Illərdir bizə ölkədə heç bir dəyişiklik olmamasını sabitlik kimi sırıyırlar. Durğunluğu sabitlik kimi qələmə verirlər. Hamı oturduğu posta yapışıb qalıb və hələ bir də bunu “sabitlik” adlandırırlar.
Təsəvvür edin, evinizdə soyuducu köhnəlib və düz-əməlli işləmir. Televizorunuz ömrünü başa vurub və yalnız təpəsinə vurduqda ekranda kölgələrin süründüyünü görürsünüz. Bir sözlə, evinizdə çox şey artıq nimdaşdır, işə yaramır, siz isə onu dəyişmirsiniz, çünki evin sabitliyi pozular. Belə bir şey mümkündürmü?
Əminəm ki, əksəriyyətiniz “yox” cavabı verəcəksiniz. Qolunuzda nasaz saat, cibinizdə xarab telefonu heç biriniz bircə gün də gəzdirməzsiniz.
Dərhal yeniləyərsiniz, dəyişərsiniz. Sabitliyiniz-zad da pozulmaz. Əksinə, işinizə yarayar.
Amma 19 ildir bu ölkədə bizə deyirlər ki, bu xarab, köhnə, nimdaş hakimiyyətə dözək, birtəhər ömrümüzü yola verək, əks halda, sabitlik pozula bilər. Dəyişikliyi, yeniləşməni sabitliyin düşməni kimi qələmə verirlər. Özü də olmayan sabitliyin. Jurnalistin ağzından atıldığı, generalın günün-günorta çağı güllələndiyi, yazıçının yeddi yerindən bıçaqlandığı, universitetin gülləbaran edildiyi, Hacı Məmmədovun illərcə əlini-qolunu sallayıb at oynatdığı bir ölkədə artıq hansı sabitlikdən danışmaq olar, özünüz qərar verin.
Bəli, heç birimiz evimizdə, əyin-başımızda nimdaş, köhnə, nasaz bir şey istəmirik, imkan olduqca, fürsət düşdükcə, ilk olaraq onları yeniləyirik, rahatlayırıq, dinclik tapırıq, amma orta çağ zehniyyətinin, feodalizm təfəkkürünün daşıyıcısı olan, çağın çox gerisində qalmış, heç bir işə yaramayan rejimi yeniləmək, dəyişmək lazım gələndə tərəddüdlər başlayır: birdən sabitlik əldən getsə… Birdən gələnlər bunlardan da acgöz, bunlardan da qansız olsa…
Dəyişiklikdən heç kim itirməz – nə fərdlər, nə xalqlar. Düzdür, bizdə adamlar dünən “ağ” dediyinə bu gün “qara” deyir, dünən “tayfa-klan” deyib baltaladığı sistemə bu gün nökərçilik etməkdə pis heç bir şey görmür və bunu “yalnız ölülər fikrini dəyişmir” deyərək yaxşılığa doğru addım kimi yozmağa çalışır, amma gəlin, biz malı mala qatmayaq. Dönüklük ayrı, dəyişiklik ayrı. Hər bir dəyişiklik ümumi ictimai maraqlara xidmət etməlidir, etmirsə, bunun adı artıq dəyişiklik yox, dönüklükdür, çünki məhz dönüklüyün arxasında merkantil maraqlar dayanır.
Bəli, dəyişimdən, yeniləşmədən toplumlar heç vaxt heç nə itirmir, əksinə qazanır. Bax ona görə də hətta ən yüksək rifah səviyyəsi olan ölkələrdə belə, insanlar birdən “bunlar gedər, yerinə gələnlər bizi acından öldürər” qorxusu ilə bir adamın ətəyindən illərlə yapışıb durmurlar, sahib olduqları gerçək sabitliyi, əmin-amanlığı itirmək əndişəsilə eyni adama on illərcə hakimiyyət şansı tanımırlar, onları zamanı gəlincə yeniləyirlər. Biz – hətta suyun da çox qalsa, iyləndiyini çoxdan anlamış və bunu atalar sözünə çevirmiş azərbaycanlılar isə hakimiyyət dəyişikliyini az qala fəlakət, dünyanın sonu kimi qəbul edirik.
Çünki sistem gecə-gündüz bizə bunu təlqin edir. Gecə-gündüz bizim şüurlarımıza yeridir ki, nəfəs alıb-veririksə, buna görə də bu iyrənc sistemə borcluyuq, o olmasa, çoxdan məmləkətin altı üstünə çevrilmişdi.
Sistem toplumu dəyişimə, yeniləşməyə nifrət ruhunda kökləyir, onda hər şeyin tərpənməz, toxunulmaz olduğu qənaətini möhkəmləndirir.
Və biz beləcə itirə-itirə gedirik: bu günümüzü, gələcəyimizi, gələcəyə olan ümidlərimizi.
Özümüzlə, övladlarımızla bağlı ən gözəl arzularımızı dəfn etməli oluruq.
Aqibətimizlə barışır, “belə gəlib, belə də gedəcək” düşüncəsinə təslim oluruq.
Tutaq ki, belə gəlib, amma niyə imkan veririk ki, belə də getsin? Belə gəldiyinin suçlusu biz deyilik bəlkə, amma belə getsə, nə vaxtsa bunun haqq-hesabı, məsuliyyəti bizdən soruşulacaq axı. Gələcək nəsillərin əli bizim yaxamızda olacaq axı.
Bəs çıxış yolu? O da məlumdur: Dəyişiklikyə nifrət etməmək. Dəyişikliyə inanmaq. Dəyişiklik uğrunda səfərbər olmaq.

Bizi məhv edən nifrət
•
•