Administrator-filosof-akademik Ramiz Mehdiyev uzun sürə susqunluqdan sonra günümüzün aktual siyasi prosesləri ilə bağlı ilginc çıxışlarda bulunub. Birinci Ziyalılar Forumundan, forumun başında duranların keçmişi ilə bağlı “qara ləkələrdən” danışıb. Ancaq əliyevçi rejim prinsiplərinə uyğun oaraq fakt göstərməyib – ərindiyinə görə yox, ləkə-yalanlara əl atdığına görə. R.Mehdiyevin dediyinə görə, Ziyalılar Forumuna qatılanlar umacaqlı adamlardır. Bununla bağlı yazıçı Əkrəm Əylislinin çıxışını oxudum. Əkrəm bəy umacaqsız olduqlarını bildirir. Müxalifət liderləri də R.Mehdiyevin lideri H.Əliyevin çoxillik oxşar çıxışları qarşısında (“onlar hakimiyət uğrunda mübarizə aparırlar”) uzun illər Ə.Əylisli indi danışan kimi danışıblar: bizim umacağımız yoxdur. Niyə yoxdur? Olmalıdır! Niyə oğrunun umacağı olmalı, doğrunun olmamalıdır?
Hələ Sovet dönəmində Azərbaycanı, Azərbaycan xalqını özlərinin hakimiyyət maraqlarına satan kimsələrin qarşısında umacaqlı çıxışlar edilməlidir: bu ölkəyə oğrular yox, doğrular yiyəlik etməlidir! H.Əliyev-R.Mehdiyev tandeminin hakimiyyətə qayıdışı da Azərbaycanı satmaqla baş tutub – onlar Qarabağı, nefti, eləcə də ölkəmizin başlıca doğal resurslarından olan GEOPOLITIK maraqlarımızı böyük güclər arasında pay-püşk eləməklə hakimiyyətə gəliblər, hakimiyyətdə qalıblar! Sonra nə baş verib? Sonra Əliyev-Mehdiyev tandemi bir qrup oğru-korrupsioner ailənin maraqları üçün Azərbaycanı demokratiyadan diktaturaya gətirib çıxarıb. Onlar ölkədə bütün qanunları – konsitusion normaları, milli-mənəvi dəyərləri ayaq altına atan mafiya rejimi qurublar. Bu rejim Azərbaycanı, Azərbaycan xalqını soyub-yağmalamaq yoluyla Əliyevlərə, Mehdiyevlərə, onlara yaxın çevrələrə 19 illik bir dönəmdə milyardlar qazandırıb. Oğru-quldur hakimiyyətinin, kriminal rejim başçılarının bizi ləkələmək istəklərinin bir adı var: adımı sənə qoyaram!..
“Azərbaycan 2020: Gələcəyə baxış” qonusunda uluslararası konfrans keçirilir, R.Mehdiyev konfransda yeni yalanlarla çıxış eləyir. Tandemin qırx illik strateji yalanlarının üstünə daha bir strateji yalan gəlir: “2020-ci ildə Azərbaycan regionda və dünyada tanınan çox möhtəşəm bir dövlət olacaq”. Ötən yüzilin 70-80-ci illərdində Əliyev-Mehdiyev tandemi Azərbaycanı qan-tər içində “kommunizmin qələbələrinə doğru” aparırdı, indi bunlar 2020-ci ilə girişiblər. Nəyə görəsə bu tandem 40 ildən bəri INDINI özünə saxlayır, INDININ kefini özü çəkir, gələcəyi xalqa saxlayır. O iyrənc, o murdar, o yalançı gələcəksə 40 ildən bəri gəlib çıxmaq bilmir. “Ömrümün qalanını xalqıma qurban verirəm”, “pencəyimi çiynimə atıb gedib Xankəndində oturacam” kimi yalanlarla xalqı ələ alan H.Əliyev başqasının yox, elə bu xalqın kökünü qazıyan, yurdunu yağmalayan bir rejim qurub getdi. Özü getdi, yetirmələri qalır.
Yağıcasına xalqın keçmişini, indisini, gələcəyini oğurlayır, sonra da ona “dünyanın ən möhtəşəm gələcəyini” yaratmaq yalanları danışırlar. H.Əliyev hakimiyyətə yiyələnmək axarında Qarabağdan, doğma yurd-yuvalarından didərgin saldığı qaçqınlara hər ilin başında söz verirdi: “Gələn il sizi Qarabağa, doğma yurd-yuvanıza qaytaracam”. Beləcə, on illik bir sürədə minlərlə qarabağlı çadırlarda çürüdüldü. Sağ qalan, çadırlarda doğulub-böyüyən qarabağlılara indi oğul Əliyev Bakı yörələrində evlər tikdirir… 1993-2010-cu illərdə ata-oğul Əliyevlər təkcə ofşor zonalara ölkədən 48 milyard dollar oğurluq pul ötürüblər…
R.Mehdiyev 2007-ci ildə də bir uluslararası konfrans keçirib, – suveren demokratiya konfransı! – Azərbaycanın indiyədək (14 il!) “keçid dövrü” yaşadığını, tezliklə demokratiyaya keçiləcəyini bildirmişdi… Yalan çıxdı. O, Milyarderlər Birliyində olanları da “öz şəxsi maraqlarını, mənafelərini güdməkdə” suçlayır. Suçlayır – ölkəni dağıda-dağıda, xalqı soya-soya…

Ramiz Mehdiyevin keçmişi, indisi…
•