Spiker və xanımının adı hallandırılan mülk qalmaqalının təfərrüatları
Milli Məclisin spikeri Oqtay Əsədov və xanımı Zemfira Əsədovanın adının mülk qalmaqalında hallandığı barədə məlumat vermişdik. Oxucularımıza vəd etmişdik ki, bu qalmaqalla bağlı bəzi dəqiqləşdirmələrimiz başa çatdıqdan sonra təfərrüatları dərc edəcəyik. Vədimizə əməl edərək Əsədovlar ailəsinin adının hallandığı mülk qalmaqalının bəzi detallarını oxucuların diqqətinə çatdırırıq.
Mülk qalmaqalı Əsədovlar ailəsilə kürəkənləri Kamran Balayev arasında baş verib və hazırda bununla bağlı iki iş Səbayel Rayon Məhkəməsindədir. Kamran Balayevlə xanımı boşanma mərhələsindədir. Bu işə Bakı Apelyasiya Məhkəməsində baxılır. Oqtay Əsədovun kürəkəni sıravi şəxs deyil. Hüquq elmləri üzrə fəlsəfə doktoru olan Kamran Balayev Ədliyyə Akademiyasının prorektoru və rektor əvəzidir. Məlumat üçün deyək ki, Ədliyyə Akademiyası ədliyyə və prokurorluq orqanları, vəkillik fəaliyyəti üçün ixtisaslı kadrlar hazırlayır. Bundan başqa Akademiya ali hüquq təhsili olmayan ədliyyə işçilərinin hüquqi hazırlığını təmin edir və ədliyyə və prokurorluq orqanlarının, vəkilliyin inkişafı naminə konseptual problemlərin tədqiq edilməsilə məşğul olur.
Kamran Balayev həmçinin bir müddət əvvəl Ingiltərədə vəkillik fəaliyyəti ilə məşğul olub. Kamran Balayevin 2010-cu ildə Oqtay Əsədovun Seçki Qərargahına rəhbərlik etdiyi də bildirilir.
Onun ailəsində yaranmış problemin kökü bizə bəlli deyil. Lakin fakt odur ki, Kamran Balayev xanımından ayrılır. Əsədovlar ailəsi isə birgə nigah zamanı alınan əmlaka iddia edir. Eyni zamanda Kamran Balayevə övladları ilə görüşməyə imkan verilmir. Əsədovlar ailəsi tərəfindən ciddi təzyiqlərə məruz qalan Kamran Balayevin Ingiltərəyə qaçdığı da gələn xəbərlər sırasındadır. Həmçinin məlumatlara görə, Kamran Balayev ona övladları ilə görüşə icazə verilməyəcəyi təqdirdə Əsədovlar ailəsi barədə ilginc faktlar açıqlamaq niyyətindədir.
Bu məlumatlarla bağlı Oqtay Əsədovun mövqeyini öyrənmək mümkün olmasa da, Kamran Balayevin vəkili Adəm Məmmədovla danışa bildik. O, məlumatları təsdiqləsə də, təfərrüatlar barədə danışmaq istəmədi.
Azad