“Hakimiyyət Elnur Seyidovu Əli Kərimli ilə qohumluğuna görə girov saxlayır; Bu, Əli Kərimliyə qarşı təzyiqlərinin tərkib hissəsidir”
AXCP sədri Əli Kərimlinin qayını, “Texnikabank”ın Yasamal filialının keçmiş müdir müavini Elnur Seyidovun həbsdə saxlanması ilə bağlı İctimai Palatanın bəyanatı
Bəlli olduğu kimi, “Texnikabank”ın Yasamal filialının keçmiş müdir müavini, AXCP sədrinin qayını Elnur Seyidov artıq 9 aydan çoxdur MTN-in istintaq təcridxanasında həbsdə saxlanılır. Onun barəsində həbs-qətimkan tədbiri sonuncu dəfə dekabrın 4-də daha 3 ay müddətinə uzadılaraq 1 ilə çatdırılıb.
Vəkillərinin də dəfələrlə elan etdiyi kimi, E.Seyidovla bağlı həbsdə saxlandığı ötən 9 ay ərzində hansısa ciddi istintaq hərəkəti aparılmayıb, onun həbsinin səbəbləri izah edilməyib. Bu isə o deməkdir ki, onun barəsində həbs-qətimkan tədbirinin daha 3 ay uzadılmasına heç bir hüquqi zərurət olmayıb.
Azərbaycan Cinayət Prosessual Məcəlləsinə görə, məhkəməyə qədər həbs qət-imkan tədbirinin maksimum müddəti 9 aydır. Yalnız xüsusilə mürəkkəb, ağır cinayətlərə görə istintaq müddəti müstəsna hal kimi 1 ilə qədər artırıla bilər. Baxmayaraq ki, ötən 9 ayda aktiv istintaq hərəkətləri aparılmayıb, ciddi və əsaslandırılmış ittihamlar irəli sürülməyib, istintaq E.Seyidovu daha uzun müddət həbsdə saxlamaq üçün buna əsaslar olmadığı halda onunla xüsusilə ağır və mürəkkəb cinayətdə ittiham olunan şəxs kimi davranır və bununla da bu şəxsə münasibətdə qərəzli olduğunu nümayiş etdirir.
Elnur Seyidov həbs olunduğu gündən bu həbsin qanun pozuntuları ilə həyata keçirildiyi və siyasi təqib, yaxın qohumu AXCP sədri Əli Kərimliyə təzyiq xarakteri daşıdığı geniş ictimaiyyətə məlum idi.
Belə ki, E.Seyidova qarşı Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə ittiham irəli sürülüb. Baxmayaraq ki, Cinayət Prosessual Məcəllənin tələblərinə görə, bu ittiham üzrə istintaq hərəkətləri aparmaq DİN-in səlahiyyətindədir, amma E.Seyidova münasibətdə qanunun bu tələbi kobud şəkildə pozulub. Elnur Seyidov MTN tərəfindən həbs olunub, 9 aydır ki, MTN təcridxanasında saxlanılır, istintaqı da MTN aparır. Bütün bunları edərkən MTN öz səlahiyyət həddini aşaraq qanun pozuntusuna yol verib. Ona görə də bütün bu açıq qanun pozuntuları bir daha sübut edir ki, həbs sifarişlidir və bu halda MTN-in siyasi repressiya vasitəsi kimi çıxış edir.
Bundan başqa, Elnur Seyidov rəsmən “Texnikabank”ın İdarə Heyətinin sədri Etibar Əliyev və digərlərinin cinayət işi üzrə onlardan 20 gün sonra həbs edilmişdi. Uydurulmuş rəsmi ittihama görə bank rəhbərliyinin göstərişi ilə və onların mənafeyi üçün qanunları pozmaqda ittiham olunurdu. E.Əliyev, eləcə də bankın bu iş üzrə həbs edilmiş digər əməkdaşları azadlığa çıxdıqdan sonra da E.Seyidovun həbsdə saxlanılması absurd situasiya yaradır və istintaqın Elnur Seyidova qarşı açıq qərəzini sübut edir.
Başqa bir məqam ondan ibarətdir ki, E.Seyidov dağınıq skleroz xəstəliyindən əziyyət çəkir və bu barədə ölkənin tanınmış tibbi institutlarının rəyi var. Dağınıq skleroz xəstələrinin təcridxana kimi qapalı mühitdə saxlanması isə yolverilməzdir. Bu xəstəlikdən əziyyət çəkənlərə dövət qayğısı haqqında Azərbaycan Respublikasının 7 mart 2012-ci il tarixli qanunu da var. Qanunda belə xəstələrə qayğı və onların müdafiəsi üzrə bir sıra tədbirlər, o cümlədən azadlıqdan məhrum edilmiş belə xəstələrin azad edilməsi nəzərdə tutulur Lakin bu xəstəlikdən əziyyət çəkən E.Seyidov nəinki həmin qanundan faydalana bilir, əksinə həyatına təhlükə törədən məhrumiyyətə düçar edilib.
Bunlarla yanaşı E.Seyidov Azərbaycanda bəlkə də, yeganə şəxsdir ki, Avropa Məhkəməsinə dövlət poçt xidməti vasitəsilə göndərdiyi xəstəliyi ilə bağlı tibbi sənədlər ünvanına çatmadan oğurlanıb. Vəkilləri məcbur olaraq onun işi ilə bağlı Avropa Məhkəməsinə göndərilən sənədləri yenidən toplayıb, ünvanına çatdırıblar, bu isə əlavə vaxt itkisinə səbəb olub.
Bütün bu sadalananlar onu göstərir ki, Azərbaycan hüquq-mühafizə orqanları E.Seyidova qarşı qərəzli mövqedə durublar. Bu qərəzin arxasında isə siyasi hakimiyyətin dayandığını iddia etmək üçün ölkədə prokurorluq və məhkəmə sisteminin, polsi və təhlükəsizlik orqanlarının Prezident Administrasiyasından verilən siyasi sifarişlərlə işlədiyinin aşkar olduğunu nəzərə almaq kifayətdir.
İctimai Palata bildirir ki, Azərbaycan hakimiyyəti Elnur Seyidovu bilavasitə onun AXCP sədri Əli Kərimli ilə qohumluq əlaqələrinə görə girov saxlayır. Ona qarşı belə anti-humanist və qanunsuz davranışın başqa heç bir ağlabatan izahı ola bilməz. Bu, məhkəmə və hüquq-mühafizə sistemini özünün avtoritar siyasətinə alət etmiş Azərbaycan rəhbərliyinin Əli Kərimliyə, onun rəhbərlik etdiyi Xalq Cəbhəsi Partiyasına qarşı təzyiqlərinin tərkib hissəsidir.
Bəllidir ki, indiyədək onlarla AXCP fəallı, eləcə də AXCP sədrinin qohumları müxtəlif bəhanələrlə həbs olunub; AXCP bilavasitə hakimiyyətin qərəzli münasibətinə görə 6 il əvvəl yerləşdiyi qərargahdan çıxarılıb və hələ də qərargahla təmin olunmayıb, partiyanın özünə qərargah tutmasına imkan verilməyib; Əli Kərimlinin özü 19 il əvvəl qaldırılmış qondarma cinayət işinə görə 7 il qabaq ümumvətəndaşlıq pasportundan məhrum edilib və hələ də ona passport verilmir.
İctimai Palata baş verənləri Azərbaycan hakimiyyətinin siyasi rəqibləri qarşısında acizliyi, sivil mübarizədən qorxması kimi qiymətləndirməklə yanaşı, onun avtoritar davranışlarına ölkə ictimaiyyəti və beynəlxalq güclərin lazımınca təpki göstərməməsi ilə də əlaqələndirir.
İctimai Palata hakimiyyətdən bu cür insanlığa sığmayan, hüquqa və ölkə qanunlarına zidd hərəkətdən əl çəkməyi, AXCP sədrinə qarşı düşmənçiliyə və repressiyalara son qoymağı tələb edir.
İctimai Palata eyni zamanda Azərbaycan xalqını, vətəndaş cəmiyyətini və beynəlxalq birliyi baş verənlərə biganə qalmamağa, mövqeyindən geri çəkilmək üçün hakimiyyətə təzyiqləri artırmağa çağırır.