“Azərbaycan və İsrail arasında ticarət əlaqələri Tehran üçün ciddi narahatlığa əsas yaratmaqda davam edir.”
Bu barədə Jerusalem Post qəzetinin müxbiri Joanna Paraszczuk “İsrail (Azərbaycana) yaxınlaşarkən İran da Azərbaycanı dilə tutur” adlı məqalədə yazıb.
Müxbirə görə, hər iki ölkə İranı və siyasi İslamın yayılmasını təhlükəsizliyə təhdid kimi görür və beləliklə onların “dünya görüşü eynidir”.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst həmçinin deyib ki, Azərbaycan və İran arasında əlaqələr “yaxşı və genişdir” və “ümumi maraqlar əsasında qurulub”, – Paraszczuk qeyd edir.
Son həftələr ərzində İranın Qarabağ münaqişəsinin həllini tapmaq üçün vasitəçi olmaq təklifi və digər hərəkətlərinə baxmayaraq ölkələr arasında “siyasi, dini və mədəni əlaqələr gərgin olaraq qalır”.
İranın narahatlıqları
Azərbaycanın hər iki ölkə ilə əlaqələrini aydınlaşdırmaq üçün məqalədə həmçinin WikiLeaks və Eurovision kimi faktorlar qeyd olunur.
Tehran Azərbaycanın Eurovision mahnı müsabiqəsinə ev sahibliyi etməsindən narazı idi, prezident İlham Əliyev isə 2009-cu ildə İsraillə əlaqələrini “aysberq kimidir, onda-doqquzu səthin altındadır” kimi izah etmişdi və bu barədə ABŞ diplomatlarının sızdırılmış teleqramlarından birində yazılmışdı.
Azərbaycan İsrailin istifadə etdiyi neftin altıda bir hissəsini təchiz etdiyinə görə “şübhəsizdir ki, Azərbaycan İsrailin ən yaxın ticarət ortağıdır”, müxbir yazır və işarə edir ki, İran bununla rəqabət etmək istəyir.
“İranın (Azərbaycanla) ortaq ticarət palatası qurmaq haqqında son təklifinin İsrailin oxşar planları haqqında açıqlamasından bir neçə həftə sonra gəlməsi təsadüf deyil”, Joanna Paraszczuk yazır.
Məqalədə İranın digər “narahatlıqları” da qeyd edilir. Müəllifə əsasən İran Bakının Yerusəlimə Tehrandan “daha yaxın” olduğundan və İsraillə Azərbaycan arasındakı hərbi əməkdaşlığın artması barədə məlumatlardan narahatdır və “ixtilafları İsrail və ABŞ-nin üstünə yıxır”.


