O məşhur lətifənin ölümü: bu dəfə güldürmədi

Avropa Birliyinin buradakı nümayəndəliyinin rəhbəri Roland Kobianın dünənki açıqlamaları haqqında nə demək olar? Heç nə. Bu bir daha sübut edir ki, Azəraycandakı dəyişikliklərin əsas hərəkətverici qüvvəsi xalqdan başqası ola bilməz. Demokratiya qaranquş kimi başqa diyarlardan uçub gələ bilməz, onu bu vətən torpaqları üzərində hegemon qılacaq tək güc varsa, o da biz özümüzük.
Biz öz ölkələrinin bəşəri dəyərlərinə sahib çıxa bilməyən, onu alver predmetinə çevirən Kobiaları çox görmüşük, həm də lap çox – Eskuderolar, Brayzalar-zad. Ona görə də Kobia-mobia nə deyir, əhəmiyyətli deyil. Əhəmiyyətli olan odur ki, həqiqət nə deyir? Reallıq nə deyir?
Reallıq deyir ki, Azərbaycandakı rejimi dünyanın heç bir avtoritar rejimi ilə müqayisə etməyə dəyməz, bu, heç diktatura rejimi də deyil, bu, başdan-ayağa mafiya rejimidir, mütəşəkkil cinayətkar şəbəkədir. Elə son iki günün adamın qanını donduran, ağlını başından aparan vəhşətini götürək – Naxçıvan MTN-də qəddarcasına öldürülən Turac Zeynalovun həyat yoldaşı Gülnar Ağayeva ilə bağlı açıqlanan dəhşətləri oxuyaq. Oxumayanlar varsa, oxusunlar. Oxuyanlar da dönə-dönə oxusunlar. Mən iki dəfə oxudum və bunlardan hər cür iyrəncliyi, çirkinliyi gözləyən, heç birinə də təəccüblənməyəcək biri olaraq, hər dəfəsində də dəhşətli dərəcədə heyrətləndim. Yox, yox, biz bunları hələ də yaxşı tanımırıq. Yox, yox, biz bunlara qarşı nə yazsaq, nə söyləsək, çox yumşaqdır, çox mərhəmətlidir. Yox, yox, bunların materialı biz bildiyimiz insan materialından – ətdən, qandan, sümükdən ola bilməz!
Yadınızdadırmı, şeytanın “Allahın olsun!” deməyə məcbur qaldığı o məşhur lətifə. Biz lətifə sanırdıq onu, bəyəm lətifə-filan deyilmiş. Bəyəm o lətifəyə gülmək yerinə, ağlamalıymışıq.
Mən çox arzulayardım ki, Naxçıvan MTN-dəki dəhşətlər Roland Kobianın əzizlərindən birinin də başına gələydi və görəydik o yenə də çıxıb deyirdimi: “Düşünürük ki, Ilham Əliyevin bu seçkilərdə qalib gəlməyə daha çox şansı var, çünki o xalq arasında tanınır”.
Xalq arasında çox tanınmaq məsələsini bir dəfə də xalqsız xalq yazıçısı Anar Rzayev özünün haqlı olduğuna arqument kimi gətirmişdi. Onda da biz cənab Rzayevə cavab olaraq demişdik: “Ona qalsa, Nadir Qafarzadə səndən də çox tanınır, məgər bu haqlılıq, istedad göstəricisidirmi?”.
Eyni məntiqlə, indi belə çıxır, Ilham Əliyev minnətdar olmalıdır ki, Səməd Səmədovun prezidentlik iddiası yoxdur, əks halda şansı yarıbayarı azalardı, çünki xalq arasında ondan heç də az tanınmır.
Bax belə, çox gülməli.

Rusiyanı niyə alqışlayıram?

Hər nə qədər demokratik dəyərlərdən uzaq olsa da… Hər nə qədər nəhəng rus mədəniyyətindən qopsa da… Hər nə qədər rus xalqının potensialının ifadəçisi olmasa da, bugünkü Rusiya hakimiyyətini ayaqda alqışlayıram.
Sadə səbəbdən: hər şeyə rəğmən özü kimi qeyri-demokratik, basqıçı, azadlıqlara, hüquqlara sayğısını itirmiş rejimlərə açıq, birbaşa dəstəyinə görə. Öz xurcuntayılarına sonadək sədaqətinə və vəfasına görə! Öz avtoritar dəyərlərini heç bir bazarlığın, sövdələşmənin predmetinə çevirmədiyinə görə!
Bu gün Rusiyanın qeyri-insani rejimlərə açıq, cəsur və tükənməz dəstəyinin mində biri özünü “demokratiyanın beşiyi”, “azadlıqların müdafiəçisi” adlandıran ölkələrdə olsa, kim bilir, indi dünyada özgürlüyün sərhədləri bugünkündən nə qədər geniş, nə qədər böyük idi.
Baxsınlar və gözlərinə su versinlər!

Bir sual-bir cavab

Bəzən soruşurlar məndən: doğrudanmı, yaptokratiya haqqında müsbət heç nə yazmaq mümkün deyil?
Tam səmimi deyirəm: bu rejimin təqdir ediləcək, qiymətləndiriləcək bircə tərəfi olsa, inanın ki, heç kimdən çəkinmədən, heç bir kompleks keçirmədən açıq-açıq yazardım.
Amma təqdir ediləcək, alqışlanacaq bir dənə də müsbət tərəfləri, yalansız, saxtakarlıqsız, oğurluqsuz bircə dənə də işləri yoxdursa, necə yazım, ya da bunda mənim nə suçum, bunda mənim nə günahım?