Hökumət qəzeti Qərbi asıb-kəsdi

Adı maliyyə qalmaqalında hallanan deputat Avropanı qərəzli olmaqda ittiham etdi

Iqtidara yaxın KIV-də hakimiyyət təmsilçilərinin Avropa və Qərb təşkilatlarına qarşı çıxışları geniş vüsət alıb. Beynəlxalq qurumların haqlı iradlarından nəticə çıxarmaq əvəzinə YAP təmsilçiləri onlara qarşı hücuma keçməyə üstünlük verir. “Azərbaycan” qəzetinin dünənki sayında adı maliyyə qalmaqalında hallanan YAP-çı deputat Rəfail Cəbrayılov “Demokratiyanın ”astar üzü”, yaxud Qərb demokratiyası” adlı məqaləsində Avropanın müəyyən dairələrinin “demokratiya çətiri” altında öz geosiyasi maraqlarını gizlətməyə çalışdıqlarını iddia edib.
Onun fikrincə, “demokratiya çətiri” altında hələ də özünün imperialist siyasətini yürüdən, geosiyasi və iqtisadi maraqları ətrafında reveranslar edən bəzi aparıcı dövlətlərin, eləcə də müəyyən təşkilatların “ikili standartları” nəinki demokratik ideallara kölgə salır, hətta beynəlxalq hüququ iflic duruma gətirir.
Deputatın sözlərinə görə, regionda müstəqil siyasət yürüdən, geosiyasi təzyiqləri inamla dəf edən respublikamıza təzyiq “rıçaqlarını” itirmələri ilə qətiyyən barışa bilməyən müəyyən əcnəbi qurum və təşkilatlar “demokratiya bayrağı” altında ənənəvi spekulyasiyalarından əl çəkmək istəmirlər.  “”Amnesty International”, “Fredoom House”, “Article-19″, ”Human Rights Watch”, “Norveç Insan Haqları Evi” kimi təşkilatların hesabatlarında Azərbaycanla bağlı ifrat qərəzin yer alması, kiçik nöqsanların həddən artıq şişirdilməsi ölkə ictimaiyyəti üçün müəyyən mənada adiləşmişdir”.
YAP-çı deputat Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi “Insan hüquqları, demokratiya və hüququn aliliyinin pozulmasına dair” qətnaməsindən də narazılığını gizlətmir. “Sənəddə Azərbaycanda guya ”söz və mətbuat, sərbəst toplaşmaq azadlıqlarının həyata keçirilməsi ilə bağlı problemlərin mövcudluğu” vurğulanmışdır”.
Belə qərarların qəbul edilməsini ədalətsizlik adlandıran deputatın iddiasına görə, “Avropada spesifik bir ”Qərb demokratiyası” və yaxud Qərbin mənafelərinə xidmət edən  “ünvanlı demokratiya” mövcuddur”. R.Cəbrayılov hesab edir ki, Avropa Parlamentinin qəbul etdiyi bu qərəzli qətnamə Azərbaycanda demokratik dəyərlərin inkişafına qısqanc münasibətin ifadəsi kimi dəyərləndirilməlidir. “”Demokratiya bayrağı”nı Azərbaycana qarşı təzyiq, habelə öz enerji və iqtisadi maraqlarını təmin etmək üçün təsir vasitəsi kimi istifadə etmək heç bir nəticə verməyəcək”.
Deputatın sözlərinə görə, “Avropa Parlamentinin ”Insan hüquqları, demokratiya və hüququn aliliyinin pozulmasına dair” qətnaməsi təşkilatın uzun illər ərzində Azərbaycanla qurduğu qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin mahiyyətinə ziddir”.
Deputat hesab edir ki, Avropa Parlamenti kimi mötəbər bir qurumun “Amnesty International”, “Human Rights Watch” kimi ifrat qərəzli və nihilist qurumların yalan dolu məlumatlarına istinadla, müvafiq araşdırma aparılmadan qəbul etdiyi qətnamənin müəyyən geosiyasi maraqlardan irəli gəldiyi aşkar görünür.
Deputat Avropa Ittifaqı ölkələrində aksiyaların dağıdılmasını bu ölkələrdə insan hüquqlarının kobud şəkildə pozulduğuna daha bir nümunə olduğunu deyir. O hətta Ilham Əliyevin YAP-ın 20 illiyindən bu barədə çıxışını da xatırladır.

Fizzə