İnqilab dalğası Qafqaza doğru gəlir

Türkiyəli ekspert Barçin Yinanç bu fikirdədir

«Müxalifət hərəkatlarının güclənmə ehtimalı zəif olsa da, Qafqaz hələ də bizi təəccübləndirə bilər…»
BBC-nin məlumatına görə, müdafiə məsələləri üzrə türkiyəli təhlilçi Barçin Yinanç bu fikirdədir. O, hesab edir ki, Rusiya Yaxın Şərq inqilablarının Qafqaza və Mərkəzi Asiyaya yol açmasından narahatdır.
“Əhəmiyyət daşıyan – Ərdoğan və Putin tək olanda müzakirə edilənlərdir” başlıqlı məqalədə ekspert Putin və Ərdoğan arasındakı mümkün söhbət haqda “şəxsi uydurma”sını təqdim edir.
“Dialoqda” Vladimir Putin Yaxın Şərqdə diktatorların ardıcıl şəkildə devrilmə dalğasının Qafqaza və Orta Asiyaya gəlməsilə bağlı “getdikcə narahat olduğunu” deyir.
“…Suriyadan sonra bu dalğa Irana çatacaq, sonra isə Qafqaza və Orta Asiyaya”, – deyə müəllif, Putinin dilindən yazıb.
“BBC Azərbaycanca”ya müsahibəsində xanım Yinanc bunu izah edərək deyib ki, Rusiya vaxt qazanmaq üçün Suriya diktatoru Bəşər Əsədin devrilməsini istəmir.
Inqilab dalğasının Qafqaza gəlmək ehtimalını dəyərləndirə xanım Yinanç deyib ki, regionda müxalifət hərəkatlarının güclənmək ehtimalı böyük olmasa da, Gürcüstan seçkilərində baş verənlərə diqqət yetirməyə dəyər: “Gürcüstanda çoxları müxalifətin qalib gəlməsinə inanmırdı. Çünki Gürcüstan hökuməti kifayət qədər güclü idi və müxalifət üçün meydan münbit deyildi, lakin müxalifət qələbə çaldı”.