Mən prezident olmaq istəyirəm – ölkəmi yağı ağalığından qurtarmaq üçün! Mən prezident olmaq istəyirəm – ölkəmdəki rüşvət, korrupsiya, oğurluq, soyğunçuluq, monopoliya hakimiyətinə son qoymaq üçün! Mən prezident olmaq istəyirəm – ölkəmə özgürlük, demokratiya, yüksək yaşayış gətirmək üçün! Mən prezident olmaq istəyirəm – ölkəmdəki yalan, yaltaqlıq rejimini yıxıb yerində doğruluq – düzgünlük quruluşu qurmaq üçün! Mən prezident olmaq istəyirəm – ulusumu-xalqımı yüksəltmək, Azərbaycanı adı kimi gözəl bir ölkəyə çevirmək üçün! Sizlər də antimilli, antidemokratik rejim yetkililərinə istəyinizi açıq bildirin: – Bu ölkə yağıların deyil, mənimdir, mənim olmalıdır!
Hakimiyət üçün nəyə desən gedən Heydər Əliyev müxalifət başını qaldıran kimi televiziya ekranlarına çıxıb deyirdi: “Onlar hakimiyət uğrunda mübarizə aparırlar”. Etibar Məmmədov ortaya üstün güc qoyanda H.Əliyev yenə də özünün, hakimiyətinin başlıca dayaqları olaraq baxdığı televiziya ekranlarına çıxıb demişdi: “Etibar Məmmədov bir ağac əkibmi?”. “Əməliyatçı” olaraq tanınan KQB generalı xalqı boş damarıyla oynamağın ustası idi. O, xalqı aldatmağı gözəl bacardığı kimi, gözəl də bilirdi: xalq ondan gərəkənləri soruşmayacaq. Gözəl bilirdi: illərdən bəri toxuduğu KQB toru öz işini gərəyincə görüb. Üstəlik, 70-ci illərdə yaratdığı gurultulu, içiboş “yüksəliş illəri” izsiz keçib getməmişdi. Başqa bir yandan, ölkədə onun özünün yetişdirdiyi çoxlu sayda (çoxu da gizli orqanlara bağlı!) heydərizm yolçusu vardı: istər hakimiyət, istərsə də müxalifət düşərgəsində. Onun getdiyi yolu indi yetirmələri gedir, özü də bütün parametrlər üzrə.
Baxın: uzun illərdən bəri kriminal rejim quran, monopoliya hakimiyəti yaradan, ölkəni yağıcasına yağmalayan, ölkənin dünənini, bugününü, gələcəyini qaranlığa bürüyən bu adamlar yenilik, dəyişiklik, dirçəliş istəyənlərin, “belə yaşamaq olmaz” deyənlərin hamısına qara yaxır, hamısını yağı gözündə görür. 40 ildən bəri Azərbaycanı yemək – strategiyasına qulluq edən Ramiz Mediyev korrupsiya-monopoliya rejiminə qarşı kim baş qaldırırsa onu “öz şəxsi maraqlarını, mənafelərini güdməkdə” suçlayır: Bakıdan Moskvayadək. Əkrəm Əylislidən, Rafiq Əliyevdən Rüstəm Ibrahimbəyovdan Söyün Sadıqovadək. YAP siyasi şurasının üzvü, hüquq elmləri doktoru Siyavuş Novruzov Söyün Sadıqovu “axsaq keçi”, “başı xaşa oxşayan”, “bazar adamı” adlandırır. Bu rejimin hüquqçusuna bax!
93-dən Azərbaycanda qurulan BAZAR hakimiyəti total soyğunçuluq yoluyla, xalqı var-yoxdan çıxarmaqla milyonlarla azərbaycanlını “bazar adamına” çevirdi. Çoxlu sayda diplomlu adam ailəsini saxlamaq üçün bazarlara axışdı. Bu gün Azərbaycandakı bütün başlıca gəlir qaynaqları Əliyevlərin, onlara yaxın çevrənin əlindədir. Rejimin soyğunçuluq yolu ilə diz çökdürdüyü xalq yalnız… susa bilir! Ancaq haralardasa “bazar adamı” etapından yuxarı qalxan kimsələr var – onlar əliyevçi monopoliya sisteminə dözmək istəmirlər – bu, qanunauyğun görsəniş sayılmalıdır. Siyasi faktorlar bir yana, ölkədəki başlıca gəlir qaynaqlarını bir qrup adamın monopoliyasına çevirən hakimiyət legitim sayıla bilməz. Bu baxımdan kimlərinsə istəyib-istəməməsindən asılı olmayaraq, Söyün Sadıqovun da, ona yoldaş bir çox başqalarının da başladığı savaşı legitim saymaq olar.
…Uzun durğunluqdan sonra PAda əliyevçi rejim üçün xarakterik kadr dəyişikliyi baş verdi: korrupsiya-mafiya-repressiya kadrlarının konfiqurasiyası. Çətin seçki öncəsi repressiya-administrativ resurslar gücləndirilir – xalqı daha çox əzmək, xalqın gözünü daha çox qorxutmaq üçün. Bu, bütün diktatura rejimlərinin sonuna yaxın ortaya çıxan görsənişlərdəndir. Məhərrəm Əliyevin qabaqlar çox effektli olan repressiya praktikası indi o effekti verə bilməz, verməyəcək: xalq hakimiyət istəyir!
Mən prezident olmaq istəyirəm!
•