Elə bil müharibəyə yox, məhsul bayramına hazırlaşırdılar

isa sadiqovHeydər Əliyevin “Qış əməliiyatı”: köhnə texnika alveri

Bir müddət sonra 1993-94-cü illərdə təşkil edilmiş məşhur “qış əməliyyatı”nın ildönümüdür. “Azadlıq” qəzetində həmin illərin olayları ilə bağlı yazdıqlarıma əlavə olaraq, bu məşhur, eyni zamanda, ağır məğlubiyyətlə yadda qalan hərbi əməliyyatları təsvir etmək zəruridir. Üstündən 20 il keçəndən sonra da olsa, adamlar orada nə baş verdiyini təfsilatı ilə bilməli və həmin məğlubiyyətin səbəblərini, səbəbkarlarını tanımalıdırlar.

Əvvəli ötən sayımızda

İsa Sadıqov

Bu ərəfədə həm də, Heydər Əliyevin çoxlu faizlər qazandığı prezident seçkiləri oldu. Yanlış xatırlamıramsa, 90 faizdən artıq idi. Eyni zamanda, fəal şəkildə hərbi texnika və silah-sursat alınırdı. Amma necə? Ermənilərdə müasir T-72- lər olduğu halda, bizimkilər bütün imkanlarını bitirmiş T-54-lər, T-55-lər alırdılar. Bu texnika alverində kiminlə məsləhətləşirdilər, bunları kim tövsiyə edirdi – bəlli deyildi. Amma hər halda, mütəxəssislərlə heç kimin məsləhətləşmədiyi aşkar görünürdü.
Bu ərəfədə orduya çağırış da təşkil edildi və bu çağırışla onlarla batalyon yaradıldı. Amma səfərbərliyə alınan bu batalyonların komplektləşdirilməsi, döyüşə hazırlığı ilə hərbi komissarlar və icra hakimiyyəti başçıları məşğul olurdular ki, bu da gülünc idi. Belə təəssürat yaranırdı ki, millət müharibəyə deyil, hansısa şadlığa, məhsul bayramına hazırlaşır. Kütləvi informasiya vasitələri indi deyildiyi kimi, vətənşüvənlik verilişləri və Heydər Əliyevin çıxışları əsasında hazırlanan proqramlarla, məqalələrlə dolu idi. Prezident ekranlardan düşmürdü ki, düşmürdü. Biz onunla ciddi hərbi əməliyyatlar planını müzakirə etmək istəyirdik, o isə fəalların və “zəhmətkeşlər”in qulaqlarını hansısa siyasi məsələlərlə doldurmağa üstünlük verirdi.
Bir çoxları eyforiyada idi, baxmayaraq ki, ciddi adamlar bu boş və boğazyırtan bəyanatların arxasında heç bir əməli nəticənin olmadığını dəqiq bilirdilər. Ortalıqda elə adamlar cövlan edirdilər ki, kütlələrə “Heydər Əliyevin adı gələn kimi ermənilər qorxub qaçacaqlar, hətta geniş çaplı hərbi əməliyyatlara da ehtiyac olmayacaq” kimi mənasız təbliğat tezisləri sırıyırdılar. Hər şeyin ətrafında və yanında görülən tədbirlər konkret olaraq hərbi əməliyyatların hazırlığı ilə heç bir halda heç nə ilə bağlı olmurdu. Hətta bu zamana qədər aparılan hərbi əməliyyatlardan qazanılan təcrübi nəticələr də nəzərə alınmırdı. Hər şey onun yuxarıdan verdiyi əmr və göstərişlər əsasında, şəxsən onun istədiyi və arzuladığı kimi müəyyən olunurdu. Təkrar edirəm, şəxsi heyəti döyüş əməliyyatlarına hazırlamaq kimi ən vacib və ən əhəmiyyətli işdən başqa bütün işlər görülürdü. Bunun üçün isə bizim zəruri olan bütün qurğularımız, bazalarımız, poliqonlarımız var idi. Amma təəssüf ki, bununla heç kim maraqlanmırdı.
Sanki kiminsə vecinə deyildi və ya nəzərə almırdılar ki, ərazi bütövlüyünün təmin edilməsi uğrunda planlaşdırılan müharibə əməliyyatları miqyasına görə 1992-ci ilin əvvəllərində başlanan kampaniyadan çox-çox böyük olmalı idi. Dağlıq Qarabağ da daxil olmaqla, ona bitişik olan rayonlar da işğal edilmişdi və bu mühüm detalı hökmən nəzərə almaqla hərbi təlimlər aparılmalı idi. Gözlənilən əməliyyatların həcmini nəzərə almaqla buna uyğun həm texniki, həm canlı ehtiyat qüvvələri olmalı idi və ən başlıcası, ən vacibi bu idi ki, bütün hallarda uzunmüddətli hərbi toqquşma variantı da nəzərə alınmalı idi. Bizim, müharibəni ildırım sürətilə və ya müəyyən zaman daxilində aparacağımızdan asılı olmayaraq, uzunmüddətli hərbi əməliyyat ehtimalı hərb işinin əlifbası olaraq, bütün hallarda nəzərə alınmalıdır. Çox təəssüf ki, bu zəruri ehtimal cinayətkarcasına məsuliyyətsizlik üzündən diqqətə alınmadı.
Bundan əlavə, bu kampaniya hazırlanarkən ilin fəsli planın mühüm elementi kimi diqqətə alınmalı idi: həmin ərəfədə sərt qış vardı, yerli şərait isə bildiyimiz kimi, dağlıq və meşəlik ərazidir ki, bu da hərbi əməliyyatların aparılmasını xüsusilə çətinləşdirir.
Və nəhayət, qeyd etdiyim kimi, zəruri ehtiyatların hazırlanmaması. Bu ehtiyat hissələr təlim poliqonlarında gücləndirilmiş proqram üzrə hazırlanmalı, şəxsi heyət bütün silah növlərilə davranmağı bacarmalı və yalnız bundan sonra döyüş zolağına göndərilməlidir.
Qətiyyən az əhəmiyyət daşımayan bir detalı da vurğulamaq istərdim. Kənardan baxanda belə görünürdü ki, hər şey və hər kəs hərb üçün, uğurlu qələbə naminə səfərbər edilib: amma bütün bunların Əliyevin və onun ətrafındakıların ailə üzvlərinə, yaxın qohumlarına heç bir dəxli yox idi. Müharibə aparan bir ölkə üçün bu, çox vacib bir detaldır.

Ardı var…