“Məni arxasız görüblər…”

Gülər Əhmədova: “Elşad Abdullayevin pulu məndə olsaydı, “Avatar-Elşad” filmi çəkərdim”

Elşad Abdullayevin yaydığı məlum videolarla mandatını itirməli olan keçmiş deputat Gülət Əhmədova rəhbərlik etdiyi “Mərkəz” qəzetinə müsahibə verib. Müsahibə hələ dərc olunmasa da, qəzetin saytında (“merkez.az”) keçmiş deputatın dediklərindən kiçik bir parça yerləşdirilib. Bu hissədə G.Əhmədova E.Abdullayevin yaydığı videolar məsələsinə münasibət bildirir:
“Elşad Abdullayevdə olan pul, ətrafındakı texniki heyət məndə olsaydı, “Avatar-Elşad” filmi çəkərdim…
Bəzilərinin əlinə girəvə düşüb və köhnə intiqamını alır, bəziləri isə iqtidarın üstünə yerimək üçün şans əldə edib. Ən əsası isə hamı məni arxasız görüb”.
G.Əhmədova hazırda səhhətinin pisləşdiyi, buna görə də çox şeyə reaksiya verə bilmədiyini deyib. “Bir qadını yıxmaq üçün bu qədər kişi qolunu çirmələyib düşüb meydana. Heç gözləməzdim” deyən sabiq deputat indi başlıca qayğısının sağlamlığı olduğunu bildirib. “Xəstəliyə qalib gələ bilsəm, hər şey düzələr”, – deyə o, qeyd edib.