Hikmət Hacızadə: «Iki dövlət arasında münasibətlər gərgin olaraq qalır və bir telefon danışığı heç nəyi dəyişə bilməz»
Rusiya prezidenti Vladimir Putin noyabrın 29-da Azərbaycanın dövlət başçısı Ilham Əliyevə zəng vurub. Kremlin mətbuat mərkəzi qısa açıqlamasında qeyd edib ki, tərəflər dövlətlərarası münasibətləri müzakirə ediblər.
Vladimir Putinin ikinci dəfə prezident seçilməsindən sonra Azərbaycanın dövlət başçısına ilk zəngi maraq doğurmaya bilməz. Belə ki, son zamalar Rusiya ilə Azərbaycan arasında münasibətlərin gərgin olması açıq şəkildə görünür.
Azərbaycan iqtidarı bir zamanlar üstüörtülü şəkildə Rusiyaya mesajlar ünvanlayırdısa, artıq Kreml ilə danışıq tonunda konkret adlar belə çəkilir. Rusiya “milyarderlər ittifaqı”nın yaradılmasında, “Sadval”ın fəaliyyətinin bərpa edilməsində ittiham olunur.
Bundan başqa, Rusiya ilə Azərbaycan arasında həllini tapmayan çoxlu sual və problemlər var. Amma bütün bunlarla yanaşı aradakı gərginliyi “WikiLeaks”in yaydığı məlumatlarla əlaqələndirənlər də var. Belə ki, “WikiLeaks”ə görə, Medvedev Rusiyanın prezidenti olarkən Ilham Əliyev Putinlə prezident haqqında “iki qoçun başı bir qazanda qaynamaz” məsələni işlədib.
Məhz bu proseslərdən sonra Putin MDB-nin son sammitində I.Əliyevlə görüşməyib. Ümumiyyətlə, 3-cü dəfə dövlət başçısı olandan sonra Putin Medvedevin Azərbaycanla Ermənistan prezidentlərini tez-tez görüşdürmək siyasətindən də imtina edib. Bütün bunların fonunda dövlət başçıları arasındakı telefon danışığı maraq doğurmaya bilməz.
Politoloq Hikmət Hacızadə hesab edir ki, telefon danışığında son zamanlar tərəflər arasındakı münasibətlərin durumu müzakirə edilə bilərdi. Baş verən hadisəni diplomatik addım sayan H.Hacızadənin fikrincə, tərəflərin mövqelərini aydınlaşdırmasına ehtiyac duyulur: “Rusiya Azərbaycana qarşı son aqressiyalarını konkret şəkildə izah etməlidir. Açıqlanmalıdır ki, Azərbaycan sərhədlərində yığılan və hər ötən gün sayı artırılan rus qoşunlarına hansı tapşırıq verilib. Rusiyanın bu addımı atmaqda məqsədi nədir? Bəlkə də bu, telefon danışığında müzakirə olunub. Amma Azərbaycanın bu məsələni Rusiyadan sərt formada soruşa biləcəyinə inanmıram. Iki dövlət arasında münasibətlər gərgin olaraq qalır və bir telefon danışığı heç nəyi dəyişə bilməz”.
Xəyal