, 2005-ci ilin avqust ayında “Gülüstan” sarayında Prezident I.Əliyev məni görüb soruşdu ki, bir sözün varmı. Dedim Vəkillik haqqındakı  qanuna görə təşəkkür edirəm. Soruşdu başqa nə sözünü var. Dedim “Kuklalar” verilişi tək hakimiyyətdə olanlar üçün yox, bütün Azərbaycan xalqı üçün bir təhqirdir, xahiş edirəm onun qarşısını alın. O dedi ki, mən müdaxilə edə bilmərəm, bu şəxsi kanaldı. Əli Həsənov, Əflatun Amaşov, Ramiz Mehdiyev, onlarla jurnalist bu söhbətin şahididi. Dedim başa düşürəm, ancaq bunun yolunu bilənlər yanınızda var. Soruşdu kimlər, dedim Əli Həsənov. Soruşdu demisən, dedi bəli. Tapşırdı ki, bu məsələni həll edin. Onda o məsələ çözüldü. Ancaq ondan sonra yenə “Lider” telekanalında biabırçı səhnələri göstərdilər. Dərhal onun hamısına reaksiya verib demişəm ki, bu artıq sözün bitdiyi, əxlaqın tükəndiyi yerdir. Bunlar hamısı əxlaqsızlıqdır. Əminəm ki, gec-tez bu zərbə onu təşkil edənlərin özünə qarşı qayıdacaq. Hazırda Elşad Abdullayev tərəfindən qayıdır. Əminəm ki, Gülər Əhmədovanı məsuliyyətə cəlb etsələr, o da öz videolarını ortaya qoyacaq. Onun qorxusundan Gülərə dəymirlər. Təzə vaxtlar YAP-çılar düşdü Gülərin üstünə. Ancaq ondan sonra Gülər müsahibə verdi ki, “mənim ağzımı açdırmayın”. Sonra hamısı səslərini kəsdilər. Yoxsa Əli Əhmədovdan tutmuş YAP-ın bütün rəhbərliyi deyirdi ki, bu gün-sabah Güləri YAP-dan çıxaracağıq. Prokurorluq da deyirdi ki, bunu məsuliyyətə cəlb edəcəyik. Ancaq o dövr işi Bakı Şəhər Prokurorluğuna verəndə dedim ki, bu o işin dəfnidir.

“Vəzifədə olanların hamısı gözü kölgəlidir”

Mən həmişə Elşad Abdullayevi tənqid etmişəm və onun Azərbaycanda törətdiyi əməllərə bəraət qazandırmıram. Amma bu gün ona təşəkkür edirəm. Bu cür cinayətkar şəxslərin öhdəsindən ancaq Elşad Abdullayev gələrdi. Elşad Abdullayev sənədlərlə, sübutlarla adam oğrularını, rüşvətxorları, parlamentdə alver təşkil edənlərin adını açıb tökür. Indi niyə hakimiyyət onların üstünə getmir. Çünki bu ölkəni gözü kölgəlilik idarə edir. Vəzifədə olanların hamısı gözü kölgəlidir. Biri digərindən asılıdır. Ona görə bir vəzifədə olan başqa vəzifədə olan barədə söz deyə bilməz. Bunun da zibillərini o biri açacaq. Hamısı zibilin içindədir. Özləri zibildə olmaları cəhənnəm, bu milləti də zibilə saldılar, bu murdarlığa buladılar. Kimsə yanıma gəlib sübut növü kimi gizli video kaset təqdim edəndə, dərhal həmin adama demişəm ki, sənin işinlə məşğul olmayacam. Bu cür hallara çox pis baxmışam. Bu dəqiqə məndə elə bir təsəvvür var ki, bütün Azərbaycan, hamımız lüt şüşə akvariumda durmuşuq, bütün dünya bizi seyr edir.

“Bu hakimiyyətin çökəcəyinə şübhə etmirəm”

– Bu ilk belə hadisə deyil. Buna qədər Xədicə Ismayılova məsələsini də misal çəkmək olar. Digər ölkələrdə bu tip hallar baş verəndə bunu təşkil edən qurumun rəhbərliyi istefaya gedir. Gürcüstanı misal göstərmək olar. Həbsxanadakı olaya görə daxili işlər nazirliyinin rəhbərliyi istefa verdi. Niyə Azərbaycanda bu baş vermir?
– Gürcüstanda Saakaşvili nazirləri işdən azad etdi, xalqdan üzr istədi. Bizdə Elşad Abdullayev olayına prezident tərəfdən reaksiya yoxdu. Ramiz Mehdiyev Ziyalılar Forumuna reaksiya verir, ancaq özü ilə bağlı baş verən alverə münasibət bildirmir. Çünki hamısının gözü kölgəlidir. Bu bir sistemdir. Burda bir kərpici çıxarmaq kifayətdir ki, bu hakimiyyət uçsun. Ölkə üçün fəlakətli olsa da, bu hakimiyyətin çökəcəyinə şübhə etmirəm. Bu cür davam edə bilməz. Insanları heç bir ağır cinayətlərlə təəccübləndirmək olmaz. Bu dəqiqə rüşvət almaq, rüşvət vermək bir həyat tərzidir. Vəzifəli şəxslər rüşvət almıram demir. Özünə bəraət qazandırmaq istəyəndə deyir ki, heç vaxt Allahsızlıq eləmirəm, nə gücü var onu alıram.

“Edilən bütün haqsızlıqlar öz başlarına gələcək”

– Hüquq-mühafizə orqanlarını hardasa başa düşmək olar. Ancaq bu hadisələr birbaşa siyasi hakimiyyətə, ölkə başçısına zərbə vurur. Bu halda niyə dövlət başçısı baş verənlərə reaksiya vermir?
– Prezidentin YAP-ın yubileyindəki çıxışını dinlədim və özüm özümə təəccübləndim ki, ya mən Azərbaycanın vətəndaşı deyiləm, ya da prezident bu ölkənin prezidenti deyil. Onun çıxışına görə Azərbaycan ən demokratik ölkədir. Avropaya azad toplaşmaq hüququnu nümunə göstərəcək bir ölkə kimi gördüm. Amma reallıqda insanların bütün hüquqi-siyasi haqları pozulmuş bir ölkədir. Bir ölkədə ki, insan oğurlansın, öldürülsün, başqaları cəzasız qalsın, bu ölkə barədə nə demək olar. Hakimiyyət nümayəndələri deyir ki, bizdə mətbuatda senzura yoxdur. Ən böyük senzura Azərbaycan mətbuatındadır. Elmar Hüseynovu öldürdülər, Bahəddin Həziyevin ayağını sındırdılar, birini döydülər, zorla canını qurtarıb Fransaya getdi, birinin çılpaq çəkdilər. Jurnalistlərin başına nə oyun açdılar. Bundan sonra hər bir jurnalistin içində ən böyük senzor var ki, məni də o günə sala bilərlər. Bu dəqiqə hamı ondan qorxur. Ancaq bilmirlər ki, bütün edilən haqsızlıqlar bunların öz başına gələcək.

“Fəlakət astanasındayıq”

– Ramiz Mehdiyevin müavinlərinin təyin olunması məsələsi ətrafında xeyli versiyalar yaranıb. Sizin bununla bağlı fikirləriniz nədən ibarətdir?
– Həmişə demişəm ki, Azərbaycanda fəlakət yuxarıda olan beş-on oliqarx bir biri ilə savaşa başlayanda başlayacaq. Bu başlayıb. Ramiz Mehdiyevin ətrafına o dörd müavin toplaşan kimi dərhal Ramil Usubov da polisdə dəyişikliklər etdi. O biri tərəfdən Ramil Usubov öz mövqeyini gücləndirməyə başladı. Amma Ramil Usubovla Ramiz Mehdiyevin bir dəstə olduğu şübhə deyildi. Bu insanların bilmədiyi, ancaq içəridən gedən açıq-aşkar müharibədir. Sadəcə atışma səsini eşitmirik. Amma onun da olacağını istisna etmirəm. Fəlakət astanasındayıq. Bunu nə müxalifət, nə hakimiyyət, nə cəmiyyət dərk edir. Heç kim bundan udmayacaq, hamı uduzacaq. Xarici ölkələrdən olan basqılar bütün bunları gördüklərinə görə olur. Ramiz Mehdiyevin ətrafında istehkamın qurulmasını az qala yenilik kimi qələmə verirlər. Orda yeni sima gördünüz? Bəlkə son dövrlə Amerikada, Avropa oxuyanlardan biri gəldi vəzifəyə? Hamısı köhnə kadrlardı. Yer dəyişməklə mahiyyət dəyişmir.

“Gizli müharibə açıq savaşa keçəcək”

– Məhərrəm Əliyevin təyanatı da diqqət çəkir. Çünki o səfir təyin ediləndə sürgünə göndərildiyi deyilirdi. Ramil Usubovla da münasibətlərinin gərgin olduğu məlumdur. Bu təyinatdan sonra generallar arasında yeni savaş başlaya bilər?
 – Bu müharibə artıq gedir, sadəcə hələ gizlindi. Istisna etmirəm ki, həmin bu gizli müharibə açıq savaşa keçəcək. Çünki bu dəqiqə hərəsinin böyük silahlı dəstəsi var. Bəylər Əyyubovun, Ramil Usubovun, Eldar Mahmudovun, Kəmaləddin Heydərovun, ədliyyə nazirinin hərəsinin bir silahlı dəstəsi var. Bu gedişatla bir vaxt bunların bir biri ilə toqquşacağının şahidi olacağıq. Fəlakət də onda başlayacaq. Bütün ölkə bilir ki, Məhərrəm Əliyevlə Ramil Usubov, Ramil Usubovla Eldar Mahmudov, Eldar Mahmudovla Bəylər Əyyubov, Oqtay Əsədovla Ramiz Mehdiyev, Ramiz Mehdiyevlə Paşayevlər düşməndi. Belə düşmən komanda ilə ölkəni gələcəyə aparmaq olmaz. Bunların başı bir birinə badalaq vurmağa qarışıb. Biri digərinə nüfuzdan salmaqla məşğuldur. Bunun da son nöqtəsi Azərbaycanın zəifləməsidir. Yuxarıda qurulan bu hakimiyyət aşağı – rayonlara qədər davam edir. Bütün ölkə səviyyəsində bu savaş gedir. Elşad Abdullayev bütün dünyaya göstərdi ki, Azərbaycanən hakimiyyət qolları saxtadır. Parlament alver mənbəyi olub, heç kim ora seçilməyib, hamı rüşvət müqabilində siyahı ilə təyin olunub. Hakimlə bağlı videoda hakim etiraf edir ki, Zülfüqarlı qardaşlarının pulunu almaq üçün mənə dedilər tut, tutdum, 5 milyonunu aldılar, mənə 5 qəpik də vermədilər. Həmin hakim bu gün də iş başındadır. Axı bunların heç birini tuta bilməzlər.
Çünki bunları tutsalar, hamısı üzlərinə duracaqlar ki, siz demisiz, biz eləmişik. Məhz buna görədir ki, Zülfüqarlı qardaşlarının əmlakını alanlar, onu tutduranlar “Yeni Müsavat” qəzetini veriblər məhkəməyə, 1 milyon manat təzminat istəyirlər. Yayda mətbuatda kampaniya getdi, Zülfüqarlıların sonuncu əmlakını əlindən alanda, ona başçılıq edən dəstəsinin başında dayanan Fariz Məmmədov adlı birisi olub. Bakı şəhər prokuroru qarışdı işə, həmin Farizi həbs etdilər. Bir neçə gün bundan əvvəl yeni mətbuat yazdı ki, Fariz indi də başqalarının əmlakını əlindən alır. Normal ölkə demirəm, heç Orta Asiya ölkələrinin heç birində belə bir hadisə baş verə bilməzdi. Indi beynəlxalq təşkilatlar deyir ki, Azərbaycan korrupsiyaya görə 174 ölkədən 139-du. Bu həqiqətdir. Çünki bizdə üstü bəzək, altı təzəkdir. Xaricilər hava limanında düşür gəlir Prezident aparatına qədər. Hər çıxışımda təkrar edirəm, Azərbaycan Prezident aparatı ilə Zuqulbada yerləşən iki bağ arasındakı yoldan ibarət deyil. Azərbaycanın rayonları, kəndləri var. Ona görə jurnalistlərə də müraciət edirəm. Hamı rayonlara gedəndə yolların, xəstaxananın, məktəbin vəziyyətini çəkib qəzetlərdə verin, sosial şəbəkələrdə yayın. Qoy ölkəyə rəhbərlik edənlər görsünlər ki, heç də hər şey bu yol qədər ürəkaçan, çılçıraqlı deyil.

“Bundan böyük vətənə xəyanət olmaz”

– Elşad Abudullayev yeni məlumat yayıb. Ramiz Mehdiyevin adını çəkib. Məlum olur ki, Gülər Əhmədova deputatlıq söhbətində “pul məsələsi bizlikdir” deyib, icra başçısı deputat təyin ediləcək şəxsə zamin durur. Bu faktlarla bağlı nə deyə bilərsiniz?
– Bu dövləti cinayətdir. Məndən ötrü bundan böyük vətənə, dövlətə xəyanət olmaz. Bu gün bir işə çıxmışam. Iki nəfər arasında savaş olub. Biri digərinin həyat yoldaşına sataşdığına görə savaşıblar, biri o birinə yüngül xəsarət yetirib. Bu iş üzrə bir il yarım istintaq gedib. Bakı Şəhər Prokurorluğunda istintaq qrupu yaradılıb. Z.Qaralov iki dəfə bu cinayət işinin müddətinin uzadılması barədə qərar imzalayıb. Necə olur, bu işə Qaralov vaxt tapır, amma Gülər Əhmədovanın işinə vaxt tapa bilmir, onu göndərir Bakı Şəhər Prokurorluğuna. Bu millətə qarşı hörmətsizlik, saymamazlıq deməkdir.

“Bu cinayət işlərinin üstü açılmayacaq”

– Uzun müddət prokurorluqda işləmisiniz. Iki aydan çoxdu Gülər Əhmədovanın istintaqı, bir ildi Rafiq Tağının, altı aydan çoxdu Xədicə Ismaylovanın, 7 ildi Elmar Hüseynovun, 2005-ci ildən Mahir Abdullayevin işi üzrə istintaq gedir. Sizcə ortada olan faktlar bu cinayət işlərinin açılmasına kifayət edirmi?
 – Bu işlərin üstü açılmayacaq. Faktlar da kifayətdir. Mən vaxtilə 1989-cu ildə Azərbaycana gəldim, Respublika Prokurorluğunda işləyirdim. Mənimlə bir yerdə indiki ədliyyə naziri Fikrət Məmmədov, Ali məhkəmənin sədri Ramiz Rzayev, baş prokuror Zakir Qaralov işləyirdi. O illərdə kimsə desəydi ki, bu üç nəfər bu vəzifələri tutacaqlar, o fikri deyən adama təəccüblə baxardılar. Çünki onların heç biri nə savadına, nə bacarığına, nə də prinsipiallığına görə heç vaxt heç kimdən seçilmirdi. Ona görə də bu ölkə bu gündədir. O dövr prokurorluqda sayılan, seçilən, savadlı, bütün keyfiyyətlərdə onlardan dəfələrlə üstün olan insanlar var idi. Onların hamısını hüquq-mühafizə orqanlarından təmizlədilər. Bütün huquq-mühafizə orqanlarında ancaq “baş üstə” deyənlər qaldı. Onlar Ramiz Mehdiyevi həbs edə bilərlər? Mən bunların yanında Ramiz Mehdiyevin adını çəkəndə səksənirlər. Onun adını çəkməkdən qorxurlar, qaldı hələ onunla bağlı hansısa araşdırma aparsınlar.

“Baş verənlərə dözən millət buna layiqdir”

– Azərbaycan cəmiyyəti də süstlükdə günahlandırılır. Çünki burda baş verənlər digər ölkədə baş versəydi, cəmiyyət ayağa qalxardı. Ancaq bizim cəmiyyət hələ də susur. Bunun səbəbi nədir və cəmiyyətin oyanması üçün nə etmək lazımdır?
–  Bilmirəm. Çünki Gülər Əhmədova məsələsində videoya baxanda fikrimdən keçdi ki, səhər bütün Azərbaycan ayaq üstə olacaq. Milləti bundan artıq təhqir etmək olmazdı. Görəndən sonra dəhşətə gəldim. 2 min il bundan əvvəl qədim yunanların bir ifadəsi olub – hər bir xalq öz hökmdarına layiqdir. Başqa məsələdir ki, 1920-ci ildən son illərə qədər bu millətin başına elə oyunlar açılıb, bu millətin üzündə olan, onun qədrini biləcək, şəxsi keyfiyyətləri ilə seçiləcək insanların hamısı məhv olub. Sovet dövründə necə var idisə, bu gün elə də davam edir.  O qədər qorxaqlıq görmüşəm ki, inanmıram məni küçədə vurub öldürəndə bir nəfər yaxınlaşıb meyidimi götürsün. Belə olmaz. Insanlar bunu anlamalıdır ki, nə Amerika, nə Avropa gəlib bizim taleyimizi burda həll etməyəcək. Biz özümüz həll edəcək. Birinci növbədə gənclər həll etməlidir.

Fizzə