AXCP sədrinə sui-qəsd planını açandan təkzib aldılar

“Kars” öz işini gördü

“Millətim” qəzetinə məktub göndərərək, bir sıra sensasion iddialarla, o cümlədən AXCP sədri Əli Kərimliyə qarşı sui-qəsd təşkil edilməsiylə bağlı fikirlərlə çıxış edən məhkum Bəhlul Muradov yenidən açıqlama yayıb.
Məktubun titul vərəqini 7 saylı cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Tahir Yusifov imzalayıb. Qoşma vərəqdə isə Bəhlul Muradovun xətti ilə yazılmış məktub əlavə olunub.
B.Muradov yazır: “Bildirirəm ki, “Millətim” qəzetində mənim adımdan istifadə edərək həqiqətə uyğun olmayan məqalə dərc olunub. Bu, mənə və dövlət orqanına qarşı qərəzli surətdə istifadə olunan iftiradır”.
Məktubda daha sonra bildirilir: “AXCP-nin sədri Əli Kərimliyə qarşı sui-qəsd törədilməsi üçün müraciət edilməsi barədə dərc olunmuş xəbər “Millətim” qəzetinin təsisçisi Ramız Tağıyevin və onun qızı Lalə Ramizqızının fantaziyasıdır.
Məqalədə qeyd olunan şəxslər arasında şəxsən tanıdığım Təhmasib Novruzovla şəxsi münasibətlərim olub, bu münasibətlərin göstərilən yalanlara heç bir aidiyytı yoxdur. Bir daha bildirmək istəyirəm ki, mənim Əli Kərimliyə və digər Azərbaycan vətəndaşlarına qarşı cinayət törətməyim üçün indiyədək heç kəs mənə müracət etməyib. “Millətim” qəzetində yazılan bu yalanlara görə cəmiyyətdən üzr istəyirəm” (avropa.info).

Qeyd edək ki, bu, B.Muradovun məlum məktubu yayılandan sonra onun barəsində alınan ikinci xəbərdir. Dünən axşam saatlarında B.Muradovun yazdığı məktuba görə “karsa” salındığı xəbəri yayılmışdı. Göründüyü kimi, cəza öz işini görüb və ədliyyə sistemi məhbusdan özünü təkzib edən açıqlama ala biliblər. Bu fikri təkzib məktubunun titul vərəqini 7 saylı cəzaçəkmə müəssisəsinin rəisinin imzalaması da qüvvətləndirir.

Bundan başqa, B.Muradovun “Millətim” qəzetinə göndərdiyi birinci məktubun əlyazması var və bunu qəzet özünün çap variantında yazıya şəkil kimi əlavə edib.