Nigar Yaqublu yenə azad edilmədi

Müsavatçı fəalın məhkəməsi dekabrın 7-də davam edəcək

Bu gün Abşeron Rayon Məhkəməsində Müsavat partiyasının üzvü, gənc fəal Higar Yaqublunun məhkəməsi keçirilib.

Məhkəmə prosesində gənc fəalın atası, Müsavat başqanının müavini Tofiq Yaqublu ifadə verib. O, ifadəsində qəzadan necə xəbər tutduğunu, hadisə yerinə nə vaxt çatdığını və nə gördüyünü danışıb. Tofiq Yaqublu bildirib ki, qəzadan sonra Nigar “City Hospital” xəstəxanasında müalicə alıb, xəstəxana Nigarın fiziki və psixoloji vəziyyətinin pis olduğu və bu durumda ifadə verə bilməyəcəyi barədə istintaqa arayış göndərib.
Vəkil Adil İsmayılov məhkəmədən Nigar Yaqublunun ailə üzvlərinin telefon danışığının dinlənilməsi vasitəsilə əldə olunmuş sübutların sübutlar siyahısından çıxarılması barədə vəsatət qaldırıb. O qeyd edib ki, dinləmə barədə məhkəmə qərarı olmadığına görə telefon danışıqlarına qulaq asılması qanunsuzdur.
Vəkilin digər vəsatətində istintaqın Nigar Yaqublunu ifadə verməyə şifahi formada dəvət olunmasına etiraz bildirilib. Adil İsmayılov vurğulayıb ki, şifahi dəvəti əsas gətirib Nigarın istintaqa gəlməkdən yayınması qənaətinə gəlmək və onun haqqında həbs-qətimkan tədbiri seçmək doğru deyil.
Məhkəmə prosesi dekabrın 7-də davam edəcək. Nigar Yaqublunun vəkillərinin vəsatətlərinə həmin gün baxılacağı gözlənir.
Xatırlacaq ki, Nigar Yaqublu sentyabrın 11-də tutulub. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda baş verib. Aydın Acalovun maşını Ağcabədi rayon sakini Sadiq Xəlilovun idarə etdiyi “KAMAZ” markalı avtomaşınla toqquşub. İstintaq iddia edir ki, Aydın Acalovun avtomobilini Nigar Yaqublu idarə edib və qəza onun təqsiri üzündən baş verib.