«Milli Təhlükəsizlik Nazirliyi arayış verməyəcək ki, filankəs mənim agentimdir»
Ibrahim Musayevin şok açıqlamaları Naxçıvan MTN-ində işgəncə ilə öldürülən Turac Zeynalov olayını yenidən gündəmə gətirdi. Söhbət, bu olayla bağlı əməliyyatda iştirak etmiş MTN əməkdaşının “Azadlıq”a təqdim etdiyi ifşaedici məlumatlardan gedir. Məhz onun – Ibrahim Musayevin bu açıqlamalarından sonra Turacın qətli ilə bağlı bəzi təfərrüatlar üzə çıxdı.
Məlum oldu ki, həyat yoldaşının qətlini araşdırmaq üçün ilk vaxtlar sözün əsl mənasında dəridən-qabıqdan çıxan Gülnar Ağayevanın sonradan bu işdən vaz keçməsi səbəbsiz deyilmiş. Belə ki, G.Ağayeva özü də bilmədən I.Musayevin Naxçıvanın Milli Təhlükəsizlik naziri Vəli Əsgərov və onun yaxın adamı olan MTN əməkdaşı Ilqar Hacıyevin göstərişi ilə həyata keçirdiyi əməliyyata cəlb olunub. Həqiqətlər ortaya çıxanda isə G.Ağayeva qarşı tərəfdən izahat tələb edib. Məsələnin böyüyəcəyini görən Naxçıvan MTN-i isə Gülnarın aradan götürülməsi ilə bağlı qərar qəbul edib. Buna qədərki göstərişləri uğurla yerinə yetirən Ibrahim Musayev məsələ bu yerə çatanda qərarı icra etmək istəməyib. Və bu ilin sentyabrında həyat yoldaşı ilə birgə ölkəni tərk edib. Məlum ifşaedici açıqlamaları da məhz xarici ölkələrin birinə yerləşdikdən sonra verməyi qərara alıb. Maraqlıdır ki, Milli Təhlükəsizlik Nazirliyi I.Musayevin açıqlamalarını birmənalı şəkildə yalanladı. Nazirlikdən bildirdilər ki, MTN-in Ibrahim Musayev adlı əməkdaşı yoxdur.
Təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayıl isə Ibrahim Musayevin dediklərinin həqiqət olduğunu bildirsə də, onun MTN-in kadr əməkdaşı olmadığını düşünür: “Materialları oxuyan kimi görürsən ki, bu adam Milli Təhlükəsizlik Nazirliyinin kadr əməkdaşı deyil. Amma onun MTN-ə hər hansı formada bağlılığı ola bilər. O, məxfi əməkdaş, inanılmış şəxs, agent kateqoriyasına daxil edilmiş adam ola bilər.
O, konkret adlar çəkir. Hiss olunur ki, onunla işləyiblər.
Belə adamların MTN-ə cəlb edilməsində heç bir qəbahət yoxdur. Müvafiq qanunvericiliyə görə də, Milli Təhlükəsizlik Nazirliyinin məxfi əməkdaşlar cəlb etməyə ixtiyarı var. Amma onlara qanundan kənar tapşırıqlar verilirsə, bu artıq başqa məsələdir. Belə tapşırıqların verilməsi yolverilməzdir.
Ola bilsin ki, onu aldadaraq MTN-in əməkdaşı olduğunu deyiblər. O da mümkündür ki, ona bir günlük vəsiqə versinlər, sonra da geri alsınlar. Hətta həvəsləndirmək üçün ona rütbə verdiklərini də deyə bilərlər. Ona görə də MTN-dən bu gün çox rahatlıqla bildirirlər ki, belə adda əməkdaşları olmayıb. Ibrahim Musayevin Naxçıvan MTN-i ilə əlaqədə olduğunu yalnız müstəqil məhkəmə müəyyən edə bilər. Əks halda MTN arayış verməyəcək ki, filankəs mənim əməkdaşım deyil, agentimdir”.
I.Ismayılın fikrincə, I.Musayevin bu cür ifşaedici açıqlamalar verməsi MTN-də işləyən zabitlərin səhvinin nəticəsidir: “Çünki zabitlər agentlərə möhkəm şəkildə tapşırırlar ki, belə bir əlaqədə olduğunuzu heç vaxt heç kimə bildirməyin. Hətta bununla bağlı yazılı iltizam da alırlar. Açıqlamalara gəlincə, Ibrahim Musayevin Turac Zeynalovun qətli ilə, ailəsi ilə bağlı dedikləri əsasən həqiqətdir. Amma bunu sübut etmək lazımdır ki, həqiqətən bu tapşırıqları ona MTN verib ya yox. Ramin Nağıyev də açıqlamalar verir. Ona heç vaxt deyə bilməzlər ki, MTN-in əməkdaşı olmayıb. Bu adam birbaşa istintaq idarəsinin müstəntiqi, yəni MTN-in kadr əməkdaşı olub. Dedikləri ilə də bağlı adətən heç bir təkzib verilmir”.
İnformasiya şöbəsi