Bu, əxlaqsızlıqdır

Leyla Yunus: «Bu utancverici haldır və hakimiyyətin, ümumiyyətlə, mənəviyyatını itirdiyini göstərir»

Aslan İsmayılov: «Bunu təşkil edənlərdə insan qanı yoxdur və bu, vətəndaşa qarşı əxlaqsızlıqdır»

Hüquq müdafiəçiləri Naxçıvan MTN-in Turac Zeynalovun yaxınlarına qarşı törətdiklərinə sərt reaksiya verdi
Naxçıvan MTN-də işgəncə ilə öldürülən Turac Zeynalovun ailəsinə və xanımına qarşı göstərilən təzyiqlər barədə qəzetimizdə geniş məqalə ilə çıxış etmişdik. Xüsusilə böyük ikrah hissi doğuran məqam T.Zeynalovun həyat yoldaşı Gülnar Ağayevanın ərinin qatillərinin tapılması ilə bağlı iddiallarından əl çəkməsi üçün MTN tərəfindən iyrənc üsula  əl atılmasıdır.
T.Zeynalov olayı ilə bağlı əməliyyatda iştirak etmiş və ölkədən qaça bilən MTN əməkdaşı Ibrahim Musayev yazdığı məktubda iyrənc ssenarini ifşa edir. Məlum olur ki, o, Naxçıvan MTN-in tapşırığı ilə T.Zeynalovun həyat yoldaşının etimadını qazanaraq, ondan sui-istifadə edib. G.Musayevaya qarşı niyyətinin ciddi olduğunu deyən MTN əməkdaşı hətta onunla evlənmək niyyətini açıqlayıb. Və münasibətləri bu formada davam etdirən MTN əməkdaşı G.Musayevadan əri ilə bağlı iddialarından əl çəkməsini tələb edib.
Bəs baş verən olayı və hüquq-mühafizə orqanlarının davranışlarını ictimaiyyət nümayəndələri necə qiymətləndirirlər?
Hüquq müdafiəçisi Leyla Yunusun sözlərinə görə, baş verən olay bir daha hakimiyyətin mahiyyətini ortaya qoymaqla yanaşı, Naxçıvandakı acınacaqlı durumu çılpaqlığı ilə göstərir: “Gülnar Musayevanın özü ilə bu ilin yay aylarında görüşməsəydim bəlkə də ölkədən qaçan MTN əməkdaşının dediklərinə şübhə ilə yanaşardım. Mənimlə görüşən bu xanım oğlu ilə gəlmişdi. Oğlan ciddi stress keçirmişdi və onun müalicəsi ilə məşğul olmağa ananın maliyyəsi yox idi. Bizim təşkilatın həkimi onlarla işləyirdi. Bu zaman Gülnar Musayeva bizim vəkilə müracəit edərək ərinin qatillərinin tapılmasında ona yardımçı olmağımı istəmişdi. Amma bir ay sonra mən Gülnar Musayevadan telefonuma mesaj aldım. O, yazdığı mətndə araşdırmalarımı dayandırmağımı xahiş edirdi. Mən buna çox təəccübləndim və düşündüm ki, görünür, onu çox ciddi qorxudublar. Çünki Naxçıvan heç bir qanun-qaydanın işləmədiyi bir məkandır. Hazırda sizin qəzetdə gedən etiraf məqaləsi həqiqətləri bir daha ortaya qoyur”.
Baş verən hadisənin hakimiyyətin, ümumiyyətlə, mənəviyyat hissini itirdiyini göstərdiyini düşünən L.Yunus vurğuladı ki, hazırda hüquq-mühafizə orqanlarında çalışanlar 37-ci ilin üsulları ilə işləyirlər: “Bu əməli törədən şəxsi və onun sifarişini verənləri bağışlamaq olmaz. Bu, utancverici haldır. Sovet dövründə belə bir deyim vardı: ”kişi sistemdə işləməz”. Hazırda bu deyim yenə aktuallığını qoruyub saxlayıb”.

Tanınmış vəkil Aslan Ismayılov da baş verən olaya kəskin reaksiyasını bildirdi. Hadisə ilə yaxından tanış olduğunu deyən A.Ismayılov vurğuladı ki, T.Zeynalovun ailəsi ilk dəfə Naxçıvandan məhz onun yanına gəliblər. Onları dinlədikdən sonra problemlərini ictimailəşdirmək üçün T.Zeynalovun atasını və həyat yoldaşını “Azadlıq” radiosuna apardığını söyləyən A.Ismayılov bildirdi ki, müraciət edənlərin həmin zaman səmimi danışdığı və həqiqətən də T.Zeynalovun qatillərinin tapılmasını istədikləri açıq görünürdü: “Sonradan Gülnar Musayevanın ifadəsindən yayınması və başqa bəyanatlar verməsi, bəllidir ki, təzyiq nəticəsində idi. Bütün bunların qısa bir adı var. Bu, əxlaqsızlıqdır. Dünyasını dəyişənə satqın damğası vurdular, onu öldürdülər, sonra da həyat yoldaşının başına iyrənc oyun açırlar. Bunu təşkil edənlərdə insan qanı yoxdur. Biz həqiqətən də ölkəyiksə, onu edənlərin hamısı cəzalandırılmalıdır”.

Hikmət