Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) sədri, insan haqları müdafiəçisi İlqar İbrahimoğlu Estoniyaya səfər edəcək. Səfər Estoniya Respublikasının prezidenti Toomas Hendrik İlvesin dəvətilə baş tutur.
Estoniya prezidenti DEVAMM sədrinin dekabrın 9-10-da Tallinndə keçiriləcək “İnsan haqqları və yeni çağırışlar” mövzusunda beynəlxalq konfransın işində iştirak etmək istəyini ifadə edib.
Səfər çərçivəsində İ.İbrahimoğlu Tallinndə keçiriləcək Estoniya İnsan Haqları İnstitutunun 20-ci yubiley konfransında iştirak etməyi planlaşdırır. Konfrans, “İnsan haqları üzrə yeni çağırışlar” mövzusunda keçiriləcəkdir.
Konfrans, Estoniya Respublikasının prezidenti Toomas Hendrik İlvesin patronajı altında keçiriləcəkdir.
Konfransın məramı – dəyişən dünya kontekstində insan haqlarının müdafiəsinin müxtəlif aspektlərinin təhlili, habelə İnternet məkanında insan haqlarının və azadlıqlarının qorunması problemlərinin araşdırılması, bu sahədə təklif bazasının müəyyən edilməsidir.
Konfransın işində nüfuzlu beynəlxalq ekspertlərin iştirakı nəzərdə tutulmuşdur. Konfrans çərçivəsində insan haqlarının prioritet rolunu vurğulayan formatda çeşidli debatların təşkil edilməsi planlaşdırılır.
Konfransı daimi əsaslı insan haqları təsisatı formatına keçirməklə bağlı dəqiq planlar da mövcuddur.


