“Azadlıq” radiosu Kobianı təkzib etdi

Avropa Birliyinin Azərbaycandakı səfiri Roland Kobia gələn ilki prezident seçkilərində İlham Əliyevin qalib gəlmə şansının daha çox olması ilə bağlı fikirlərinə “Azadlıq” qəzeti və “BBC Azərbaycanca” radiosu ilə söhbətində aydınlıq gətirib. Səfir deyib ki, bir beynəlxalq konfransda  qeyri-rəsmi olaraq jurnalistlərin gələn ilki seçkilər barədə suallarını cavablayıb: “Mən dedim ki, Aİ siyasi pluralizm istəyir, Aİ seçkilər üçün şəffaf şərait istəyir, Aİ daha çox namizədin iştirakını istəyir, amma seçkilərdən danışmaq hələ ki tezdir”.

Kobia, ona verilən ikinci yardımçı sualın “İlham Əliyevin seçkilərdə şansı” barədə olduğunu qeyd edib.

“Dedim ki, o tanınır, bu faktdır, Azərbaycanda keçirilən sorğuların nəticələrinə əsaslanmışam, dedim ki, o bir çox sahələrdə yaxşı işlər görüb, bu baxımdan onun şansları çoxdur”, deyən Kobia, bu sorğuların “Azadlıq” radiosu, Regnum İA və Caspian Sorğu Mərkəzi tərəfindən keçirildiyini və onların hamısında təxminən 90 faizdən çox cavabın İlham Əliyevin lehinə olduğunu bildirib.

Səfirin dedikləri ilə bağlı “Azadlıq” radiosu açıqlama yayıb. Radio qeyd edir ki, Azərbaycanda prezidentliyə namizədlərin şansları barədə heç bir elmi-sosioloji rəy sorğusu keçirməyib. Səfirin hansı sorğuya istinad etdiyi aydın deyil.