Əməlliyatın icraçısı hüquq müdafiəçisinə nələr deyib?
«Hansı evlərdə gizli çəkilişlər apardığını, hansı mənzillərdə videokameralar qoyduğunu dəqiqliyi ilə mənə açıqladı»
Məlahət Nəsibova: «Ailəmə və övladlarıma qarşı hər hansı təhlükənin olacağı təqdirdə bilin ki, bu məsələ ilə bağlı olacaq»
Naxçıvan MTN-də işgəncə ilə öldürülən Turac Zeynalovla bağlı ilginc məlumatların ardı-arası kəsilmir. Bir neçə gündür “Azadlıq”da T.Zeynalov olayı ilə bağlı əməliyyatda iştirak etmiş MTN əməkdaşının etirafları dərc olunur. Ibrahim Həsən oğlu Musayev adlı bu şəxs artıq belə qaranlıq işlərdə iştirak etmək istəmədiyini və bu səbəbdən bu ilin sentyabrında həyat yoldaşı ilə birgə ölkəni tərk etdiyini deyir.
I.Musayev iddia edir ki, Naxçıvanın Milli Təhlükəsizlik naziri Vəli Əsgərov və onun yaxın adamı olan MTN əməkdaşı Ilqar Hacıyevin göstərişi ilə T.Zeynalovun həyat yoldaşı Gülnar Ağayeva ilə bağlı əməliyyat keçirib. Məqsəd də, onu ələ almaqla Turacın qətli ilə bağlı məlumatları ictimailəşdirməsinin qarşısını almaq olub. Bu məqsədlə o, “təsadüfən” G.Ağayeva ilə tanış olub və onunla evlənəcəyini bildirib. Əməliyyatın bu mərhələsi uğurla başa çatıb. Növbəti mərhələdə isə I.Musayev vasitəsilə G.Ağayevaya narkotik tələsi qurulub. Və məhz bundan sonra sosial şəbəkələrdə G.Ağayevanın məlum “etirafları” peyda olub. Sonradan T.Zeynalovun yoldaşı ona qarşı tələ qurulduğunu anlayıb və qarşı tərəfdən bunun hesabını sormağa başlayıb. Nəticədə G.Ağayevanın aradan götürülməsi ilə bağlı Naxıvan MTN-də qərar qəbul edilib. I.Musayev isə bu qərarı icra etmək istəmədiyi üçün ölkədən qaçıb.
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Ictimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev isə dünən məsələ ilə bağlı verdiyi açıqlamada bu məlumatları təkzib edib. A.Babayev bildirib ki, yayılan həmin məlumatlar bəlli qüvvələrin növbəti uydurmasıdır: “MTN-in Ibrahim Musayev adlı əməkdaşı yoxdur. Bu adda MTN-lə hər hansı formada bağlılığı olan şəxs də yoxdur”.
Qeyd edək ki, “Azadlıq”a açıqlamasında I.Musayev Naxçıvandakı hüquq müdafiəçisi Məlahət Nəsibova ilə də əlaqə saxladığını və ona bəzi ilginc faktlar təqdim etdiyini bildirib. Dünən M.Nəsibovaya müraciət edib əvvəlcə MTN-nin məlum açıqlamasına münasibət öyrəndik. M.Nəsibova I.Musayevin həqiqətən Naxçıvanın Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olduğunu bildirdi: “Belə bir adam həqiqətən var. Adı-soyadı da özünün dediyi kimidir. Bu adamın ailə üzvləri, həyat yoldaşının qohumları, dostları Naxçıvanda yaşayır. Evinin ünvanına qədər, barəsində bir çox məlumatları bilirəm. Qohumları da bu adamı MTN işçisi kimi tanıyırlar. Ibrahim Musayev vəsiqəsini təqdim edə bilmir. Düşünür ki, ona MTN-in saxta vəsiqəsini veriblər. Təxminən bir ay əvvəl mənimlə əlaqə saxlamışdı və çox həyəcanlı idi. O başına gələn hər şeyi, həmçinin Gülnar Ağayeva ilə bağlı məlumatları mənə detallı şəkildə danışdı. Və kömək istədi. Çünki həyatı təhlükədə idi. Onu yaşadığı ünvandan tapmışdılar və yerini dəyişməyə məcbur olmuşdu. Başqa dövlətlərdə yaşayan hüquq müdafiəçilərinin köməyi ilə ona kömək etməyə çalışdıq. Dedi ki, mən əvvəl elə bilirdim vətənə xidmət edirəm. Amma sonra gördüm ki, neçə-neçə ailələri dağıdıram. Mənə bir çox başqa hadisələr haqda da məlumat verdi. Dəqiq ünvanlar göstərdi. Hansı evlərdə hansı hadisələr cərəyan edir, hansı mənzillərdə videokameralar qoyulub, kimləri videolentə alıb, kimlərin gizli görüntülərini götürüb. Mən bu ünvanları dəqiqləşdirməyə çalışacam. Vaxtı gələndə bütün bunları açıqlayacam. Yəni Gülnar Ağayeva məsələsi ilk deyil. Bundan əvvəl də anoloji hallar baş verib. Əslində Naxçıvan MTN-i buna dərhal reaksiya verməli idi. Çünki söhbət, çox ciddi iddialardan gedir. Dedi ki, bu etirafları etməyə məni vicdanım məcbur etdi. Və istəmədim ki, bir daha belə hallar baş versin”.
M.Nəsibova G.Ağayevanın artıq kənddən köçdüyünü və Naxçıvanın özündə yaşadığını da bildirdi: “Onu düz mənim qulağımın dibinə yerləşdiriblər. Yaşadığım binanın altında işləyir. Məndə olan məlumata görə, bu da, MTN-in növbəti təxribatıdır. Mən onunla görüşməyə çalışacam. Ailəmə və övladlarıma qarşı hər hansı təhlükənin olacağı təqdirdə bilin ki, bu məsələ ilə bağlı olacaq. Mənim 2 övladım onların təzyiqləri ucbatından ölkəni tərk edib. Uşaqlarımı dəhşətli dərəcədə incidirdilər. Çox böyük əziyyətlə daxil olduqları universitetləri üçüncü kursdan atıb məcburən ölkədən getdilər”.
“Azadlıq”