Mehdiyev Ziyalılar Forumunu aşağıladı

«37-də də xeyli insana «keçmişi qaranlıqdır» damğası vururdular»

“Bəyanatlar yayan Ziyalılar Forumunun üzvləri Azərbaycandakı ziyalıları təmsil etmir, sadəcə 10-15 nəfər yığışıb belə bir təşkilat yaradıblar”. “Trend”in məlumatına görə, bunu jurnalistlərə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Ziyalılar Forumunun yaydığı son bəyanata münasibət bildirərkən deyib:
“Təşkilatçıların keçmişini, bu gününü təhlil etsəniz, görəcəksiniz ki, həmin bu təşkilatın üzvlərinin məqsədləri nədən ibarətdir – kimsə deputat seçilməyib, kiminsə biznesi baş tutmayıb, kiminsə başqa marağı olub və təmin edə bilməyib, kimsə işdən qovulub. Bax, bu tipli insanlar orada yığışırlar və deyə bilərəm ki, əylənirlər. Azərbaycanın gələcəyi üçün bu Forumun heç bir xeyri yoxdur”.
PA rəhbəri qeyd edib ki, Azərbaycanda ziyalıların sayı 100 minlərlədir və bu 10-15 nəfər həmin ziyalıların maraqlarını heç də təmin edə bilməz: “Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin Azərbaycanın gələcəyi ilə bağlı çox geniş planları var. ”Azərbaycan-2020: Gələcəyə baxış” konsepsiyası bu ilin sonuna qədər artıq hazırlanıb başa çatacaq, müzakirəyə çıxarılacaq və imzalanması üçün prezidentə təqdim olunacaq. 2020-ci ildə Azərbaycan regionda və dünyada tanınan çox möhtəşəm bir dövlət olacaq”.

Ziyalılar Forumunun üzvü, tanınmış yazar Əkrəm Əylisli deyir ki, hər bir təşkilata şəxsi təmənnası olan insanlar yığışa bilər. Ziyalılar Forumunda da belə insanların olması istisna deyil. Amma Forumu təsis edən 6 nəfərə gəlincə, Ə.Əylisli onların təmənnasız olmasına təminat verdiyini deyir: “Məsələn, Rüstəm Ibrahimbəyov. Onun keçmişində nə olub? Bu adam tanınmış dramaturq, yazıçıdır. 2000-ci illərin sonlarında ona qarşı parlamentdə hücumlar başladı. Rüstəm Ibrahimbəyovun hakimiyyətdən incikliyi olmamışdı. Haradasa müsahibə ilə çıxış etmişdi. Sonra da bir qrup adam o müsahibəyə qarşı çıxdılar. Faktsız-filansız Ibrahimbəyovun əleyhinə danışdılar. Dediyim odur ki, onun hər hansı təmənnası ola bilməzdi. Və ya Rafiq Əliyev. Onu haqsız olaraq institutdan – kafedra müdirliyindən uzaqlaşdırdılar. Rafiq Əliyevin nə hakimiyyətdən hansısa umacağı var idi, nə də keçmişində hər hansı ləkə. Yaxud Cəmil Həsənli parlamentdə olanda da, olmayanda da həmişə öz fikirlərini açıq-aşkar deyib. Demokratik mətbuatı müdafiə edib, haqsızlıqlara qarşı çıxıb və s. Yəni o, sözünü indi yox, o vaxtdan deyir. Ramiz Rövşən də əvvəldən necə olubsa indi də elədir. Təmənnasız adamdır. Sadəcə Forumda təmsil olunur və mövqeyini bildirir. Eldar Namazova gəldikdə, kim deyə bilər ki, onun hər hansı şəxsi təmənnası var? O ki qaldı mənə,  təmənnam olsaydı, seçkiyə getməkdən könüllü şəkildə imtina etməzdim ki. Mən bu 6 nəfərə təminat verirəm. Yerdə qalan adamları iddiaları və məqsədləri haqda dəqiq bir söz deyə bilmərəm”.
Ə.Əylisli sözlərinə görə, PA rəsmisi Forum üzvlərinin keçmişinə işarə vurmaqla ötən əsrin 30-cu illərin ab-havasında olduğunu göstərib: “30-cu illərin ikinci yarısında mətbuatda ən çox ”keçmişi qaranlıqdır”, “keçmişi dumanlıdır” ifadələri idi. 37-ci ildə də xeyli insana bu damğanı vururdular. Məsələn, biri gedib xaricdə təhsil alırdısa,  deyirdilər ki, keçmişi qaranlıqdır”.