Ukraynada müxalifətdə olan Ata Vətən Partiyası hazırda həbsdə olan keçmiş Baş nazir Yuliya Tımoşenkonu özünün prezidentliyə namizədi elan edib. Ukraynada prezident seçkiləri 2015-ci ildə keçiriləcək. Ata Vətən Partiyasının sədri dekabrın 7-də jurnalistlərə bildirib ki, o zamana qədər Avropa Məhkəməsinin qərarı il Tımoşenkonun həbsdən azad ediləcəyinə ümid edirlər.
Keçmiş baş nazir Yuliya Tımoşenko keçən ilin oktyabrında 7 il müddətinə azadlıqdan məhrum edilib. Onu hakimiyyətdə olduğu illərdə vəzifədən sui-istifadədə və 1990-cı illərdə milyonlarla dollar pulu vergidən yayındırmaqda ittiham ediblər. Tımoşenko isə əslində siyasi qisasçılıq qurbanı olduğunu bildirir. O, 2010-cu ildə keçirilən prezident seçkisində indiki dövlət başçısı Viktor Yanukovich-in rəqibi olub.


