“Gerçəyi xatırladacaq bir pantomimə ehtiyacımız var…”

Son günlər bir teatr aktyorunun “monoloqu” bütün mətbuatın mövzusuna çevrilib. Ilqar Cahangir… Bu aktyoru açıq-açığına söylədiyi 4-5 kəlmə doğru sözə görə teatrdan qovublar. Teatr adamlarının “səhnə mənim həyatımdır” fikirlərini boşa almayın. Sözün əsl mənasında, onlar üçün həyat səhnədə başlayır və orada da bitir. Deyilənə görə, böyük teatr fədaisi Ərəblinskini səhnədə güllələyiblər. O Ərəblinski ki, səhnəni müqəddəs bir cazibə mərkəzi, aktyoru əsl insan obrazı kimi görürdü. “Səhnə müqəddəsdir, ona layiq olmaq üçün aktyor ciddi bir əxlaq sahibi olmalıdır… Özgəsinə boyun əymək aktyorun təbiətinə, vəzifəsinə və məqsədinə tamamilə ziddir. Həyatda yüngül və şərəfsiz tanınan aktyor heç bir zaman səhnədə tamaşaçını inandıra bilməz…”. 
Belə bir şəxsin öldürülməsi cahilliyin hökm sürdüyü zamanda sənətə güllə atan millətin faciəsi idi. Əslində, Ilqarın başına gələnlərə də bugünkü milli teatrımızın faciəsi fonunda baxmaq daha doğru olar.
Məşhur ingilis müğənnisi Ceyms Blantın(Cames Blunt) bir mahnısı var – “Ağlımı itirmişəm”. O mahnı Ilqar kimi azad insanların ruhuna çox yaxındır. Meymun oynadan qaraçıdan “səhnə sirləri”ni öyrənmək istəyən bir oyunçunun fikirləri əsasında yazılıb.
Meymun mənim çiynimdə oturmuş kimi,
məni ələ keçirəcəyi günü gözləyir,
amma …mən ipdən asılı bir kuklayam,
sadəcə bu səhnədə görünməyə ehtiyacım var,
bizə nəyin gerçək olduğunu xatırladacaq
bir pantomimə ehtiyacımız var…
amma mənə sahiblənə bilməzsən,
mən bir kuklayam, əxlaqsız deyiləm…
Azərbaycan teatrı neçə illərdir böyüklüyünü itirib. Neçə zamandır bu teatrda kimsə “böyümür”. Sadəcə, “böyüklər”in sırası seyrəlib gedir. Seyrəlir deyəndə… Artıq elə bir sıra da qalmayıb. Bir zamanlar bircə-bircə müsahib olduğum böyük adamların yaratdığı sıranın sonu görünür. Nəsibə Zeynalova, Həsən Məmmədov, Həsən Turabov, Hacıbaba Bağırov, Yaşar Nuri, Hüseynağa Atakişiyev, Vaqif Ibrahimoğlu, Telman Adıgözəlov…
Kimini həyat öldürür, kimini insanlar. Ərəblinskini insanlar öldürdü… Indiki sənət adamlarını da başqa yolla öldürürlər – siyasi oyunlara çəkib ucuzlaşdırmaqla. Daha bu ölkədə sənət adamlarını öz gücü ilə böyüməyə qoymurlar, onları süni yolla – “təltiflərlə böyüdürlər”. Ona görə də sənət ölüb gedir. Çıxdığı səhnəni dünya boyda böyüdən nəhəngləri bu cür kiçiltməyin qazancı o qədərmi çoxdur? Bu ölkəyə ölkə boyda dəyər qazandıran sənət ustalarına ölkənin halal büdcəsindən minnətli imtiyazlar verməklə, onları saray adamına çevirmək nə qədər iyrəncdir, deyilmi? Bəs Hüseynağa Atakişiyev, Telman Adıgözəlov, Kamal Xudaverdiyev və onlar kimi sıxıntılarını evindən kənara çıxarmayan abırlı sənət adamları?!.
Gənclər Teatrının gözəl tamaşalı günlərini nostalji ilə xatırlayıram. Orada Abbas Qəhrəmanov adlı bir aktyor vardı. Neronu oynamışdı. Bəlkə dünya teatrlarındakı korifey sənətkarların 3-4-ü səviyyəsində oynamışdı Neronu. Indi illər sonra həmin aktyoru ölkədə neçə tamaşaçı tanıyır? Teatrın böyüklər sırasını layiqincə davam etdirə biləcək o enerjili, istedad qaynağı olan aktyoru epizodik rollar ifaçısı etdilər. Deyirlər onun “kaprizləri” varmış… O zaman teatrımızın nədən “böyümədiyi” aydınlığa çıxır, deyilmi?..
Ilqarın məşhur “skandal” yaradan müsahibəsini də oxudum. O, öz müsahibəsində bir zamanlar dolanışıq üzündən corab satdığını yazır. Olsun! Görünür, bəzən həyat bizi sınağa çəkdiyi zaman nəsə satmaq da lazım gəlir. O sınaqdan çıxmaq üçün corab da sata bilərik, göyərti də, su da, saqqız da. Əsas olan insanın sona kimi mənliyini, ləyaqətini və şərəfini satmamasıdır. Ilqar kimi…