İlham Əliyev təklənir

Hakimiyyətin ən yüksək eşelonunda artıq psixoloji cəhətdən Əliyevlərlə vidalaşıldığı açıq görünür

Ramiz Mehdiyev bir gündə iki ciddi açıqlama verib. Birində Ziyalılar Forumunu, digərində isə Rusiyada yeni yaranan diaspor təşkilatını – Milyarderlər Ittifaqını hədəfə alıb.
Onun çağırıldığı akademik titulunun ritorikasına uyğun olmayan, eyni zamanda, isterik təsir bağışlayan çıxışı, həm də özündən əvvəl bu mövzuda açıqlama vermiş hakimiyyət mənsublarını təkzib etdi. Yaranan mənzərə ciddi bir çaşqınlığın nəticəsi idi. Biz bu çaşqınlığı haradan duyur və necə şərh edirik?

Əli Həsənov yalan danışırmış…

Məsələ burasındadır ki, Rusiyada tanınmış azərbaycanlı varlılar təşkilat yaradanda Azərbaycan hakimiyyətinin ən çox danışan sözçüsü Əli Həsənov dedi ki, belə bir təşkilatın yaranacağından xəbərimiz yoxdur. Üstəlik, onu da vurğuladı ki, gözləyək görək nə deyəcəklər, nə istəyəcəklər, sonra münasibətimizi bildirəcəyik.
Ramiz Mehdiyev isə deyir ki, bu təşkilatı quran əsas adamlardan birilə mövzunu uzun müddət müzakirə edib və ona izah edib ki, bu, zərərli tendensiyadır.
Ikinci çaşqınlıq məqamı odur ki, Ilham Əliyevin rəhbərliyində administrasiya vaxtilə Heydər Əliyevin önəm verdiyi fiqurlara qarşı aşkar təhqirlərə yol verir. Məsələn, “Oskar” mükafatı alan kinorejissor Rüstəm Ibrahimbəyovu ziyalı hesab eləmir. Amma Heydər Əliyevin Ibrahimbəyov haqqında dedikləri mediada dəfələrlə təkrar edilib.
Bizim məqsədimiz Heydər Əliyevin daha yaxşı yanaşdığını çatdırmaq deyil. Əlbəttə, o da özünə müxalif olan xeyli dəyərli ziyalıya ən xoşagəlməz rəftarları rəva bilib. Əsas məqam odur ki, Ilham Əliyev öz kürsü maraqları naminə atasının, “ümummilli lider” kimi təqdim etdikləri şəxsin dilindən səslənən fikirlərin əksini deməyi özünə rəva bilir. Bu isə ciddi bir sarsıntının olduğunu ortaya qoyur.
Ramiz Mehdiyev, öz kitablarında yazdığı (yazdırdığı) şəxsiyyət amili tezisini demək olar ki, praktiki   zərurətlərdən darmadağın etdi. Heydər Əliyevin qovduğu adamlara vəzifə verildi. Onun önəm verdiyi insanlara divan tutuldu. Bu, rejimin daxilən çürüməsinin açıq göstəricisidir.

Bu yalanlara nə ehtiyac var?

Uzun illərdir, hakimiyyət bu və ya başqa kanallarla, təsir dairəsində olan media ilə, xüsusi xidmət orqanları şəbəkələrilə cəmiyyətdə belə bir fikir yaratmışdı ki, guya, sərvətlərinin bol olması onların əbədiliyinin qarantıdır. Amma günün birində oxşar problemlərlə yaşayan diktatura rejimlərində insanlar üsyan etdilər və Əliyevdən on dəfə varlı olan Mübarək, Əliyevdən 100 dəfə qəddar olan Qəzzafi, Əliyevdən on dəfə hiyləgər olan Ben Əli devrildi, Əliyevə bənzədilən Bəşər Əsəd isə bu boyda Yer kürəsində canını qoyacaq yer tapmır. Bu isə təbii ki, ciddi maliyyə imkanları olan iş və sənət adamlarını düşündürür. Onlar niyə Əliyevlərin dəstəkçisi olmalıdırlar? Bəlkə ölkədə demokratiya var? Bəlkə iqtisadi azadlıq, yaxud yaradıcılıq azadlığı var? Bu sualların heç biri müsbət cavab almır. Üstəlik, bu şəxsiyyətlər Azərbaycanda yaşayıb varlanmaq imkanında da deyillər, bu ölkə başdan-ayağa Əliyevlərin inhisarındadır. Elə isə hansı zərurət var ki, onlar bu devrilməkdə olan diktaturanın yanında olsunlar? Əlbəttə ki, heç bir zərurət yoxdur. Ona görə də bu cür tanınmış və imkanlı, eyni zamanda, dünyanın çarxının necə döndüyündən xəbəri olan insanlar artıq görürlər ki, Əliyevlərin dövranı dönüb.
Hakimiyyət isə ətrafında baş verənləri hələ də tam dərk edə bilmədiyi üçün aldığı yaranın istiliyində ən müxtəlif çaşqın bəyanatlar verməkdə davam edir. Görünür ki, Ramiz Mehdiyevin uzun fasilədən sonra üzə çıxarılmasını hakimiyyət əks hücum kimi planlayıb, amma bu, ən adi müdafiə belə olmadan, “avtoqola” çevrildi. Əliyevlərlə artıq hakimiyyətin ən yüksək eşelonunda psixoloji cəhətdən vidalaşıldığı açıq görünür…

Seymur Həzi