Əl-Qaidə Hindistan müsəlmanlarını niyə yoldan çıxara bilmir?

Həbibə İsmayıl Xan böyük oğlunun ərzaq və su üçün evdən çıxdığı günü heç cür yaddan çıxara bilmir.

Uzaq Ayodhya şəhərində Bəbiri məscidinin məhv edilməsindən alovlanmış iğtişaşlar onların Mumbayda yoxsullar məhəlləsində yaşadıqları daxmanın həndəvərinə gəlib çatmışdır.

Bu həftə həmin hadisələrin 20-ci ildönümü tamam olur.

O zaman bir neçə gün içərisində mühasirə və təcriddə qaldıqdan sonra Həbibənin böyük oğlu yemək axtarmaq üçün evdən çıxdı və bir daha geri dönmədi.

Həbibənin oğlu hindu qaragüruhçu kütlənin əlinə keçmişdi – onun sağ qalmaq şansı yox idi.

Onun yalnız 18 yaşı var idi, evin yeganə çörək qazananı idi.

“Hər gün onu yada salıb ağlayıram”, Həbibə deyir.

Vəziyyət yaxşılaşmır

O, Mumbay iğtişaşlarında həlak olmuş təxminən 600 müsəlmandan biri idi.

Hindulardan təxminən 275 adam ölmüşdü.

Hökumət komissiyası zorakılığın hindu ekstremistləri tərəfindən təşkil edildiyini bildirmişdi.

20 ildən sonra da Hindistanda 180 milyonuq müsəlmanlar təcrid olunmuş azlıq vəziyyətində qalırlar.

Müsəlmanların sayına görə, Hindistan İndoneziya və Pakistandan sonra dünyada üçüncü ən böyük müsəlman ölkəsidir .

Qonşularda islam ekstremizmi ciddi problem mənbəyi olduğu halda, Hindistanda bunun hiss olunmaması təəccüb doğurur.

“Fundamentalizm burada kök salmayıb” Hindistanın xarici kəşfiyyat xidmətinin keçmiş rəhbəri Vikram Sood deyir.

Hindistan Mücahidləri kimi yerli qruplar bəzən partlayış aksiyaları törətsələr də, belə qruplar dağınıqdır və əhəmiyyətli dəstəyə malik deyillər.

Əl-Qaidə Hindistanda heç bir nailiyyət əldə etməyib.

Hindistan müsəlmanları nəinki Əfqanıstanda Talibana qoşulmayıblar, “heç Kəşmirdə də vuruşmayıblar”, Vikram Sood əlavə edir.

Ən aşağı təbəqə

Lakin təxribatlar davam edir – 2002-ci ildə Qucarat ştatında hindu ekstremistləri tərəfindən təşkil edilmiş iğtişaşlar zamanı yüzlərlə müsəlman qətlə yetirilmişdir.

Həbibənin qonşusu Mərzinə gileylənir ki, Hindistanda yaxşı, pullu iş yerlərinə, o cümlədən hökümət və bank işinə yalnız Hinduları qəbul edirlər.

Rəsmi statistika onun dediklərini təsdiqləyir – Hindistanda müsəlmanları həyat səviyyəsi baxımından, o cümlədən dolanışıq, savad, təhsil almaq imkanı nöqteyi nəzərindən, cəmiyyətin ən aşağı təbəqəsinə aid etmək olar.

Hindistanın məşhurları arasında müsəlmanlar var, misal üçün Şah Rux Xan, Salman Xan və Əmir xan kimi ulduz-aktyorlar, lakin onlar öz müsəlman köklərini yada salmağa həvəs göstərmirlər.

Daha bir məşhur müsəlman köklü kinematoqrafçı Mahesh Bhatt, deyir ki, anasının ona Hindu adı verməsi, onun müsəlmanlığının ört-basdır edilməsinə kömək edib.

Lakin dünya miqyasında şöhrət qazandıqdan sonra Mahesh Bhatt indi Hindistan müsəlmanlarının hüquqlarının müdafiəsinə dair çıxışlar etməkdədir.

‘Fərqli dünya’

Hindulardan fərqli olaraq müsəlmanların Hindistanda siyasi partiyası yoxdur.

Müsəlmanlar burada sakit həyat tərzi və mövcud sistemə uyğunlaşmaq yolunu seçiblər.

“Biz buranı tərk edib başqa dünyada yaşaya bilmərik”, Mohammed Khatkhatay deyir.

O, Mumbayın əsasən müsəlmanlar yaşadıqları yoxsul məhəllələrdə təhsil və təlim təşkil edən xeyriyyə cəmiyyətinə rəhbərlik edir.

Onun təbirincə, çoxsaylı əhalisi, çeşidli təbəqə və təmayülü olan Hindistanda müsəlmanlar hələ də azlıq təşkil edir.

“Ona görə də, əgər mən vurub birinin gözünü çıxarsam, nəticədə bütün icmamız kor qalacaq”, o deyir.

Nəinki silahlıların ideologiyası, hər hansı digər İslam ideologiyasının Hindistanın böyük və müxtəlifliyiə malik cəmiyyətində kök salması çətin işdir. Burada müsəlmanların yalnız dini mənsubiyyəti eynidir.

Elə bu səbəbdən də, cənubdakı Keraladan olan müsəlmanın yerli Hindu və ya xristianlarla daha çox ümumi maraqları ola bilər, nəinki şimaldakı Uttar Pradeş ştatındakı müsəlmanla.

Geniş yayılmış mötədil, tolerant Sufi İslami tədris də silahlı qrupların yaranmasının qarşısını almağa kömək edib.

Hökümət eləcə də, mədrəsələrə və dini məktəblərə ciddi nəzarət etməkdədir.

Müsəlman icmasının rəsmiləri qeyd edir ki, Hindistanda müsəlmanlar hamı ilə eyni şəraitdə yaşayır.

Lakin Vikram Sood qeyd edir ki, vəziyyət heç də sadə deyil.

Son illər Hindistan iqtisadiyyatı çətin dövr yaşayır və vəziyyətin düzələcəyi bilinmir.

“Biz iqtisadiyyatı yenidən canlandıra bilsək, bütün bu kimi məsələlər öz-özünə çözüləcək”, Vikram Sood deyir.

“Bu baş verməsə isə problemlərimiz artcaq”, o, əlavə edir.