«Bu təşəbbüslərdə bulanan qüvvələr bilməlidirlər ki, belə hallar məni qorxutmur və mən mübarizəmi davam etdirməkdə israrlıyam»
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid təhdid edilir. Bu barədə qəzetimizə baş redaktorun özü məlumat verib. Onun sözlərinə görə, təhdid və hədələr təbii olaraq onun peşə fəaliyyətilə bağlıdır.
“Azadlıq” qəzetində hakimiyyət barədə dərc edilən işfaedici materiallar, həmçinin “Azərbaycan saatı” verilişinin populyarlığının getdikcə artması, artıq verilişin radioversiyasının yayımlanmağa başlanılması hökuməti ciddi narahat edib. Bu baxımdan müəyyən qüvvələr vasitəsilə baş redaktor təhdid edilir: “Mən konkretliyə varmaq istəmirəm. Yəni, təhdidlərin nədən ibarət olduğunu, bunun konkret kimlər tərəfindən edildiyini açıqlamaq istəmirəm. Çünki bunun əhəmiyyəti yoxdur. Əsas ünvan hakimiyyətdir və bu iqtidarın kriminal mahiyyətinə hər kəs bələddir.
Sadəcə onu demək istəyirəm ki, bu yolla məni yolumdan dönədərə biləcəklərini düşünürlərsə yanılırlar. Bu təşəbbüslərdə bulanan qüvvələr bilməlidirlər ki, belə hallar məni qorxutmur və mən mübarizəmi davam etdirməkdə israrlıyam. Digər tərəfdən mən hədə və təhdidlərə cavab vermək iqtidarında olan insanam”.