Prokurorlara məxfi məktub

Onlardan rəsmi və hökumətyönlü qəzetlərə abunə yazılmaq tələb edilir

Prokurorlar məcburi şəkildə rəsmi və hökumətyönlü qəzetlərə abunə edilir. Bu barədə “Azadlıq”a adının çəkilməsini istəməyən prokurorluq əməkdaşı məlumat verib. Onun sözlərinə görə, bu günlərdə baş prokurorun müavini Namiq Əsgərovun imzası ilə bütün prokurorlara məktub göndərilib. Həmin məktubda 10-dan yuxarı rəsmi və hökumətyönlü qəzetin adı qeyd edilərək prokurorlardan və onların tabeliyində olan işçilərdən bu mətbuat orqanlarına abunə yazılması tələb olunur.
Məktubda abunə prosesin yalnız bir mətbuat yayımı firması ilə həyata keçirilməsinin vacibliyi də qeyd olunur. Həmin mətbuat yayımının adı bizə bəllidir, lakin müəyyən səbəblərdən yazmırıq.
Bu fakt göstərir ki, rəsmi və hökumətyönlü qəzetlər cəmiyyət tərəfindən ciddi qəbul edilmir. Bu qəzetləri oxuyan olmadığına görə, çıxış yolu kimi büdcə təşkitlatlarında çalışanlar onlara məcburi şəkildə abunə yazdırılır.