Britaniya və Fransa İsraildən səfirini geri çağırdı

Britaniya və Fransa İsrailin Qərb Sahili və Şərqi Qüds ərazisində 3000 evin tikilməsinə dair qərarından sonra bu ölkənin səfirlərini çağıraraq etiraz notası təqdim edib. BBC-nin məlumatına görə, Britaniya deyib ki, bu addım İsrailin fələstinlilərlə sülhə nail olmağa dair götürdüyü öhdəliyə şübhə salacaq. Britaniya Xarici İşlər Nazirliyi bəyanatında İsraili bu qərara yenidən baxmağa çağırdığını deyib və evlər tikilərsə, “ciddi reaksiya” verəcəyilə hədələyib.

“Amerikanın səsi” isə xəbər verir ki, Britaniya və Fransa İsrailin Qüdsün şərqindəki mübahisəli ərazilər barədəki qərarına etiraz olaraq İsraildəki səfirlərini geri çağırıb.

Qərb Sahili və Şərqi Qüdsün işğalından sonra salınmış 100-dən artıq məhəllədə 500 mindən artıq yəhudi məskən salıb. Məskunlaşmalar beynəlxalq qanunlarla qeyri-leqal hesab olunsa da, İsrail bunun doğru olmadığını düşünür.

Ötən həftə BMT-də Fələstinin statusu qaldırılıb və o, qeyri-üzv müşahidəçi dövlət kimi tanınıb.

BMT Fələstinin statusunu qaldırdıqdan bir gün sonra İsrail əlavə 3000 evin tikilməsinə sərəncam verib. BMT xəbərdarlıq edib ki, evlər sülh ümidlərinə “öldürücü zərbə” vura bilər.

Rusiya və Almaniya da İsrailin yəhudiləri məskunlaşdırma planlarına qarşı çıxıb.