“Azərbaycan saatı” televiziya proqramı yayına başladığı müddətdən bəri yüzminlərlə insanın informasiya ehtiyacını ödəməyi bacarır. Ölkənin hər tərəfində bu proqramın yayımı maraqla izlənir. Bu günlərdə isə proqramın müəllifləri layihəni daha da genişləndirmək fikrindədirlər.
Artıq məlumat yayılıb ki, “Azərbaycan saatı”nın onlayn radio formatında da verilişləri efirdə olacaq. 3 gündür radionun test yayımları davam edir. Yayımlar Bakı vaxtı ilə saat 20-dən başlanır. Yayımları “azerbaycansaati.com” saytına daxil olmaqla dinləmək mümkündür.
“Azərbaycan saatı” layihəsinin müəllifi Qənimət Zahidin bildirdiyinə görə, bəzi texniki məsələlər yoluna qoyduqdan sonra radio gündə ən azı 8 saat yayımla efirdə olacaq. Hələliksə, test yayımları gündə 2 saata qədər davam edir.
Qənimət Zahid onu da bildirib ki, dünyanın her yerində yaşayan azərbaycanlılar üçün nəzərdə tutan bu analitik- informasiya layihəsi ilə əməkdaşlıq etmək üçün peşəkar və həvəskər jurnalistlər dəvət edilir. Əməkdaşlıq etmək istəyən hər kəs öz layihəsini təqdim edə bilər.
İnformasiya şöbəsi