Qorxusuz bir savaşçı

Sərkərdə «Sarı Aslan» – Həsən xan Qovanlı-Qacar

XIX əsrdə Azərbaycan torpaqları uğrunda gedən savaşlarda xüsusi rolu olan tarixi şəxsiyyətlərdən biri də Həsən xan Qovanlı-Qacardır. Tarixi qaynaqlarda onun adına ən gərgin döyüşlərin iştirakçıları arasında rast gəlmək mümkündür. O, Rusiya-Iran savaşlarının önəmli isimlərindən biri olmuş, böyük qəhrəmanlıqları ilə Sarı Aslan ləqəbi qazanmışdı.
Həsən xan Əmir Məhəmməd xan oğlu 1785-cı ildə Qəzvin şəhərində doğulmuş, ailə təlim-tərbiyəsi almışdı. O, Fətəli şah Qovanlı-Qacarın Qulami-Xas qvardiyasında xidmətə başlamışdı.
Həsən xan Iran ordusunda göstərdiyi xidmətlərə və igidliklərə görə Əmir Teymurun şəxsi qılıncı ilə təltif edilmişdi. Onun qardaşı Sərdar Hüseynqulu xan Qacar Qəzvini Iranın fəxri sayılırdı. 1828-ci il fevralın 10-da Türkmənçayda bağlanmış sülh müqaviləsinin on ikinci maddəsinə əsasən hər iki qardaş rus çarı I Nikolayın əmrilə bütün əmlak və var dövlətdən məhrum edilib. Həmin müqavilənin bu maddəsinə görə Irəvanın sabiq sərdarı Hüseyn xan, onun qardaşı Həsən xanın və Naxçıvanın sabiq hakimi Kərim xanın Arazın hər iki kənarındakı yerləri, var-dövləti Rusiya imperiyasının ixtiyarına keçdi.
1804-cü ildə Cəfərqulu xan Dünbüli ruslar Irəvanı istila etmək fikrinə düşərkən onlara qoşuldu və on min piyada və süvarini Iran ordusu ilə birləşdirdi. Həsən xan həmin vaxtlar yüzbaşı idi və o, ordunu yüksəklikdə yerləşdirib, böyük şücaətlər göstərərək rus ordusunu geri oturtdu.
Ruslar 1806-cı ildə Irəvana yenidən hücuma hazırlaşarkən Hüseynqulu xan Qacar Irəvan sərdarı təyin olundu. 1807-ci ildə Həsən xan qardaşının yerinə Fətəli şahın qullar ağasıbaşı (rəisi-qulaman) idi. 1808-ci ildə ruslar yenidən Irəvanın üzərinə yürüş edərkən Həsən xan Iranın digər sərkərdələri ilə birləşərək şəhəri qoruyurdu.
Çox gərgin bir döyüş oldu, feldmarşal I.B.Qudoviçin qoşunları darmadağın edildi, rusların on üç minlik qoşunu pərən-pərən düşdü. Yüksək rütbəli yeddi rus zabitindən biri öldürüldü, dörd nəfəri isə ağır yaralandı. Həmin il noyabrın 17-də olan döyüşdə isə rus qoşunlarından 289 nəfər qılıncdan keçirildi, 574 nəfər ağır, 285 nəfər yüngül yaralandı. Rus çarı bu rüsvayçı məğlubiyyətdən sonra feldmarşal I.B.Qudoviçi geri çağıraraq istefaya göndərmək məcburiyyətində qaldı. Bu döyüşlərdə heç bir müvəffəqiyyət əldə edə bilməyən rus qoşunları Gürcüstana qayıtmağa məcbur oldu.
Ruslara qarşı “müqəddəs müharibə”
Həsən xan 1820-ci ildə Iranda Çehriçini tutmaq istəyən osmanlı hakimlərinə qarşı döyüşdə iştirak etmiş, osmanlıların bir neçə şəhərini tutaraq, onları böyük tələfata uğratmışdır. Bu döyüşdən bir il sonra, 1821-cı ildə türklər alınmış şəhər və kəndləri geri qaytarmaq üçün 70 min ordu ilə Iran sərhədinə yeridilər. Azərbaycan valisi şahzadə Abbas Mirzə Naibüssəltənə ordunu təşkil edib hücuma keçdi və bu döyüşdə Iran ordusu qələbə qazandı. Sərdar Həsən xan Qacar Iranın ən yaxşı sərkərdəsi kimi özünü göstərdi və Sarı Aslan ləqəbini aldı.
Tədqiqatçı Ənvər Çingizoğlunun araşdırmalarından görünür ki, Sarı Aslanın qatıldığı heç bir savaş tarixə önəmli iz qoymadan ötüşməmişdir. Həsən xan Rusiya-Iran müharibəsində (1826-1828) o sərdarlardan idi ki, son saata qədər ruslarla vuruşdu və düşmənə təslim olmadı. 1826-cı ilin yay hücum əməliyyatında general Həsən xan Qacar Pənbək və Şoragöl ərazisini tutdu, rus qoşunlarına hücum edib, onları məğlubiyyətə uğratdı. Iyun ayında müharibə başlananda qoşun başçısı kimi əsgərlərin qarşısında qısa nitq söyləyən sərdar Sarı Aslan Həsən xan and içmişdi ki, Qafqazda yaşayan din və dil qardaşlarını kafir ruslardan təmizləyəcəkdir. O, Rusiyaya qarşı bu savaşı qəzavat – “müqəddəs müharibə” adlandırmışdı.
1827-ci ildə Sarı Aslan Həsən xan Mustafa xan Şirvani və şəkili Hüseyn xanla birlikdə Tiflisin yaxınlığınadək rus qoşununu məhv etmək üçün hücuma keçdilər. Bu cəbhədə güclü müqavimətə rast gələrək ruslarla vuruşdular və ağır döyüşlərdən sonra geri çəkilməyə məcbur oldular. Rus qoşun başçılarından general Doyq 1827-ci ildə Rusiya-Iran müharibəsində Sərdarabadı tutmaq üçün Irəvana hücum etdi və Həsən xanın güclü müqaviməti ilə rastlaşdı, çarəsiz qalıb, Irəvanın otuz altı kilometrliyində olan Talinə qayıtdı. Bir az sonra ruslar Üçkilsədən Həsən xanın ordusuna hücum etdilər. Bu döyüşdə xeyli rus döyüşçüsü qırıldı və əsir düşdü. Bu dəfə də Sərdar Həsən xanın qəhrəmanlığı və şücaəti onların öz məqsədlərinə çatmasına mane oldu. Onlar Irəvanın mühasirəsindən əl çəkib, Naxçıvana getməyə məcbur oldular.
Rus əsirliyində
1828-ci ilin sentyabrında Naibüssəltənə Abbas Mirzə Həsən xanı Irəvana Sərdarabad qalasının mühafizəsi üçün göndərdi. Həsən xanı general I.V.Paskeviçin qoşunu mühasirəyə aldı və qala şərq tərəfdən süquta uğradı. Həsən xan düşmənə əsir olmamaq üçün qala divarlarından kənara çıxıb, Irəvana hücum edib, düşməni qovdu. General I.V.Paskeviç Sərdarabadı zəbt etdikdən sonra Irəvana tələsdi, on iki gün gecə-gündüz aramsız döyüşdən sonra Irəvanı tutdu. Yenilməz sərkərdə Sarı Aslan Həsən xan bu dəfə əsir düşdü. General I.V Paskeviç Qasım xanı, Fətəli xanı, Sübhanqulu xanı, Sarı Aslanı, Mirzə Mahmud Maqsudlu Astarabadı və Həmzə xan Əzanini özü ilə Tiflisə gətirdi. Feldmarşal I.V.Paskeviç onlarla əsir kimi yox, sərkərdələrə layiq hörmət və ehtiramla davrandı.
1828-ci il fevralın 10-da Türkmənçay müqaviləsi bağlandı və onun on üçüncü maddəsinə əsasən hər iki tərəfdən olan əsirlər öz ölkələrinə qaytarıldı. O cümlədən Sərdar Həsən xan Sarı Aslan azad edildi. Sərdar Həsən xan Irana gəlib, mühüm işlərlə məşğul olmağa başladı. 1828-ci ildə Fətəli şah Qacar Sərdar Həsən xanı Xorasanda baş vermiş iğtişaşları yatırmaq üçün göndərdi. Əyalətdə ciddi nizam-intizam yaradan Sərdar Həsən xan 1830-cu ilədək orada hökuməti idarə etdi. Sonra Fətəli şah general Həsən xanı Tehrana çağırdı. Yolda Həsən xan müqəddəs yerlər olan Ətabata getdi. Bir müddət sonra o, Tehrana gəldi. Həsən xan 1848-ci ildən Yəzd, Kerman və Bəlucistanda hakim oldu.
Rusların qənimi, məşhur Azərbaycan sərkərdəsi Həsən xan Qovanlı-Qacar 1856-cı ildə Kermanda ürək xəstəliyindən vəfat edib. Müqəddəs Nəcəf şəhərində dəfn olunub. Həsən xanın Yusif xan adlı oğlu vardı.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir