Xalq Əliyevə layiqdir – amma Intiqam Əliyevə

Azərbaycanın dəyərli insanlarından biri Intiqam Əliyevin 50 yaşı oldu. Intiqam bəyin varlığı xalqımız haqqında bədgüman olanlara, onun potensialına şühə ilə yanaşanlara yaxşı cavabdır. Bu cür ləyaqətli, yüksək əxlaqi keyfiyyətləri olan adamları yetişdirən, yetişdirə bilən bir toplum heç vaxt indiki çirkin bir sistemə layiq ola bilməz.
Ümumiyyətlə, guya bu xalqın irticaya layiq olması barədə danışanlar hər nə qədər büruzə verməməyə çalışsalar da, altşüurlarında, qəlblərinin dərinliklərində rejimə təslim olmuş, onun iradəsi ilə barışmış insanlardır, öz köləliklərini də məhz bu axmaq tezisin arxasında gizlədirlər. Kimsə xalqın irticaya layiq olduğunu deyirsə, eyni məntiqlə biz 20 faiz işğala da layiqikmi? Axı biz onun ikisinə qarşı da müqavimət göstərmişik, qurbanlar vermişik. Bunu necə dəyərləndirməmək, qiymətləndirməmək olar?
Intiqam Əliyev kimi insanlar isə Azərbaycanın gələcəyi ilə bağlı ümid verirlər. Onlar ölkədə azadlıqların təntənəsi, hüquqi-demokratik dövlətə qovuşmağımızın mümkünsüz olmadığına dərin inam yaradırlar. Onlar sübut edirlər ki, vəziyyət ağır olsa da əsla ümidsiz deyil: hələ ki, toplumun müqavimət ruhu yaşayır. Etiraz gücü qalır. Onlar tunelin sonundakı işıqlardır və o işıqlar bir gün daha gur yanacaq, Azərbaycanın üzərinə çökən qaranlığın bağrını yaracaqlar, məmləkəti aydınladacaqlar.
Intiqam bəy hüquqşünasdır və Azərbaycan kimi ölkədə bu peşə ilə məşğul olmaq çox çətindir. Hüququn çeynəndiyi, urvatdan salındığı, hörmətsiz edildiyi bir vaxtda hüquqşünas olmağın məsuliyyəti də qat-qat artıqdır. Bu gün Azəraycanda hüquq anlayışına az-çox sayğı qalıbsa, bu, heç şühəsiz, Intiqam Əliyev kimi çox nadir insnların sayəsindədir.
Intiqam Əliyev yalnız hüquqçu da deyil. Ölkənin çox çətin vaxtlarında ictimai vəzifələrə üstlənmiş, Azərbaycanda ictimai əxlaqın, ləyaqətin ayaqda qalması üçün şəxsi nümunə yaradan qiymətli adamlardan biridir. Bizim yaptokratiya ilə müqayisədə gücümüz də bundadır, üstünlüyümüz də bundadır: onların dəyər anlayışı puldur, mal-mülkdür, hakimiyyət ehtirasıdır. Biz isə, bilə-bilə ki, qarşı tərəfə stavka etməklə, ən adi həqiqətlərə göz yummaqla, qaralamaqla, ləkələməklə, yalana, talana ləbbeyk deməklə necə gözqamaşdırıcı həyata, hansı lüks imkanlar, hansı dəbdəbəyə, komforta nail ola bilərlər, yenə də bəşəri, çağdaş dəyərlərin izi ilə yürüməyi üstün tutan insanlara sahibik. Bilə-bilə ki, bu dəyərlərin arxasınc getməyin bədəli nə qədər ağırdır, məşəqqətlidir, amma yenə də yürüməkdə davam edən insanlara sahibik. Bax, budur bizim gücümüz, üstünlüyümüz. Bizim mənəvi qələbəmiz budur.
Hansı yaptokrat bu qədər ağır şərtlər altında öz doğruları uğrunda savaşmağa davam edərdi? Bədəli həbs, sürgün, qətl, təhdid, işsizlik, döyülmək, söyülmək olan bir mübarizəni sürdürərdi? Bunların bir az dara düşən kimi, öz “dahi rəhbərləri”ni belə, necə ayağa verdiklərini, ona “cinayətkarı açıb buraxdıran” dediklərini görməmişikmi bəyəm?
Biz isə heç bir zülmə, zillətə baxmayaraq dirəşən, döyüşən insanlara sahibik, zülm, zillət altında öz dəyərlərinə daha çox bağlanan insanlara sahibik. Ona görə də uğur əvvəl-axır bizimdir. Intiqam Əliyev kimi adamlar o uğurun müjdəsini verirlər bizə.
Mən hörmətli bəyin 50 yaşını səmimi-qəlbdən qutlarkən həm də təşəkkürlərimizi çatdırmaq istəyirəm ona. Gələcək nəsillər həmişə sizə, sizin kimi insanlara minnətdar olacaqlar, Intiqam bəy! Minnətdar olacaqlar ki, istibdad qarşısında bir millətin şərəfini qoruyanlardan olmusunuz.
Bir təbrik də Taleh bəyə
Bu gün Əliyevlərin girovluğunda olan hüquq müdafiəçisi Taleh Xasməmmədovun da ad günüdür; o, rejimin mafiya töküntülərini ifşa etməyə çalışdığı üçün həbs edilib.
“Qurdlar Vadisi” adlı cinayətkar dəstənin izinə düşən Taleh bəyin şərlənməsində təəccüblü heç nə yoxdur, Azərbaycanda cinayətkarlıq idarəetmə norması olduğundan onunla mübarizə özü cinyət sayılır. Xasməmmədov da hüquq müdafiəçisi olmaq yerinə hüquqsuzluğu müdafiə etsəydi, indi qarşısında necə gözəl imkanlar açılmışdı, kim bilir.
Amma o da həqiqət yolunu tutdu və bunun cəzasını çəkir. Müarək cəzadır bu. Həm cəzan, həm ad günün mübarək, Taleh bəy!