İdeologiyalı, ideologiyasız dövlət faktoru

Bir jurnalist dostumuzun yazdığına görə, “dünyada ideoloji dövlətlər sıradan çıxır, ideologiya keçmişdə qalır”. Dostumuz belə buyurur. Görəsən, o hansı planetdə yaşayır? Bəlkə, dövlətlərin olmadığı planetdə? Belədirsə, ona inanmaq olar. Belə deyilsə, o da bizim yaşadığımız Yer planetində yaşayırsa, onda, dostum, çevrənə, dünyanın o baş, bu başına yaxşı-yaxşı bax. Dövlət özü bir ideologiya faktoru olduğundan, bilmək gərəkdir: ideologiyasız dövlət olmur. Olursa, atam-qardaşım, indiki Azərbaycan kimi olur. 
Ideologiya toplumun yaşamına yönəlik ideyalar sistemidir. Bu baxımdan da ideologiyasız dövlət olmur, ola bilməz. Bizim indi bəyənmədiyimiz Sovet dövləti az bir arada 20-ci yüzilin başlanğıcındakı darmadağın durumdan dünyanın ən güclü dövlətlərindən biri durumuna gəlib çıxmışdı – 20-30 illik bir sürədə! Bu gözlənilməz dirçəlişin, yüksəlişin, az arada üstün gücə çevrilmənin bir başlıca nədəni vardı: çağına görə qabaqcıl, üstün ideologiya axarında ellik gücün bir araya gətirilməsi, hamının bir yola yönəldilməsi, bir amaca doğru düzlənməsi. Kimlərsə Sovet dövlətinin yıxılmasını quruluş ideologiyası ilə bağlayır. Yanlış düşüncədir. Sovet dövləti özünün ideoloji prinsiplərindən uzaqlaşma üzündən dağıldı. Özünün ideoloji prinsiplərinə bağlı qalmaqla yönətilsəydi, gördüyümüz, bildiyimiz bir çox əyintilərdən qorunsaydı, ya da bu əyintilər çağındaca aradan qaldırılsaydı, Sovet dövləti indi də var ola bilərdi.
Çağdaş dünyanın ən güclü, qabaqcıl dövlətləri, bildiyimiz kimi, özünün güclü ideologiyası ilə seçilən dövlətlərdir: ABŞ, Çin, Böyük Britaniya, Almaniya, Yaponiya… Bu dövlətlərin hər birinin öz milli özəlliklərinə, başqa cür desək, milli mentalitetinə uyğun ideologiyası var. Bu dövlətləri güclü, qabaqcıl dünya dövlətləri olaraq önə çıxaran da onların hər birinin özümlü ideologiyasıdır. Bunlardan Almaniyanın, Yaponiyanın ideologiyası özünü, özümlüyünü qoruma axarında güclənmə, güc toplama ideologiyasıdırsa (hər ikisində II Dünya savaşındakı uğursuzluğla bağlı uyğun kompleks görsənişləri var), ABŞ-ın, Böyük Britaniyanın, Çinin ideologiyası daha çox aqressiv-ekspansionist xarakterli, bu xarakterə uyğun axarda güclənmə ideologiyasıdır. Bu gün bir sıra dövlətlərin özünü açıq göstərən ekspansiya siyasətlərinin arxasında hansısa 4-5 illik seçilmiş prezidentlər, dövlət başçıları deyil, o dövlətlərin çoxillik, uzaq strateji amaclara yönəlik ideologiyaları dayanır. Bunları bilmək yalnız çox maraqlı deyil, eləcə də çox önəmli, çox gərəklidir.
Azərbaycana gəlincə, bizdə hakimiyət ideologiyası var, dövlət ideologiyası yoxdur. Bizim indiki uğursuzluğumuzun kökündə də bu durur. Dövlət ideologiyası (milli ideologiya) xalqı, bütün ölkə yurddaşlarını bir araya gətirib birləşdirməklə böyük güc yaradır. Sonra da bu gücü milli maraqlar yoluna yönəltməklə ölkənin dirçəlişində, yüksəlişində, qabaqcıl dünyaya qoşulmağında böyük rol oynayır. Dövlət ideologiyasının çağırışını, devizini iki sözlə anlatası olsaq, belə deyərik: güc birlikdədir!
Bizdə olan, dediyimiz kimi, hakimiyət ideologiyasıdır. Bu, administrator-filosof R.Mehdiyevin dililə desək, başda Əliyev-Mehdiyev tandemi olmaqla bəlli bir qrupun “öz şəxsi maraqlarını, mənafelərini güdmək məqsədi ilə” yaradıb, yaşatdığı ideologiyadır. Bu, rüşvət, korrupsiya, oğurluq, soyğunçuluq axarında Aazərbaycanı yeyib-yenmək ideologiyasıdır. Hakimiyətsə özünün ideoloji prinsiplərinə uyğun korrupsiya hakimiyətidir. Korrupsiya hakimiyətinin baş ideoloqu günlərin bir günü qanunauyğun olaraq deməliydi: “Prezident Administrasiyasında işə qəbul etmək üçün savadlı hüquqşünas tapa bilmirik”. Beləliklə, saxta seçkiləri ilə tanınan bir hakimiyətin təhsilinin də saxta olduğunu hakimiyət ideoloqunun özünün dilindən eşidirik. Beləcə, əliyevçi hüquqsuzluq ideologiyasının doğurduğu xarakterik görsənişlə üzləşirirk.