Mühacirətdə olan polkovnik yaxın tariximiz üzərindəki daha bir sirr pərdəsini qaldırır
Bu kampaniya Heydər Əliyev üçün insan taleyi adlı faktorun heç bir önəmi olmadığını göstərdi…
Bir müddət sonra 1993-94-cü illərdə təşkil edilmiş məşhur “qış əməliyyatı”nın ildönümüdür. “Azadlıq” qəzetində həmin illərin olayları ilə bağlı yazdıqlarıma əlavə olaraq, bu məşhur, eyni zamanda, ağır məğlubiyyətlə yadda qalan hərbi əməliyyatları təsvir etmək zəruridir. Üstündən 20 il keçəndən sonra da olsa, adamlar orada nə baş verdiyini təfsilatı ilə bilməli və həmin məğlubiyyətin səbəblərini, səbəbkarlarını tanımalıdırlar.
***
İsa Sadıqov
Bu, həmin ərəfədə orduya komandanlıq edənlərin avantürasından başqa bir şey deyildi. Həm də cinayətkarcasına bir avantüra idi.
Nəticədə bu əməliyyat bizim ordumuza bütün hərbi əməliyyatlar tarixində heç zaman baş verməyən ağır bir məğlubiyyət yaşatdı. Çoxlu sayda hərbi qulluqçu və əsgər donaraq əl-ayağını itirdi, bundan qat-qat artıq adam da qar uçqunları altında qalaraq həlak oldu.
Bu qış kampaniyası işğal olunmuş ərazilərin tamamilə azad edilməsi, dövlət sərhədlərinin bərpası iddiası ilə başlanmışdı, amma həm ölkə, həm də ordu üçün faciəvi bir şəkildə sona yetdi. Bu kampaniya Heydər Əliyev üçün insan taleyi adlı faktorun, hərbi əməliyyatların nəticələrinin, müharibənin hansı şəkildə başa çatmasının heç bir önəmi olmadığını göstərdi.
Amma bu nəticələri görməmək mümkün deyildi. Sadəcə, Heydər Əliyev bu əməliyyatlara sovet dövründən yadında qalmış “beş illik” planlar kimi yanaşır, burada da “pripiska” əməliyyatlarının keçəcəyini təsəvvür edirdi. O, yalnız özünə güvənir, boş yerə elə hesab edirdi ki, onun imkanlarından xaric ola biləcək heç bir iş yoxdur. Amma bir faktı unudurdu ki, bu, pambıq yığımı deyil və bu əməliyyatlar sözün birbaşa mənasında ölkənin, minlərlə insanın taleyini həll edir.
Mən artıq qeyd etmişəm və bir daha vurğulayıram ki, onun sərkərdəlik keyfiyyətləri, biliyi, bacarığı yox idi; o, sadəcə, bir sovet KQB məmuru olaraq qalırdı. Hərbi əməliyyatların aparılması zamanı intriqalar işə yaramır, burada cəsarət, təşkilatçılıq bacarığı, sərkərdəlik qabiliyyətləri gərəkdir.
O, qış kampaniyasından əvvəl qarşısına qoyduğu əsas məqsədlərə çatmışdı: hakimiyyəti tam olaraq ələ keçirmiş və öz mövqelərini möhkəmləndirmişdi. Prezident “seçilmək” üçün öz adamlarını bütün zəruri yerlərə təyin etmiş, Surət Hüseynovun isə bütün müqavimət imkanlarını sıfra endirərək, sındırmışdı. Indi isə o, müharibə işinə son qoymalı idi. O, bu problemi də ildırım sürətilə tez və ən qısa müddətdə yoluna qoymağı hesablayırdı. Düşünürdü ki, bu məsələnin, yəni, hərbi əməliyyatların uzanması onun hakimiyyətini laxlada, onu hakimiyyətdən kənarlaşdıra bilər. Heydər Əliyev bundan çox qorxurdu. Müharibənin uğurla başa çatması üçün o, sərəncamında olan bütün vasitələrdən, təbii ki, həm də OMON- dan istifadə edirdi.
Təəssüf ki, bir sıra zəruri məsələlər haqqında danışa bilməyəcəyəm, amma qısaca onu qeyd edim ki, OMON müharibənin uğurla başa çatması naminə çox iş gördü, çox fədakarlıq etdi, sadəcə, heç bir nəticə olmadı.
Elə buradaca, həm də onu qeyd etməliyəm ki, bu əməliyyatların başlanğıcında Heydər Əliyevin uzaqgörən siyasətçi olmadığı ortaya çıxdı. O, bizim haqlı savaşımızı dini müstəviyə keçirdi. Bəli, məhz, belə etdi. O, Azərbaycanın dini zəmində savaş apardığını təsdiq etmək üçün rəqiblərimizə ciddi arqumentlər verən bir sıra addımlar atdı.
Milli hakimiyyətin zamanında da bir çox mərhələlərdə imkan vardı ki, ölkə xaricindən əlavə hərbi qüvvə cəlb edilsin. Amma Ali Baş Komandan bunun nəticələrini düzgün dəyərləndirərək, kənar qüvvələrin Azərbaycana cəlb edilməsinə yol vermirdi. Əbülfəz Elçibəy bütün dünyaya nümayiş etdirirdi ki, Azərbaycan xalqı öz ərazi bütövlüyünü təmin etmək üçün haqlı savaş aparır və ərazisini terrorçulardan təmizləyir. Elə buna görə də müharibənin gedişi boyu milli hökumət dünya ictimaiyyəti tərəfindən ciddi mənəvi-siyasi dəstək alırdı. Təsadüfi deyildi ki, Kəlbəcərin işğalından dərhal sonra BMT Azərbaycanın tələblərini dəstəkləyən qətnamə qəbul etdi və Kəlbəcərin qeyd-şərtsiz işğaldan azad olunmasını tələb etdi. Heydər Əliyev isə bütün bu uğurları sıfra endirdi. O, heç zaman siyasətçi olmamışdı və sona qədər də ola bilmədi. Buna görədir ki, onun 10 illik, ondan sonra isə oğlunun 10 ildir davam edən hakimiyyəti zamanında ATƏT-in Minsk Qrupunun həmsədrləri faktiki olaraq, Dağlıq Qarabağın Azərbaycana məxsusluğunu sual altına qoyub. Məhz bu kor siyasətin nəticəsidir ki, hələ də dünyanın ayrı-ayrı ölkələrində bəzi KIV-lər Azərbaycanla Ermənistan arasındakı savaşı Islam və Xristianlıq arasında müharibə kimi təqdim edə bilirlər. Hətta bizim günlərdə də bəzən Norveçdə belə, bir sıra polemikalarda sübut etməyə məcbur oluram ki, bu, Azərbaycanın ərazi bütövlüyü və öz ərazisini terrorizmdən xilas etmək üçün apardığı hərbi münaqişədir. Indi də bəzi müzakirələrdə təkzib edilməsi o qədər də rahat olmayan bu xoşagəlməz əsaslar isə 1993-cü ilin sonlarında Heydər Əliyev tərəfindən yaradılmışdı.
Həmin ərəfədə Müdafiə nazirinin səlahiyyətlərini əvəz edən Səfər Əbiyev bu vəzifədən kənarlaşdırılmış və Müdafiə Nazirliyinin sərəncamına verilmişdi. Azərbaycanın Rusiyadakı səfiri Ramiz Rizayevin vasitəçiliyilə oralarda Məmmədrəfi Məmmədov adlı hansısa generalı tapıb Azərbaycana Müdafiə naziri təyin etmişdilər. O, bir zamanlar Artilleriya məktəbini bitirsə də, bütün hərbi karyerası boyu təchizat işi ilə məşğul olmuşdu. Hərbçilərin termini ilə desək, “tılovik” idi. Baxmayaraq ki, elə həmin zamanlarda Azərbaycan ordusunda Müdafiə Nazirliyini idarə edə biləcək çoxlu səviyyəli və ləyaqətli generallar, döyüş təcrübəsi olan, hərb işini bilən zabitlər vardı, Əliyev bu seçimi etdi. Amma hər halda, Əliyevin iş üsulunu bilənlər üçün təəccüblənməyə dəyməzdi.
Ardı var