Mahal Ismayıloğlu: «Məhərrəm Əliyevlə Ramil Usubov arasında qarşıdurma açıq olmasa da, gizli müstəvidə davam edəcək»
Əyyub Kərimov: «Gələcək göstərəcək ki, münasibətlər necədir və belə bir dəyişikliyin səbəbi nədir»
Bakı şəhər baş polis idarəsinin sabiq rəisi Məhərrəm Əliyevin Prezident Administrasiyasında yeni vəzifəyə təyin olunmasının səbəbləri ətrafında dolaşan mülahizələr mətbuatın gündəmində olan mövzulardan biridir. Əsas diqqət göstərilən məqam isə M.Əliyevlə daxili işlər naziri Ramil Usubov arasındakı köhnə düşmənçilikdir. Belə ki, M.Əliyev Bakı Şəhər Baş Polis Idarəsinin rəisi postundan gedən günə qədər adları çəkilən şəxslər arasında qarşıdurma səngimirdi.
Münasibətlərdəki gərginlik tez-tez mətbuat səhifələrinə də çıxırdı. Bəs görəsən M.Əliyev və R.Usubov aralarındakı qarşıdurmanı bundan sonra davam etdirəcəklərmi? Mövzu ilə bağlı ekspert qismində Mahal Ismayıloğlu və Əyyub Kərimovun fikirlərini öyrəndik.
M.Ismayıoğlu hər iki şəxsin bundan sonra da gərgin münasibətlərdə qalacağını və bu gərginliyin yenə əvvəlkitək müxtəlif formalarda üzə çıxacağını proqnozlaşdırdı: “Heydər Əliyevin vaxtında bir ənənə var idi. O özü ilə işləyən kadrların həmişə ziddiyyətdə, qarşıdurmada olmasını istəyirdi. Çünki ziddiyyətdə olan şəxslərin ortaq maraqları ola bilməzdi. Bu isə o deməkdir ki, bu şəxslər birləşərək hakimiyyətə qarşı çıxa bilməzdilər. Ona görə bu təyinat hakimiyyətin ənənəsinə uyğundur və generallar arasında qarşıdurma davam edəcək. Ola bilər ki, bu qarşıdurma açıq yox, gizli müstəvidə gedəcək”.
Ə.Kərimov isə bildirdi ki, M.Əliyev hazırda başqa bir sahənin rəhbərliyinə gətirildiyindən R.Usubovla aralarındakı gərginlik əvvəlki kimi müşahidə olunmaya bilər: “Amma gələcək göstərəcək ki, münasibətlər necədir və belə bir dəyişikliyin səbəbi nədir. Məhərrəm Əliyev hazırda başqa sahəyə rəhbərlik edir. Münasibətlərin gərginliyinə gəlincə, hələ o zaman da mətbuat yazmışdı ki, Məhərrəm Əliyev ”mən istefa verib gedirəm” deyən adamdır. Onun hüquq-mühafizə orqanlarında böyük təcrübəsi var. Dövlət başçısının Məhərrəm Əliyevin təcrübəsindən necə istifadə edəcəyini yəqin ki, yaxın zamanlarda görə biləcəyik”.
Xəyal