Axmaq söhbətlər

Xeyli belə adam var – siz onlara hər yerdə: ətrafımızda, qəzet səhifələrində, televiziya ekranlarında rast gələ bilərsiniz – ömründə bəlkə də bir kitab üzü açmayıblar, bir kitabı axıracan oxumayıblar, amma qulaqdan-qulağa gəzən “müdrik” sözləri əzbərləyərək, onlarla silahlanaraq camaata öyüd-nəsihət verməyi sevirlər. Öz köləliklərini, qorxaqlıqlarını başqalarından eşitdikləri kəlamların arxasında gizlətməyi sevirlər. Bəzən bu, onlar üçün məcburiyyətdir – fakt, arqument qarşısında qaldıqda imdadlarına məhz belə axmaq, bir çox hallarda təhrif olunmuş söhbətlər çatır. Ondan yapışıb özlərini sığortalamaq istəyirlər. Sudan quru çıxmağa, əxlaqsızlıqlarına bəraət qazandırmağa çalışırlar.
Azərbaycanda çox geniş yayılan belə axmaq söhbətlərdən biri “mənim azadlığım başqasının azadlığının başladığı yerdə bitir” söhbətidir. Biz bunu o adamlardan eşidirik ki, onların, ümumiyyətlə, heç azadlığı da yoxdur, təbiətləri, mahiyyətləri etibarilə mütidirlər, quldurlar, ictimai mövqeləri, baxışları, davranışları isə tamamilə azadlığa qarşıdır. Zərərlidir. Ictimai təhlükəlidir. Və onlar özlərinə bəraət qazandırmaq üçün hardansa eşidib əzbərlədikləri bu “kəlam”dan hər fürsətdə sonuncu sığınacaq kimi yararlanırlar.
Guya kimsə başqasının ictimai kimliyini təftiş edirsə, həmin adamın azadlığına təcavüz edir. Boş söhbətdir. Əgər sən öz ictimai kimliyinlə, ictimai davranışlarınla hamının azadlığına mane olursan, hamının azadlığının əlindən alınmasına kömək edir, köləliyi gücləndirməyə xidmət göstərirsənsə, hansı haqla gözləyə bilərsən ki, buna görə sənə heç kim güldən ağır söz deməyəcək, heç kim səni təftiş etməyəcək və hamı bunu sənin “ifadə, söz, düşüncə azadlığın” kimi tanıyaraq ona hörmətlə yanaşacaq? Azadlıqlara qarşı “ifadə, söz, düşüncə azadlıqları” ilə silahlanmaq həyasızlığın son həddi, utanmazlığın kulminasiya nöqtəsidir.
Başqa bir populyar söhbət də var: “Yalnız dəlilər və ölülər fikirlərini dəyişmirlər”. Bizdə bu, öz mövqelərini, cəbhələrini 180 dərəcə dəyişmiş adamların dilindən düşməyən söhbətdir. Beləcə, kontekstdən çıxarılmış və təhrif olunmuşdur. Əlbəttə, fikirlərini dəyişməyən yalnız ölülərdir, amma bundan istifadə edib həqiqəti yalana, ağı qaraya, Xeyiri Şərə dəyişmək olarmı? Məsələ budur. Siz dünən sağçı idiniz, bu gün solçu ola bilərsiniz, amma önəmli olan odur ki, bu zaman yalana, oğurluğa, saxtakarlığa münasibətiniz də dəyişməsin. Irticaya qarşı mübarizdən irtica qulbeçəsinə, mürtəce yanlısına çevrilməyəsiniz və bunun da mükafatı hansısa deputat mandatı, prezident təqaüdü, orden-medal, ev olmasın. Dünən millətçi idiniz, bu gün liberalsınız, ola bilər, problem yoxdur. Amma düşüncələrinizdə, dünyagörüşünüzdə bu dəyişiklik istibdada haqq qazandırmaq, zülmə züy tutmaq, həqiqətə sırtını çevirməklə müşayiət olunursa, bax onda problem başlayır. Bax, onda bunun adı dəyişiklik yox, dönüklük olur.
Daha bir axmaq söhbət – hansı ki, çox mentallaşıb. “Dədə-baba sözü” statusu qazanıb: “Yol böyüyündür, su kiçiyin”. Bu, Azərbaycansayağı kor-koranə itaətkarlığı, təslimçiliyi özündə ən gözəl ehtiva edən “kəlamdır”.
Müstəqillik illərinin təcrübəsi göstərdi ki, böyüyün başına deyil, yaşına baxıb yolu ona verəndə, böyüyü ağlına, zəkasına görə deyil, saçına, saqqalına baxıb irəli buraxanda heç kiçiklər düz-əməlli su da içə bilmirlər. Qalırsan çayın qabağını kəsib oturmuş əjdaha misallı “Azərsu”nun əlində girinc. Ya heç su vermir, ya da verdiyi su kanalizasiya, üfunət qoxuyur.
Bəlkə də ölkənin təbii iyi budur, hardan biləsən?!